İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər sülhdən də, qonşuluqdan da, birgə yaşayışdan da imtina edir - “Dəmir yumruq”suz olmayacaq...

987 06.07.2023 12:05 Siyasət A A

Azərbaycanın xəbərdarlıqlarına məhəl qoyulmaması düşmənə baha başa gələ bilər; artıq reallıqları ABŞ-ın Ermənistandakı elçisi də dilə gətirirsə, deməli...; STM əməkdaşı: ““Qisas-3” əməliyyatına indidən hazırlıq görmək lazımdır”...

İkinci Qarabağ Savaşının bitməsindən 2 il 8 ay ötür. Təxminən 4 ay sonra 10 noyabr üçtərəfli bəyanatın imzalanmasının 3 ili tamam olacaq. Ancaq bu müddətdə nə Ermənistan, nə də bəyanatda tərəf olan Rusiya öz üzərinə düşən missiyanı yerinə yetirməyib.

Azərbaycan sənədin ona aid olan bütün bəndlərini icra edib. Ermənistan isə nə Qarabağdakı ordu qalıqlarını çıxarıb, nə də qanunsuz silahlı birləşmələr silahı yerə qoymayıblar, bölgədən çıxmayıblar. Sülhdən, normal qonşuluqdan, birgəyaşayışdan kifayət qədər danışılıb, müzakirələr aparılıb, ancaq görünən budur ki, 2023-cü ildə də buna rəsmən nail olunması mümkünsüz ola bilər. Çünki Ermənistan birmənalı olaraq sülhdən, münasibətlərin normallaşmasından qaçır, Qarabağdakı separatçı rejim isə təslim olmaq çağırışına əməl etmir, birgəyaşayışdan, Azərbaycanın idarəetməsində olmaqdan faktiki imtina edirlər. Artıq Ermənistanda sülhə, birgəyaşayışa nail olmaqla bağlı verilən pozitiv bəyanatlar da iqnor edilir, yeni kələkbazlıqlar, xülyalar ortaya çıxır. Sanki Ermənistanın məqsədi yalnız vaxt udmaq və mövqelər qazanmaq olub... Ortada buna dair ciddi faktlar var. Məsələn, Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan jurnalistlərə müsahibəsində Qarabağı Azərbaycanın tərkibində tanıyacaq sənədin imzalanmasını əngəlləyəcək istənilən təşəbbüsü dəstəkləyəcəyini söyləyib. O, “Ayakve” adlı təşəbbüsünün imza toplanmasında iştirak edib. “Belə bir sənədin imzalanmaması üçün Paşinyanın əlindən tutub ona mane ola biləcək istənilən təşəbbüs təqdirəlayiqdir”, - deyə o qeyd edib. “Baxmayaraq ki, bütün sorğular Ermənistan əhalisinin 50%-dən çoxunun Qarabağın Azərbaycanın tərkibində olmasına qarşı olduğunu göstərir, istənilən statusda hakimiyyət buna məhəl qoymur. Bu cür təşəbbüslər sayəsində həmin sənədin imzalanmasına qadağa qoyulacaq və hətta buna görə cinayət məsuliyyətinin müəyyən olunması nəzərdə tutulacaq”, - deyə Oskanyan bildirib. Qeyd edək ki, “Ayakve” ermənilərin Qarabağla bağlı “Miatsum”dan sonrakı növbəti hoqqabazlığıdır.

“Qarabağ hakimiyyəti yalnız bir ünvana - Ermənistan rəhbərliyinə, Nikol Paşinyana müraciət etməlidir”. Bunu da Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan jurnalistlərlə söhbətində bildirib. O, Qarabağdakı qondarma rejimin başçısı Araik Arutyunyanın əhalinin təhlükəsizliyinin təmin edilməsi xahişi ilə Rusiya Prezidenti Vladimir Putinə müraciətini şərh edərkən belə deyib. “Qarabağ hakimiyyəti Putinə, Baydenə müraciət edə bilər, nə qədər ki, Ermənistan hakimiyyəti Qarabağın Azərbaycan olduğunu bəyan edəcək, bu, heç bir nəticə verməyəcək. Sonuncular Qarabağın Azərbaycan olduğunu desələr də, bu adamlar heç nə edə bilməyəcəklər. Ona görə də Araik Arutyunyan bir ünvana - Ermənistan hakimiyyətinə müraciət etməlidir”... O, müharibə ehtimalı ilə bağlı da fikirlərini bölüşüb: “Əgər hər şey belə davam edəcəksə, Nikol Paşinyan danışmağa davam edəcəksə və hər şeyi kənara çəkməyə çalışacaqsa, müharibə ehtimalı çox yüksəkdir. Amma bir neçə ay sussa, o zaman müharibə ehtimalı hər gün azalacaq və hesab edirəm ki, iki aydan sonra sıfıra bərabər olacaq. Bu gün görülən işlər sabit dünyaya gətirib çıxara bilməz”. Vardan Oskanyan qeyd edib ki, bu, Paşinyan hökuməti ilə Azərbaycan arasında hansısa sülh danışıqlarına səbəb ola bilər. Amma bu qərar erməni və Azərbaycan xalqları arasında sülhə gətirib çıxara bilməz. Belə mənzərə yaranır ki, Ermənistanda artıq sülhə qarşı müqavimət başlayır. Belə çıxır ki, ermənilər sülhə yox, revanşizmə meyllidirlər və sülhlə bağlı müəyyən pozitivləri də neqativə keçirməkdə israrlıdırlar. Belə bir vəziyyətdə Azərbaycan nə etsin? Danışıqlardan imtina edib antiterrora başlayaqmı? Yoxsa hələ sülh ümidləri bitməyib? Nə cür davranaq, hansı addımı ataq? Durum nəyi tələb edir?

Hərbiçilərimiz bir millimetr torpağımızı da düşmənə verməyib” - İLYAS  HÜSEYNOV | Yeni Gündəm

İlyas Hüseynov 

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Vətən müharibəsinin başa çatmasından 3 il keçməsinə baxmayaraq, üçtərəfli bəyanatın fundamental maddələri yerinə yetirilmir: “Qarabağ iqtisadi rayonunda yaşayan etnik ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası ilə bağlı rəsmi Bakı tərəfindən yumşaq güc, sosial kommunikasiya metodlarından istifadə olunsa da regionda sülhü istəməyən qüvvələr buna mane olur və revanşizmin güclənməsinə xidmət edən addımlar atır. Cinayətkar Araik Arutyunyanın əhalinin təhlükəsizliyinin təmin edilməsi xahişi ilə Rusiya Prezidenti Vladimir Putinə müraciəti də sübut edir ki, artıq son xahişləri və çırpıntıları başlayıb. Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın ərazisini rəqəmlər ifadəsində tanıdıqdan sonra Ermənistanda revanşistlər baş qaldırmağa başladılar. Fransanın Ermənistanın arxasında dayanması ilə yanaşı, Vardan Oskanyan kimi siyasi zibillikdə olanlar da "Ayakve" adı yeni təşəbbüslə gündəmə gəlməyə çalışırlar. Lakin bunun heç bir nəticəsi olmayacaq".

İ.Hüseynov qeyd etdi ki, Ermənistanın siyasi rəhbərliyi imzasına sahib çıxmalıdır: “Zənn edirəm ki, siyasi danışıqlar və görüşlər ilin sonuna kimi davam edəcək. Vaşinqtonda XİN rəhbərləri səviyyəsində görüşdən sonra hazırda ali səviyyədə keçiriləcək Brüssel görüşünə hazırlıq gedir. Oktyabrda Qranadada Avropa Siyasi Birliyinin Zirvə toplantısına qədər yekun nəticə əldə olunmasa antiterror əməliyyatının şahidi ola bilərik. "Qisas-3" əməliyyatına indidən hazırlıq görmək lazımdır".

Ədalət Verdiyev: “Azərbaycan ordusu Xankəndiyə girsəydi nə ola bilərdi?” -  Oxu.az

Ədalət Verdiyev 

Hərbi ekspert, ehtiyatda olan zabit Ədalət Verdiyev əvvəlcə diqqəti ABŞ-ın Ermənistandakı səfiri Kristina Kuinin mövqeyinə yönəltdi. Bildirdi ki, Qarabağ erməniləri ABŞ səfirinin bəyanatını xüsusi narahatlıqla qarşıladılar: "Bu bəyanatda qeyri-adi heç nə yoxdur, xanım səfir Qarabağdakı erməni azlıq üçün ən yaxşı təhlükəsizlik təminatını Azərbaycanın verəcəyinə əmindir. Bu isə ermənilərin digər milli azlıqlar və etnik qruplar kimi Azərbaycan konstitusiyasına əməl olunmasından və vətəndaşlığın qəbul edilməsindən keçir. Bu şərtlə altında yaşamaq istəməyən ermənilər ən qısa müddətdə Azərbaycan ərazilərini tərk etməlidir. Çünki Vətən müharibəsindən sonra regionda reallıqlar tamamilə dəyişib, suveren Azərbaycan ərazilərində heç bir ölkə, ya beynəlxalq təşkilat artıq separatizmə heç bir, o cümlədən təhlükəsizlik zəmanəti verə bilməz. Odur ki, Qarabağdakı separatçı rejimin imdad dilənəcəyi yeganə doğru ünvan Azərbaycanın dövlət başçısıdır. ABŞ səfirinin məlum bəyanatından sonra Qarabağdakı separatçı rejim yanlış olaraq çox sayda ölkə və beynəlxalq təşkilat rəhbərinə durmadan məktublar göndərir və onlardan imdad diləyir. ABŞ səfiri isə çoxsaylı tənqidlərə məruz qalıb, halbuki Qarabağın Azərbaycana aid olmasını həm Azərbaycan Prezidenti İlham Əliyev, həm Rusiya Prezidenti Vladimir Putin, həm də Ermənistanın baş naziri N.Paşinyan dəfələrlə bəyan ediblər. İndi bu siyahıya ABŞ da qoşuldu". Hərbi ekspert səfir xanımın bəyanatının Ermənistanda da reaksiyalara səbəb olduğunu vurğuladı: “Ermənistanın keçmiş xarici işlər naziri, suriyalı Vardan Oskanyan ABŞ səfirinin "Qarabağdakı erməni azlıq üçün ən yaxşı təhlükəsizlik təminatını Azərbaycanın verəcəyinə" dair bəyanatını cavablandırıb. Vardan Qarabağ ermənilərinin Azərbaycanın tərkibində yaşamasını mümkün hesab etməyərək “diplomatik möcüzə” üçün böyük imkanların olduğunu, bu imkanlardan istifadə etməyin də çox vacib olduğunu vurğulayıb. Maraqlıdır ki, Vardan Oskanyan 10 il Ermənistanın xarici işlər naziri olduğu vaxt İrəvan indiki qədər zəif və yarıcan vəziyyətdə deyildi. Amma o vaxt Oskanyanın da daxil olduğu iqtidar komandası nə Qarabağ məsələsinin həllində, nə də “diplomatik möcüzə” üçün mövcud olan böyük imkanlardan yararlana bilmədi. İndi isə fərari ordusuna malik Ermənistanın tükənmiş bir vəziyyətində Oskanyan Qarabağ problemini 3 aya həll edəcəyinə söz verir. Belə çıxır ki, Oskanyan doğrudan da erməni xalqını axmaq və gic hesab edir, ya da 3 ildir ki, Vardan qış yuxusuna gedib və hələ də ayılmayıb. Vardanın niyə vətəni Suriyanın düşdüyü bataqlıqdan çıxarmaq üçün təkliflər verməməsi də çox maraqlıdır".

Ə.Verdiyev bildirdi ki, Ermənistan müharibədə biabırçılıqla məğlub olub və kapitulyasiya aktı imzalayıb, hazırda erməni ordusu 21-ci əsrin ilk “fərari ordusu” titulunu daşıyır, müttəfiqlərinin əksəriyyəti əlini Ermənistanın arxasından çəkib: “Qarabağdakı rejimin rəhbərliyi də Vardan Oskanyan kimi artistlik edir və özünü elə aparır ki, sanki Qarabağın Azərbaycana aid olmasını ilk dəfə eşidir. Əslində Paşinyan keçən ilin payızında Praqada keçirilən görüşdə Qarabağdan əl çəkib, sonradan isə 86.6 min kv. km-lik Azərbaycan ərazisinin bütövlüyünü tanıyıb. Böyük güclər tərəfindən tarixi Azərbaycan torpaqlarında yaradılan Ermənistanın Qarabağdan əl çəkməklə olan-qalan ərazisini qorumağa çalışması, Nikol Paşinyanın Qarabağın heç bir status olmadan Azərbaycanın tərkib hissəsi olaraq tanıması, Azərbaycanın müharibədə əldə etdiyi möhtəşəm Qələbənin yaratdığı reallıqdan doğan məcburi addımdır, burada Araik Arutyunyanın dediyi kimi, "onlardan asılı heç nə yoxdur, edəcəkləri bir şey də yoxdur"".

Ə.Verdiyev qeyd etdi ki, yaxın iki ildə Azərbaycan hökumətinin Ağdamdan Xankəndinə qaz kəməri çəkməsi və onun üzərində qaz tənzimləmə qurğuları quraşdırması Arutyunyana doğrudan da heç nə demirsə, deməli, bu adam anormaldır: “Bu gün Qarabağda və ya Ermənistanda nəfəs alan yuxulu rəhbərlərdən kiminsə bəyanat və ya 5-10 cümləlik məktubla Azərbaycanın Qarabağ və Zəngəzurla bağlı planlarına mane olmaq imkanı varmı? Belə bir imkanlar separatizmi və revanşizmi dəstəkləyən daha güclü havadar ölkələrdə yoxdursa, o zaman əlindən ağlamaqdan başqa heç nə gəlməyən fərarilərdən danışmağa dəyməz. Odur ki, Araikin tökülən "timsah göz yaşları" və göndərdiyi məktublar “şpaqat vəziyyətində keyfiyyətsiz striptizdir”. Xankəndidə kimin kimə nə yazmasından, nə qədər göz yaşı tökməsindən asılı olmayaraq, Qarabağ ermənilərinin təhlükəsizlik təminatçısı yalnız Azərbaycan Konstitusiyası olacaq. İstəyən bu şərti qəbul edər, istəməyənə isə “yaşıl işıq”. Xankəndidən gələn siqnallar separatçı rejimin paralel olaraq özü və ictimaiyyət nümayəndələrinin Azərbaycanla danışıqlara hazır olduğunu deməyə əsas verir. Bu barədə Bakının mövqeyində dəyişiklik yoxdur, işğal dövründə separatçı rejimi tanımayan Azərbaycan indi ümumiyyətlə Araiki və komandasını adam yerinə qoymur. Erməni ictimaiyyəti ilə danışıqlar təklifi də artıq masadan qalxıb, çünki bu proses Laçın sərhəd keçid məntəqəsində kifayət qədər uğurla həyata keçirilir. Yəqin ki, Qarabağ erməniləri şikayət və təkliflərini rahat bir şəkildə sərhəd məntəqəsində xidmət aparan hərbçilərimizə çatdıra bilirlər". Ekspert vurğuladı ki, Azərbaycan real təklifləri qəbul etməklə bərabər qeyri-real olanları da zibil yeşiyinə ata bilir: “Bu gün aktiv olan tək təklif "amnistiya" ilə bağlıdır, amma bu təklif də daimi deyil, yəqin ki, 1 və ya 2 ay sonra bu təklif də masadan qalxacaq. Hazırda Ermənistanın Qarabağdakı silahlılarının törətdiyi intensiv təxribatlar fonunda danışıqlar prosesi yekun nəticəsiz olsa da, davam edir. Azərbaycan nə danışıqlardan, nə də düşmənin təxribat xarakterli fəaliyyətlərinin qarşısını almaqdan imtina etmir. Real vəziyyətdə bəzi ərazilərdə preventiv, bəzi ərazilərdə isə qəti tədbirlərin həyata keçirilməsi istisna edilmir. Azərbaycanın diqqətdə saxlayacağı əsas məsələ rus kontingentin Qarabağa helikopterlə daşınmalarına nəzarət mexanizmini işə salmaqdan ibarətdir. Rus kontingentin daha əvvəl də ərazilərimizə silah, sursat, texnika, mina daşınmasına və yerləşdirilməsinə mane olmadığını, erməni silahlılarının təminat və təchizatında “üzüyola kuryer” vəzifəsini məmnuniyyətlə yerinə yetirdiklərini nəzərə alsaq, helikopter daşınmalarının Azərbaycanın maraqlarına və şərtlərinə uyğun şəkildə həyata keçiriləcəyinə əmin ola bilmərik. Odur ki, Qarabağda yaşayan və Azərbaycana qarşı fəaliyyətlərə bulaşmayan ermənilərlə kontaktlarımızı genişləndirməli, onların vasitəsilə bizə qarşı yönələn istənilən çirkin və perspektivsiz fəaliyyətlər barədə məlumatlar əldə etməli, baş verənlərin qarşısını almaq üçün təsirli addımlar atmalıyıq. Bu addımlar ən azından həm Xankəndidən erməni silahlılarına daşınmaların qarşısının alınmasını, həm də Xocalı hava limanına nəzarəti də özündə ehtiva etməlidir".

Prezident İlham Əliyev iyulun 5-də növbəti dəfə Ermənistana və havadarlarına xəbərdarlıqlarını edib. Nəticə çıxartmasalar, bədəli ağır olacaq!

E.PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR