İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni tankları Bakıdadır, bəs özləri niyə gəlməyə qorxur?

709 30.03.2023 09:52 Siyasət A A

Erməni icması paytaxtda növbəti görüş təklifini rədd edərək Qarabağda danışmağa dəvət edir; Natiq Cəfərli: “Ağaları onları Bakıya gəlməyə qoymur...”

Xankəndidə yuva salmış erməni separatçıları Azərbaycan Prezident Administrasiyasının Bakıda Azərbaycan və Qarabağın erməni icmasının nümayəndələri arasında görüş keçirilməsi təklifini “öz şərtlərini zorla tətbiq etmək cəhdi” adlandırıb.

“Yeni Müsavat” erməni KİV-nə istinadla xəbər verir ki, bu barədə separatçı qurumun “Xarici İşlər Nazirliyi”nin bəyanatında bildirilir. “Azərbaycan tərəfinin elan etdiyi görüşün keçirilmə yeri və gündəliyi ilə bağlı şərtləri, eləcə də bu təklifin təqdim olunduğu kontekst göstərir ki, Azərbaycan hakimiyyətinin məqsədi mövcud problemlərin real müzakirəsi deyil, mümkün dialoqun pozulması və ya məcburiyyət, blokada, dözülməz həyat şəraitinin yaradılması və hərbi güc tətbiqi yolu ilə öz siyasi gündəmini qəbul etdirməkdir”, - deyə bəyanatda qeyd olunur.

Buna baxmayaraq, separatçılar Rusiya sülhməramlılarının vasitəçiliyi ilə onların məsuliyyət zonasında Azərbaycan nümayəndələri ilə görüşməyə hazır olduqlarını da bildiriblər. “Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycanın münaqişənin həll üzrə mövqeyindən çəkilmədiyi təqdirdə bizi erməni tanklarının yaxın zamanlarda Bakının küçələrində olacağı ilə qorxutmağa çalışırdılar”. Bunu 2020-ci ilin dekabrında  Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının videokonfrans formasında keçirilən iclasında demişdi.  “Nəticədə belə də oldu. Sadəcə, erməni tankları bizim küçələrdə Azərbaycanın müharibədəki qələbəsinə həsr olunan və dekabrın 10-da keçirilən Zəfər paradında qənimət kimi nümayiş etdirildi” - deyə, Prezident vurğulamışdı. Ermənilər isə artıq ikinci dəfədir ki, Bakıya gəlməklə bağlı Azərbaycanın təklifinə rədd cavabı verirlər. Bəs erməniləri qorxudan nədir? Bu, psixoloji bir narahatlıqdır, yoxsa...

Natiq Cəfərli · Mikroskop

Natiq Cəfərli

Real Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli “Yeni Müsavat”a söylədi ki, separatçıların ağaları onları Bakıya gəlməyə qoymur: “Kreml açıq şəkildə onlara icazə vermir. Azərbaycan Bakıda görüş keçirilməsi üçün rəsmi təklifi boş yerə irəli sürmür. Biz bir daha dünyaya sübut edirik ki, heç bir vasitəçi, üçüncü tərəf olmadan danışıqlara hazırıq, amma baxın, kənar təsirlər var. Çünki separatçı rejim icazə olmadan nəfəs belə ala bilməz. Bunun başqa izahı yoxdur. Halbuki qondarma rejimin nümayəndələri illərdir ki, Bakı ilə danışmaq istəyirlər. İndi danışıqlardan qaçırlarsa, deməli, onları idarə edən Kremlin razılığı yoxdur”.

N.Cəfərli hesab edir ki, Moskvanın yanaşması Xankəndi məsələsində yeganə moderator olmaq istəyindən irəli gəlir:  “Avropa İttifaqı və Vaşinqton Bakının Qarabağdakı erməni icması ilə təmaslarını dəstəkləyir, amma Rusiya buna qarşıdır. İllərlə Xankəndi separatçıları bəhanə gətirirdi ki, Bakı bizimlə danışmır. İndi deyirik gəlin müzakirə aparaq, görüşlərdən yayınırlar”. Partiya funksioneri bundan sonra güc tətbiqi edilməsini texniki məsələ sayır: “Ordumuz 24-48 saat içində problemi həll edə bilər. Burada heç bir çətinliyimiz yoxdur. Problem onun hazırlanması, piarı və təqdimatıdır. Yəni nə vaxt həmin şərait yetişəcək, beynəlxalq vəziyyət imkan verəcək, onda antiterror əməliyyatı həyata keçiriləcək. Biz yaxşı bilirik ki, rusların və ermənilərin ən gözəl bacardığı iş təxribat etməkdir. İndi Ordu əməliyyatlara başlasa, hətta ruslar və ermənilər Azərbaycan əsgərinin formasını geyinib qətliamlar törədə, bunu dünyaya ”etnik təmizləmə", “genosid” kimi təqdim edə bilərlər".

Suala dair fikrini bölüşən siyasi şərhçi Asif Nərimanlı Qarabağdakı separatçıların bu qərarını gözlənilən hesab edir: “Amma bu imtina separatçıların vəziyyətini daha da ağırlaşdıracaq. Azərbaycan reinteqrasiya prosesinin alternativini qəbul etməyəcək. Beynəlxalq güclər separatçıların "müqəddəratını təyin etmə" istəklərini yaxına buraxmır, Araik etiraf edir ki, beynəlxalq təşkilatlar, sadəcə, bəyanatdan başqa heç nə etmir, rusların da əlindən heç nə gəlmir. Son əməliyyat nəticəsində onların xarici aləmə - Ermənistana çıxış yolları tamamilə bağlanıb, əlavə yol axtarışları da bundan sonra mümkün olmayacaq, çünki belə cəhdə qarşı eyni addım atılacaq. Rəsmi Bakı hələ Xocalıdakı görüşdən sonra separatçılara mesaj ünvanlamışdı ki, ya inteqrasiya prosesini qəbul edəcəklər, ya da daha sərt addımlar atılacaq. Bu addımlar həm hərbi müstəvidə, həm də kommunikasiya təminatı ilə bağlı atıla bilər".

Emil SALAMOĞLU
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR