“Şərəfim var” fraksiyasının rəhbəri Ayk Mamicanyan baş nazir Nikol Paşinyanın Ermənistan və Azərbaycanın enerji sistemlərinin mümkün birləşdirilməsiylə bağlı təşəbbüsünü sərt ritorika ilə tənqid edib.
Musavat.com xəbər verir ki, enerji sistemlərinin birləşdirilməsi ideyasını şərh edən müxalif deputat təşəbbüsü təhlükə kimi təqdim edərək, bu prosesi iki ölkənin ordularının birləşdirilməsi ilə müqayisə edib.
O, energetikanın strateji sahə olduğunu vurğulayaraq, vətəndaşların “enerji sisteminin açarını Azərbaycana verməyə” hazır olub-olmadığını sual edib.
“Şəxsən mən buna hazır deyiləm. Dünən parlament zalında bununla razılaşan səslər də eşidilirdi”, – deyə Mamicanyan bildirib.
Erməni revanşist deputat suverenliklə bağlı rəsmi bəyanatları yetərli hesab etmədiyini deyərək, TRIPP layihəsinə də toxunub. Onun iddiasına görə, sənədlərdə layihənin əsas payının ABŞ-yə məxsus olduğu göstərilsə də, real müzakirələr artıq Azərbaycanla aparılır.
Musavat.com






