İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilərin Naxçıvanadək sərhəd təxribatlarının sirri

1209 27.02.2024 11:43 Ölkə A A

Məkrli planın anonsu, yoxsa..; “Məqsəd sülh prosesini pozmaqdır, onları Fransa qızışdırır, Rusiya isə...” - polkovnikdən xəbərdarlıq 

Son vaxtlar Ermənistanın Azərbaycanla şərti sərhədində təxribatları artıb. Baş verənlər həm də kapitulyant ölkənin Fransa ilə hərbi əməkdaşlığı dərinləşdirməsi fonunda diqqət çəkir.

Fevralın 24-də Ermənistan silahlı qüvvələrinin bölmələri həmçinin Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat verib.

Qeyd edək ki, elə həmin gün - fevralın 24-də Azərbaycan Müdafiə Nazirliyində nazir Zakir Həsənovun rəhbərliyi ilə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmə komandirlərinin iştirakı ilə növbəti xidməti müşavirə keçirilib. Müşavirədə Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti, qoşun xidmətinin təşkili və aparılması geniş təhlil edilib, məruzələr dinlənilib.

2024-cü ildə Azərbaycanda, Türkiyədə və digər ölkələrdə keçirilməsi planlaşdırılan birgə təlimlərin şəxsi heyətin təcrübə mübadiləsi, bilik və bacarıqlarının təkmilləşdirilməsi, qoşunların döyüş hazırlığının daha da yüksəldilməsinə müsbət təsir edəcəyi xüsusi vurğulanıb. Nazir habelə azad edilmiş ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi, eləcə də çətin relyefli, sərt iqlim və dağlıq ərazilərdə təminat yollarının, rabitə və kommunikasiya xətlərinin daima işlək vəziyyətdə saxlanılmasının və təhlükəsizlik qaydalarına xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb.

Bəs son vaxtlar ermənilərin sərhəd boyu, eləcə də Naxçıvan istiqamətində də fəallaşması təsadüfdürmü, yoxsa bununla bizə hansısa daha böyük, planlı təxribatın anonsu verilir? Ermənilər hansı məkrli oyunu planlaşdıra bilər? 

Azərbaycanla sərhəddə böyük sükut - Ermənistan “qınına” çəkilib, Fransa  isə...

Rövşən Məhərrəmov

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, Ermənistan son bir neçə həftədə Tovuz istiqamətində sərhəddən Zəngilan və Naxçıvan istiqamətinə qədər sərhəd boyu atəşkəsi pozub. Artıq son bir həftədə demək olar hər gün ən müxtəlif istiqamətlərdə sərhəddə Ermənistan hərbçiləri Azərbaycan tərəfi atəşə tutur. Artıq Naxçıvan istiqamətində də Ermənistanın təxribatlara başlaması isə sualları daha da artırır: “Yaranmış vəziyyətdə təkcə Ermənistan dövlətini deyil, həmçinin Fransanı və Rusiyanı günahlandırmaq olar. Fransa Ermənistan hakimiyyətinə vədlər verərək onları qızışdırır, müharibə əhval-ruhiyyəsinə kökləyir. Ermənistandakı revanşist qüvvələri və həmin qüvvələrə bağlı olan ordudakı yüksək rütbəli zabitləri, komandirləri isə Rusiya idarə edir. İstisna deyil ki, ordunun içərisindəki həmin Rusiyaya bağlı qüvvələrə sərhəd boyunca, həmçinin Naxçıvan istiqamətində atəşkəsi pozub aranı qatmaq göstərişi verilib. Ermənistan silahlı qüvvələri içərisində çox böyük qruplar var ki, onlar Paşinyanın deyil, Rusiyanın nəzarətindədir və əmrləri Rusiyadan alırlar. Paşinyan iqtidarı Fransa və Amerika ilə əlaqələri daha da dərinləşdirdikcə və KTMT-dən, Rusiyadan qopduqca Azərbaycanla sərhəddə gərginliklər artır. Bu gərginlik qısamüddətli, lakin çox kəskin hərbi toqquşma ilə nəticələnə bilər. Atəşkəsi pozma hallarını aktiv fazaya keçirmək göstərişini verənlərin məqsədi də böyük ehtimalla budur. Azərbaycan Ordusu bir həddə qədər ermənilərin təxribatlarına cavab verməməklə səbir nümayiş etdirə bilər, ancaq səbrimiz tükənməz deyil. Azərbaycan öz təhlükəsizliyini qorumaq üçün təhlükə yaradan nöqtələri, əraziləri susdura və öz nəzarəti altına götürə bilər”. 

Ekspertin sözlərinə görə, şərti sərhəddə hərbi toqquşma yaranmasında Fransanın da marağı ola bilər: “Fransa özünün müşahidə missiyasını faktiki olaraq şərti sərhəddə yerləşdirib. Azərbaycanı təxribata çəkib müşahidə missiyalarını dövriyyəyə buraxmaq və Azərbaycanı ittiham edən hesabatlar hazırlamaq planlarının olması da istisna deyil. Bütün baş verənlər onu göstərir ki, həm Fransa, həm də Rusiya Azərbaycan-Ermənistan sərhədlərində gərginliyi artırmaq istəyindədir. Burada məqsədlərdən biri də sülh danışıqlarını pozmaq və sülh müqaviləsinin imzalanmasının qarşısını almaqdır”.   R.Məhərrəmov vurğuladı ki, Azərbaycan dövləti və ordusu kifayət qədər güclüdür, hər cür təxribat planlarına qarşı dayanmaq, qurulan oyunları pozmaq əzmindədir: "Hansısa məkrli planlar quranların qurduqları planları Azərbaycan Ordusu son 4 ilə yaxın müddətdə necə pozubsa və prosesi xeyrimizə dəyişibsə, bundan sonra da bacarmaq qüdrətindədir. Heç düşünməməlidir iyrənc planlarını Azərbaycana qarşı reallaşdıra və istədiyinə nail ola biləcək. Ermənistan və hansısa havadarı Naxçıvan istiqamətində hərbi əməliyyatları başlatmaq niyyətinə düşüblərsə, unutmasınlar ki, Naxçıvanı qoruyacaq Azərbaycan dövləti və ordusu ilə bərabər, Türkiyə də var. Qars müqaviləsi, eləcə də Şuşa Bəyannaməsinin şərti istənilən an qüvvədədir. Yəni heç kim boşuna həvəslənməsin. Kimlərsə hansısa həvəsə düşüblərsə, yenə də çanaq Ermənistanın başında sınacaq və Ermənistan dövləti süquta uğramaq həddində böyük zərbə almış olacaq". 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR