İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan erkən seçkilərə gedir? – əlavə vaxt udmaq kələyi, yoxsa...

1432 12.06.2023 21:10 Gündəm A A

Fikrət Yusifov: “Paşinyan hakimiyyəti indiki vəziyyətdə seçkilərə getməyəcək”

Azər Badamov: “Ermənistanda növbədənkənar seçkilər baş tutarsa...”

Asif Nərimanlı: “Bu qədər radikal dəyişiklik inandırıcı deyil”

Mənzil-qərargahı ABŞ-da yerləşən “Gallup İnternational Association” şirkəti Ermənistanda növbəti dəfə ictimai rəy sorğusu keçirib. Nəticələr maraqlıdır. Məlum olub ki, respondentlərin 20%-dən də az hissəsi Ermənistanın baş naziri Nikol Paşinyanın fəaliyyətini bəyənir.

Belə ki, rəyi soruşulanların yalnız 18,8%-i Nikol Paşinyanın baş nazir kimi fəaliyyətini bəyənir (5,4% - tamamilə müsbət, 13,4% - kifayət qədər müsbət), 24,2% - kifayət qədər mənfi, 47,1% - tamamilə mənfi qiymət verib 10% qiymət verməkdə çətinlik çəkib.

Bununla yanaşı, vətəndaşların 59,9%-i hazırkı daxili və xarici siyasi təhdidləri nəzərə alaraq ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsinin zəruri olduğunu düşünür: 41%-i birmənalı olaraq zəruri hesab edir, 18,9%-i daha lazımsız, 19,5%-i lazımsız və 8,5% cavab verməkdə çətinlik çəkib.

Telefon sorğusu mayın 27-dən 31-dək Ermənistanda 1100 respondent arasında keçirilib.

Göründüyü kimi, Paşinyanın reytinqi azalmaqla yanaşı, respondentlərin əksəriyyətinin (60%) Ermənistanda növbədənkənar seçkilərin tərəfdarı olduğu üzə çıxıb.  

Xatırladaq ki, qonşu ölkədə sonuncu parlament seçkiləri 2021-ci ilin iyununda – 44 günlük müharibədəki kapitulyasiyadan təxminən 6 ay sonra keçirilib. O da növbədənkənar xarakterli idi və nə qədər qəribə də olsa, Nikol Paşinyanın “Mülki Müdafiə” partiyasının qələbəsi, ardınca isə onun təzədən parlamentdə baş nazir seçilməsi ilə bitdi.

Yəni indiki parlamentin səlahiyyətlərinin bitməsinə hələ 3 il var. Bəs daha bir erkən seçkilər mümkünmü və reallaşarsa, yenə Paşinyanın partiyası qalib gələcək, yoxsa radikal müxalifət? Ümumiyyətlə belə seçkilər Ermənistana nə verəcək? Azərbaycanla sülh danışıqlarına əngəl yarana bilərmi? Yoxsa bununla erməni ordusunun təzədən qurulması və Ermənistanın danışıqlar masası arxasında daha inamlı olması üçün vaxt qazanmağa zəmin hazırlanır?

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov erməni baş nazirin nüfuzunun aşağı düşməsini normal sayır: “Ermənistanda cərəyan edən son hadisələr onu göstərir ki, 44 günlük ikinci Qarabağ savaşından sonra erməni xalqı real olaraq çətin psixoloji durumdadır. Belə bir vəziyyətdə revanşist qüvvələrin yenidən canlanması və hakimiyyətə gəlməyin yollarını aramağa start verməsi təbiidir.

Bakupost.az - Keçmiş nazir MTN-ə "işləyib"? - Fikrət Yusifov  Mahmudovla əlaqəsindən danışdı (YENİLƏNİB)

Bu gün Ermənistanda baş nazir Nikol Paşinyanın reytinqinin aşağı düşməsi, ilk növbədə, onun Azərbaycanın ərazi bütövlüyünü tanımasını istəməyən qüvvələrin əleyhinə olaraq, ərazi bütövlüyümüzü tanıması ilə bağlıdır. Sülh müqaviləsi bağlamaq üçün onun bunu təsdiq etməsi vacib şərt idi. Paşinyan bunu yaxşı anlayır ki, Azərbaycan hökuməti və dünya birliyi bu məsələdə ona başqa seçim qoymayıb. O, başa düşür ki, bu məsələdə qeyri yol Qarabağ torpaqlarımızda yaşayan ermənilərin oranı birdəfəlik tərk etməsi və Ermənistan dövlətinin bir dövlət kimi varlığının ciddi təhlükə altına alınması demək olacaqdır. Bu səbəbdən də bütün gücü ilə erməni toplumunu bu reallıqlara inandırmağa çalışır. Erməni toplumunun aqressiv və barışıq istəməyən xəstə təxəyyülü isə hələlik bu reallıqlarla barışmaq fikrində deyil. Ermənistanda indiki durumda belə bir sorğunun keçirilməsi də məhz həmin separatçı qüvvələrin aktivliyini göstərmək üçündür. Düşünürəm ki, Paşinyan hakimiyyəti indiki vəziyyətdə bu seçkilərə getməyəcək. Biz bütün imkanlarımızı bir araya gətirib, ölkəmiz üçün formalaşmış əlverişli durumdan istifadə edərək, mümkün qədər tez bir zamanda sülh müqaviləsinin bağlanmasına nail olmalıyıq. Bu gün dövlətimizin bu məsələnin tezliklə həlli üçün səyləri ortadadır. İnanıram ki, yaxın aylar içərisində sülh müqaviləsi bağlanacaq və bundan sonra  Ermənistandakı  “kürəyini yerə qoymaq istəməyən” toplumun reallıqla barışmaqdan başqa seçimi qalmayacaqdır. Zəngəzur dəhlizinin açılışı bu gün ağır sosial-iqtisadi durumda olan Ermənistan üçün bir nəfəslik rolunu oynayacaq və bu dəhlizin Ermənistana nə verdiyini bütün erməni toplumu görə biləcək. Ermənilər heç bir halda Ermənistanın yaxasını onu hazırkı vəziyyətə salmış, keçmiş dələduzların -  Sərkisyanların, Köçəryanların əlinə verməyəcəkdir”.

Azər Badamov: Azərbaycanda icra olunan sosial infrastruktur layihələri hər  bir vətəndaşın həyat şəraitini yaxşılaşdırıb

Deputat Azər Badamov da eyni cür düşünür. O hesab edir ki, seçkilər baş tutarsa, bu ancaq Ermənistanı tənəzzülə aparar: “ABŞ-da yerləşən “Gallup İnternational Association” şirkəti Ermənistanda apardığı növbəti ictimai rəy sorğusuna əsasən respondentlərin 20%-baş nazir Nikol Paşinyanı dəstəklədiklərini və 60%-nin isə Ermənistanda növbədənkənar seçkilərin keçirilməsinin tərəfdarı olduğunu bildirib. Əvvəlcə onu qeyd etmək istəyirəm ki, Ermənistanda növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ilə bağlı ehtimal çox aşağıdır. Çünki, Ermənistanda bu gün növbədənkənar seçki atmosferi hiss olunmur.  Hətta növbədənkənar seçkilər keçirilərsə və radikal müxalifət hakimiyyətə qayıdarsa belə Ermənistan-Azərbaycan münasibətlərində dəyişiləcək fövqəladə bir hadisənin baş verəcəyini düşünmürəm. Hətta  Ermənistan hakimiyyətində kimlərin təmsil olunmasından asıllı olmayaraq Azərbaycan özünün suveren ərazisinin bütövlüyünü təmin edib və Qarabağda dövlət quruluşu bərpa etmək üzrəyik. Ölkəmizi öz məqsədindən heç kim çəkindirə bilməz.  Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına gələndə qeyd etmək istəyirəm ki, Ermənistan sülh müqaviləsini imzalamasa, bu onların öz işidir. Sülh müqavilənin imzalanmamasından ən çox əziyyət çəkən tərəf Ermənistanın özü olacaqdır. Çünki, sərhədlər delimitasiya olunmadıqca Azərbaycan ordusu məqsəd bildiyi yerdə şərti sərhəd quraraq mövqelərini möhkəmləndirəcək. Həm də Ermənistanın məğlub ordusu Azərbaycanla heç vaxt güc dilində danışa bilməyəcək. Əgər buna cəhd edilərsə və ya hər hansı bir təhlükə müşahidə olunarsa belə dərhal zərərsizləşdiriləcəkdir. Prezident İlham Əliyev laçınlılarla görüşdə Ermənistana çox ciddi şəkildə xəbərdarlıq edərək bildirmişdi ki, ordumuz  Ermənistanın yaşayış məntəqələrinə maneəsiz nəzarət edir. Bu o deməkdir ki, mövqe baxımından da Azərbaycan ordusu üstünlüyə sahibdir. Ona görə də Ermənistanda hakimiyyət dəyişikliyi sərhəddə heç nəyi dəyişməyəcək. Əgər aparılan  rəy sorğusunda olduğu kimi Ermənistanda növbədənkənar seçkilər baş tutarsa, bu ancaq  Ermənistanı tənəzzülə aparacaqdır”.

Asif Nərimanlı: "Bu, vəziyyəti yenidən gərginləşdirə bilər"

Siyasi analitik Asif Nərimanlı ciddi dəyişiklik gözləmir: “Sorğunu “Gallup”un Ermənistan nümayəndəliyi keçirib və ortaya çıxan nəticələrlə ehtimalların üst-üstə düşməməsi, eləcə də, keçmiş təcrübə bu sorğuya münasibəti şübhə altında salır. Birincisi, kapitulyasiyadan altı ay sonra keçirilən parlament seçkilərində Paşinyan ermənilərin müharibə istəməməsinə görə qalib gəlmişdi. O zamandan sonra müəyyən dəyişikliyin olması mümkündür, amma radikal fikir dəyişikliyi ehtimalı azdır. İkincisi, 44 günlük müharibədən sonra Ermənistanda keçirilən rəy sorğularının əsas nəticəsi təhlükəsizliyin bərpa edilməsi ilə bağlı idi və əksər erməni Qarabağ məsələsini prioritet hesab etmirdi. Paşinyanın hazırda apardığı siyasət də Qarabağdan imtina etmək və Ermənistanın təhlükəsizliyinin təmin edilməsidir ki, bunun fonunda hazırki rəy sorğusunun nəticəsi yenə şübhəlidir. Üçüncüsü və ən nəhayəti, keçmiş təcrübə bu sorğunu sual altına salır. 2021-ci ilin seçkiləri zamanı “Gallup”un Ermənistan nümayəndəliyinin keçirdiyi sorğunun nəticəsinə görə Köçəryan Paşinyanı üstələyirdi, lakin daha sonra “Gallup”un mərkəzi ofisi bu sorğunun onlara aid olmadığını, nümayəndəliyin şəxsi təşəbbüsü olduğunu açıqladı. Daha sonra sorğunu keçirən nümayəndəliyin Köçəryanla bağlantılarına dair məlumatlar yayıldı. İstisna deyil ki, yenə eyni taktikadan istifadə olunur və bununla erməni ictimai rəyini yönləndirməyə, xüsusilə Qarabağ məsələsini prioritetə çevirməyə çalışırlar. Paşinyanın nüfuzunun aşağı düşdüyü bəllidir, amma bu qədər radikal dəyişiklik inandırıcı deyil”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR