İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni vətəndaşlarımıza müraciətim

3006 09.10.2022 17:10 Yazarlar A A

“Meşədə çaqqal az idi, biri də gəmiylə gəldi”

(ata sözü)

Qarabağ erməniləri separatçı əməllərindən əl çəksələr ölkəmizdə tam xoşbəxt şəkildə yaşayacaqlar, buna əminəm. Azad seçkilərdə iştirak etmək, təhsil, səhiyyə hüquqları, sərbəst toplaşmaq azadlığı, söz və fikir azadlığı – ölkəmizin müstəqillik illərində nail olduğu hər bir nailiyyətdən yararlanmaq hüququ əldə edəcəklər. Yayda da istəsələr gəlib mavi Xəzərin qoynunda dincəlsinlər, azad çimərliklərimizdə üzsünlər. Onsuz ermənilərin dənizi yoxdur, həmişə bunun həsrətini çəkiblər, uydurma tarixlər yazıblar.

Bakının göbəyində kilsə də cağbacağ yerində durur, heç içində inək saxlamadıq. Dənizdə çiməndən, Beyləqan quzusunun qabırğasından, İsmayıllı pendirindən, Quba almasından, Gəncə dovğasından, Şəki pitisindən, Qazaxın qurutlu xəngəlindən, Şamaxı şorundan, canım sənə desin, Lənkəranın ləvəngisindən tıxandan və üstündən xoruzquyruğu Astara çayı dümləyəndən sonra get kilsəyə, istəyirsən şam yandır, istəyirsən özünü yandır, istəmirsən lap dombalaq aş. Bizdə bütün dinlərə azadlıq yaradılıbdır, hətta “Qara Qarayev” metrosunun yaxınlığında krişnaitlərə məbəd qayırıb vermişdik, onlar da orda prasadam yeyib dumbul çalır, səhərdən axşamacan “Hare Krişna, Hare Hare” oxuyurdular. Çoxdan getmirəm, ümid edirəm o yoldaşlar yenə orda əylənirlər.

Sözgəlişi, çox adam bəlkə də bilmir, biz azərbaycanlılar bütün dünya dinlərində ən yüksək səviyyədə təmsil olunuruq. İranın ali dini lideri Əli müəllim Xamanei milliyyətcə azərbaycanlıdır. Əks halda bu dəqiqə orda yaylıq bağlamayan arvadları niyə öldürərdilər? Biz qeyrət-namus işlərində dünyada hamıdan qabaqdayıq. Məsələn, bu yaxında bir nəfər lənkəranlıya 13 il yarım qoydular, getdi türməyə. Öz bibisi qızını öldürdüyünə görə. Yazıq bibi qızının günahı isə körpə balalarına çörək qazanmaq üçün yeməkxanada işləməsi olmuşdu. Gəlib deyib sən niyə xalqın kişilərinə pivə süzürsən, soxub bıçağı. Deyib heç olmazsa çay verərdin, ta pivə nədir? Gör nə qədər qiryətli oğlandır. Belə oğlanlarımız çoxdur. Həm din, həm elm, həm mədəniyyət, həm təhsil, həm səhiyyə, həm dəmiryolu, həm aviasiya, həm jurnalistika sahəsində. (Oxuculara yazığın gəldi, yoxsa bu “həm-həm” kefin istəyən qədər uzanardı). Qayıdaq din-iman sferasına. 

Bəhai dininin ali orqanına 9 nəfər başçılıq edir, uzun illər onlardan biri soydaşımız Əli Naxçıvani olub. İsrailin Hayfa şəhrində, yekə bir sarayda otururdu. Soyadına baxmayın, özü Şüvəlanda doğulmuşdu. (Görünür pasportuna doğum yerini “Naxçıvan” yazdırmaq bizdə tarixən prestijli sayılıbdır. Bir ara Oğuz rayonunda doğulan Aqiyə Naxçıvanlı adlı deputatımız vardı). Əli Naxçıvani 2019-cu ildə 100 yaşında rəhmətə getdi.

Bircə Roma papası Fransisk müəllimin soydaşımız olub-olmaması fikrini hələ tam dəqiqləşdirə bilməmişəm, ancaq ciddi təxminlərim var. Fikir versəniz, bu papa hamıyla yola gedir, üzündə daim təbəssüm yayılır, camaatın ayağını yuyur, balkonu var, seçkisi də tüstü vasitəsiylə xalqa əyan olur. Bizdə də Biləcəridə bələdiyyə seçkisi olanda həmişə komissiya sədri dana ayağı ütür, xaş bişirir, millət axışır, toy-bayram olur. Keçən dəfə Hacı Madəri deputatı seçəndə parka kəndirbaz, pəhləvan gətirmişdilər. Maşın pəhləvanın qarnının üstündən keçəndə yanımda dayanan rus qız belə dedi: “Oy, mama”. Heç yadımdan çıxmır.

Uzun sözün qısası, erməni vətəndaşlarımız inşallah, ağıllı olar, bu nazü-nemətdən nuş edərlər. Bəzi işıq ucları görünür. Hiss olunur ağılla hərəkət etməyə başlayıblar. Məsələn, Rasiyada ofşor hesabları, çirkli pulları yumaq, cürbəcür beynəlxalq korrupsiya cinayətlərində adı hallanan Ruben Vardanyan adlı tip var, bunu Xankəndinə gətiriblər, Araikin araçılığı ilə “Sarsax Respublikası”na baş nazir qoymaq istəyirlər. Prinsipcə, Vardanyanla dil tapmaq bizə lap yaxşı və mümkün olacaqdır. İstəsə biz onu Xankəndinə icra hakimi qoyarıq, Araiki cəhənnəm edərik. Niyə şərikli işləsin?

Bir neçə il Xankəndində fırlansın, paçka pullarla çekistlərin əlinə keçməsə, etimadı doğrultsa lap onu gətirib Bakıda nazir qoyaq. Səlim Müslümov, Cahangir Hacıyev, nə bilim, Rasim Məmmədovdan, Eldar Mahmudovdan istedadsız adam deyil ki. Soyadı da qəşəng səslənir. Var-dövlət tökülür hər hərfindən, özü də bardanla. Vardanyan bizə lazımlı kadrdır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR