İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni separatizmi körüklənir: Azərbaycana qarşı yeni cəbhə - sərt reaksiya

3720 18.11.2023 09:24 Siyasət A A

Rəsmi Bakı ABŞ-ın separatizmi dəstəklədiyini açıqladı; İrəvan “artsax”ın formalaşmasına qarşı getsə də, amerikalı konqresmenlər əl çəkmir və Bakıya təhdidi davam etdirir - şərh

ABŞ-ın Ermənistandakı səfiri bir neçə gün əvvəl Avropa İttifaqının (Aİ) Ermənistandakı Monitorinq Missiyası ilə birgə Azərbaycanla həmsərhəd olan Tavuş bölgəsində olub. “ABŞ səfiri Kristina Kvien Tavuş vilayəti ərazisində patrul xidməti üçün Aİ-nin Monitorinq Missiyasına qoşulub. Səfər Missiyanın İcevandakı ofisi tərəfindən həyata keçirilib”, - məlumatda deyilir.

“Yeni Müsavat” qeyd edir ki, bu günlərdə Avropa İttifaqı kapitulyant ölkədə Monitorinq Missiyasını daha da genişləndirmək qərarı verib. Paralel surətdə Bakı və İrəvan arasında sülh sənədini əngəlləməyə xidmət edən digər addımlar atılır. O sırada Fransa vasitəsilə Ermənistan üçün yeni silahlar tədarük edilir, ABŞ və Avropanın aparıcı mediasında Bakının ən yüksək səviyyədə təkzib etməsinə rəğmən, Azərbaycanın guya Ermənistana hücuma hazırlaşması barədə iddialar tirajlanır, Azərbaycana qarşı qərəzli yazılar dərc edilir. Ermənistanda revanşist ovqatın qalmasına çalışılır.

Daha bir anti-Azərbaycan demarşı: Qarabağ məsələsi tam qapandığı halda, noyabrın 15-də ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsində “Dağlıq Qarabağın gələcəyi” təxribatçı mövzusunda dinləmələr keçirib. Dinləmələrə ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Brayn və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Avrasiya və Avropa Bürosunun administratorunun müavini Aleksandr Sokolovski də qatılıb. Ölkəmizin ünvanına sülh prosesi ilə bir araya sığmayan iftiralar səslənib. Bu, sözsüz ki, ABŞ-dan Güney Qafqazın açar ölkəsinə qarşı növbəti pislikdir. Axı mövcud olmayan “Dağlıq Qarabağ”ın hansı “gələcəyi”ndən söhbət gedə bilər? Amerikalı konqresmenlər və rəsmilər nə vaxtadək suverenliyimizə, daxili inzibati ərazi bölgümüzə sayğısızlıq edəcək, erməni separatizmi ilə Bakını təhdid edəcəklər? Ümumiyyətlə Birləşmiş Ştatlar, bütövlükdə Qərb bütün bunlarla bizə nəyin mesajını verir - sülhün, yoxsa savaşın?

Maraqlıdır ki, Ermənistan hakimiyyətinin özü separatizmdən faktiki əlini üzüb və ona dəstək verməyə hazırlaşmır. Məsələn, Ermənistan parlamentinin sədri Alen Simonyan deyib ki, Qarabağ separatçılarına Ermənistanda hər hansı bir institut yaratmağa imkan verilməyəcək. Onun sözlərinə görə, İrəvanın separatçıların hansısa təşkilatını maliyyələşdirmək planı yoxdur. O, Qarabağla bağlı hər hansı institutlarının yaradılması cəhdini Ermənistanın təhlükəsizliyinə təhdid və zərbə sayır. Parlament sədri öz həmkarlarını belə bir mövqe tutmağa çağırıb. Bununla belə, onun fikrincə, Qarabağ ermənilərinin problemləri var və Ermənistan rəhbərliyi bunları həll etməlidir. Yeri gəlmişkən, məhv edilmiş qondarma rejimin dövründə Hadrutun oyuncaq meri olmuş Vahan Savadyan deyib ki, əgər “dövlət strukturlarımız” Ermənistan üçün maneədirsə, “artsax hakimiyyəti”nin başqa ölkədə işləməsinin tərəfdarıdır: “Mən demirəm ki, bu halda böyük uğur olacaq, amma heç olmasa ”artsax"ın son səhifəsi bağlanmayacaq. Məsələn: Fransa. Bəlkə də başqa ölkə, mən əminəm ki, Azərbaycanın apardığı siyasət bəzi ölkələrə o qədər düşmən münasibət bəsləyir ki, bizi qəbul edəcək ölkələr olacaq. Müəyyən şərtlərlə, əgər “artsax”da Azərbaycan ordusu olmasa, hökumət erməni olsa və məktəblərdə Azərbaycan və rus dilləri deyil, erməni dili tədris edilsə, mən etiraz etməyəcəyəm. Amma beynəlxalq sülhməramlılar Rusiya kimi olmamalıdırE Mən əminəm ki, o zaman çoxları qayıdacaq".

Qarabağın dağlıq hissəsi terror yuvasına çevrilməkdədir" - ZAUR MƏMMƏDOV

Zaur Məmmədov

Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov hesab edir ki, ABŞ Qafqazdakı hadisələrə, həm də, İran və Rusiya baxış bucağı çərçivəsində yanaşır: “Lakin okeanın o tayındakı strateqlər bilməlidirlər ki, bu və digər məsələlərdə onların Ermənistana vurğu etmələrinin perspektivi yoxdur. Ermənilər isə, boşuna həvəslənməsinlər. Rusiyaya arxa çevirmək onlara baha başa gələcək. Öz növbəsində, Uzaq Qərbdəki seçkilərdən sonra Qafqaza baxış bucağı da dəyişəcək. 1 milyonluq erməniyə görə heç kim Azərbaycan və Türkiyə ilə küləyi uzunmuddət əsdirməyəcək. ABŞ - Azərbaycan münasibətlərində hazırki qara buludlar bir azdan dağılacaqlar”. Onun fikrincə, ABŞ, Fransa Azərbaycan və Ermənistan arasında imzalanması üçün hazırladıqları sülh müqaviləsinin mətnində Qarabağ ermənilərinin qayıdışı, onların hüquq və təhlükəsizliklərinin təmin edilməsi öhdəliyini rəsmi Bakının üzərinə qoymaq istəyirlər: “Azərbaycan bu cür mətnə imza atmayacaq və ona görə də Qərbdə təklif edilən görüşlərdən bu vəziyyətdə imtina ediləcək”.

Asif Nərimanlı yazır...

Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, ABŞ Konqresinin Nümayəndələr Palatasında “Dağlıq Qarabağın gələcəyi” mövzusunda keçirilən dinləmələr erməni lobbisinin “əl işi” olsa da, Vaşinqtonun Cənubi Qafqaz siyasətinin bir hissəsidir: “Birincisi, dinləmələrə ”Dağlıq Qarabağın gələcəyi" adının verilməsi tamamilə bitmiş və perspektivi olmayan “Qarabağ münaqişəsi”ni gündəmdə saxlamaq, erməni separatizmini körükləmək cəhdidir. Azərbaycan bunu nəyin bahasına olursa olsun qəbul etməyəcək. İkincisi, Azərbaycan Fransanın vasitəçiliyindən imtina etdikdə sonra Paris faktiki oyundan kənarda qaldı və bunu heç bir təzyiq dəyişdirə bilmədi. Vaşinqton da oyundan kənarda qalarsa, təzyiqlə nəyəsə nail ola bilməyəcək. Üçüncüsü, Qarabağda erməni separatizmi ləğv edilib, bundan sonra sülh müqaviləsi imzalanmasa belə Azərbaycan itirən tərəf olmayacaq və bu, Bakıya istəmədiyi masada danışıqlardan imtina etmək imkanı yaradır, əksinə, hansı masada danışıqlara razı olarsa, həmin tərəfi ön plana çıxara biləcək. Azərbaycan artıq noyabrın 20-də keçirilməsi nəzərdə tutulan Vaşinqton görüşündən imtina etdi və bu imtinada itirən tərəf Bakı deyil".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR