İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğanın seçki “səfərbərliyi” - xalq “Bay Kamal”, yoxsa “Qudbay, Kamal” deyəcək?

1169 15.04.2023 08:25 Siyasət A A

Türkiyədə kritik prezident və parlament seçkilərinə 1 aydan da az qaldı. Bu ərəfədə sosioloji xidmətlər ictimai rəyi əks etdirmək üçün müxtəlif sorğular keçirir, prezidentliyə əsas iddiaçılar arasında rəqabət daha sərt xarakter alır.

Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun elmi işçisi Nadejda Qlebova seçkiqabağı vəziyyəti Oxu.az-a şərh edərkən deyib ki, təkcə qarşıdakı illərə deyil, onilliklərə təsir edə biləcək tamamilə fərqli halların üst-üstə düşməsi səbəbindən Türkiyənin indiki vəziyyəti çox maraqlıdır: “Bir tərəfdən, Türkiyə son dərəcə çətin iqtisadi və siyasi şəraitdədir, digər tərəfdən, ölkə bu seçkilərə tamamilə fərqli bir statusda, öz maraqlarını beynəlxalq səviyyədə müdafiə etməyə qadir olan və qlobal proseslərə əhəmiyyətli dərəcədə təsir göstərə bilən dünya dövləti kimi gedir”.

Ekspert Türkiyə vətəndaşlığını almış suriyalı qaçqınların, eləcə də fevral zəlzələsindən zərər çəkmiş əyalətlərin əhalisinin iştirakını nəzərə alaraq qarşıdakı seçkilərdə demoqrafik təsirin ön planda olduğunu deyib və bu halın bütün kursu dəyişə biləcəyini vurğulayıb: “Burada hakim partiyanın xeyrinə oynaya biləcək bir neçə maraqlı məqam var. Bu və digər amilləri öz xeyrinə istifadə etməsəydi, Ərdoğan Ərdoğan olmazdı. Onlara əsaslanaraq, o, əvvəlki kimi həmlə tonunda kampaniya aparır, qərargahının təşviqat videolarına baxanda bunu görmək olur - bu, həm ruh, həm də mahiyyət etibarilə səfərbərlik kampaniyasıdır”.

Qlebova iqtisadiyyatı və dövlət strukturunu seçkilərin güclü tərəfi adlandıraraq, bunun qadınların statusunun dəyişdirilməsi, təhsilin inkişafı kimi sosial sferanın hələ inkişaf etməmiş, qeyri-müəyyən məsələlərini gündəmə gətirdiyini qeyd edib. O, Türkiyənin ən böyük xəstəxanalarından birində Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən iftarı nəzərdə tutaraq son günlər situasiyanı bu istiqamətə yönləndirmək cəhdlərini xatırladıb.

Onun sözlərinə görə, bu ziyarət qismən sosial sferaya çıxış və müraciət üçün istifadə olunub. “Düzdür, sosial sferaya bu "dönüş" hələlik müxalifətin belə məsələlərdə müəyyən üstünlüyünü aşa bilmir", - deyən ekspert Kamal Kılıçdaroğlunun Sosial Sığorta Fondunda çoxillik təcrübəyə malik olduğunu da qeyd edib.

Ekspert seçkilərdə kimin qalib gələcəyindən asılı olmayaraq, onun bundan sonra da cəmiyyəti və ölkəni Atatürkün qoyduğu yüksək kanonlara riayət etməklə, həmçinin öz baxışları ilə yeni tarixi şəraitdə inkişaf etdirmək zərurəti ilə üz-üzə qalacağını vurğulayıb.

Bəs qarşıdakı 1 ayda əsas iddiaçıların şansına ciddi təsir edəcək hansısa hadisə mümkünmü? Məsələn, Məmləkət Partiyasının sədri Məhərrəm İncə namizədliyini Ərdoğanın xeyrinə geri çəkə bilərmi? Xalq 14 mayda “Rəcəb Tayyib”, yoxsa “Bay Kamal” deyəcək?

Tural Abbaslı evlənir - BU MƏŞHURUN QIZIYLA - Günün Səsi

Tural Abbaslı: “Ərdoğan böyük səs faizi ilə olmasa da...”

AĞ Partiya başqanı Tural Abbaslı bu suallar ətrafında “Yeni Müsavat”a çox önəmli açıqlamalar verdi. Başqan çox gərgin bir seçki prosesinin baş tutacağını bildirdi: “Türkiyədəki seçkilər əslində qardaş ölkənin özünün böyüməsi və dünyaya təsir imkanlarının artması, eləcə də özünün qarşısına qoyduğu hədəflərlə, iddialarla çox fərqli bir zəmində keçirilir. Türkiyə artıq dünyanın ön sıralarında qərarlaşan ölkələrdən biridir. Dünənə qədər Amerika, Fransa, yaxud Britaniyadakı seçkilərə necə diqqət olurdusa, artıq Türkiyədəki seçkilərə də dünya insanları, dövlətləri tərəfindən fərqli bir yanaşma var. Düşünürük ki, Türkiyədə baş verən hadisələr regiona, Azərbaycana, ümumiyyətlə, dünyaya təsir etmiş nəticələr olacaq.

Burada Ərdoğan və ya digərlərindən birinin qalib gəlməsi çox şeyi dəyişəcək. Təbii ki, bizim düşüncəmiz, arzumuz ondan ibarətdir ki, Türkiyənin hazırkı mövqeyi üçün, eləcə də Azərbaycan, Turan, türk-İslam dünyası üçün Ərdoğan və onun komandasının hakimiyyətdə qalması gərəklidir. İnanmıram ki, digər namizədlər Ərdoğan miqyasında bir siyasətçi olsunlar. İstər onun beynəlxalq əlaqələrini, istərsə də daxildəki iqtisadi inkişafını davam etdirə bilsinlər. Silah sənayesində Ərdoğanın qazandığı uğurları inanmıram ki, kimsə qazana bilsin. Biz düşünürük ki, Ərdoğanın seçilməsi Türkiyənin böyüməsi, türk-İslam dünyasının güclənməsi demək olardı. İnşallah, elə də olar.

Amma Türkiyə cəmiyyəti də çox maraqlı və qarışıq cəmiyyətdir. Baxın, Ərdoğan 21 ilə yaxındır ki, hakimiyyətdədir. O, ölkəsini aqrar ölkədən pilotsuz uçuş aparatları, pilotsuz qırıcı təyyarələr, təyyarə gəmiləri istehsal edə biləcək bir dövlət səviyyəsinə gətirib çıxarıb. Amma baxanda görürük ki, türk cəmiyyətində Ərdoğan və onun komandasını dəstəkləməyən kifayət qədər insanlar var. Burada həm də bir az ideoloji savaş gedir. Bir çoxları qəbul edir ki, Ərdoğan Türkiyəni inkişafa gətirib. Amma qardaş ölkədə həm də din söhbətləri var ki, cəmiyyəti çox parçalayıb. Bu da uzun illərin ideoloji savaşı nəticəsində daha çox baş verib. Eyni zamanda beynəlxalq güclərin Türkiyəyə sabotajı nəticəsində iqtisadi çətinliklər  meydana çıxıb.

Bütün bunlar təbii ki, Ərdoğanın seçilməməsi üçündür. Ortada risklər təbii ki, var. Amma inanıram ki, Ərdoğan böyük səs faizi ilə olmasa da, elə birinci turdaca 51 və ya 52 faiz səslə qalib gələcək və ikinci tura ehtiyac qalmayacaq. Seçkilər ikinci tura qalarsa, vəziyyət kifayət qədər Ərdoğan və komandası üçün qəliz ola bilər.

Amma heç kəs də düşünməsin ki, Ərdoğan seçkiləri saxtalaşdıracaq. Çünki adamlar seçkiləri saxtalaşdırmaq istəsələr, İstanbulda, Ankarada, İzmirdə, Trabzonda, Antalyada və digər iri şəhərlərdə bələdiyyə seçkilərində edərdilər, böyük şəhərləri uduzmazdılar. Türkiyədə artıq oturuşmuş, hamının nəticələrini qəbul etdiyi bir seçki mexanizmi formalaşıb. İnanırıq ki, Türkiyə xalqı yenə də Ərdoğan və onun komandasını seçəcək, Bay Kamala da bay-bay Kamal deyə biləcək, inşallah".  

QMİ Ramazan ayı ilə bağlı fətva verib

Kənan Rövşənoğlu: “İkinci tur kövrək müxalifət bloku üçün daha riskli olacaq”

Tanınmış siyasət yazarı Kənan Rövşənoğlu bir qədər fərqli düşünür. Onun fikrincə, ikinci tur müxalifət üçün də çox riskli ola bilər: “Seçkilərə bir ay qaldı. Əlbəttə, indidən qəti bir söz demək doğru olmazdı. Ancaq ümumi seçki prosesi ilə bağlı bir sıra məqamları analiz edərək bir fikrə gəlmək olar. Əlbəttə, iqtidar partiyası və prezident Ərdoğanın böyük seçki təcrübəsi var, artıq 20 ildən çoxdur ki, o, Türkiyədə - sonuncu 2019-cu ildəki bələdiyyə seçkiləri istisna olmaqla - bir qayda olaraq qazanır. Ərdoğan güclü natiqdir, mitinqlərdə böyük kütləyə xitab etməyi və onları ələ almağı bacarır. Üstəlik, böyük inzibati resurslar, hakim partiyanın imkanları, maddi gücü onun seçkilərdə şansını yüksəldir. Yenə də müxaliflərinə qarşı hücum taktikasından istifadə edir, onların zəif və bacarıqsız olduğunu, Türkiyəni məhz onun irəli apara biləcəyini kütləyə təlqin edir. Bu onun uğurla apardığı seçki taktikasıdır. Lakin eyni zamanda iqtidar partiyasının ciddi minusları da var. Türkiyənin son 20 ilini AKP idarə edib, yəni prezident Ərdoğan namizəd kimi rəqiblərinin işlərini tənqid edə bilmir, ən azı son 20 il üçün. Üstəlik, ölkədə çox dərin inflyasiya və milli valyutanın dəyər itirməsi son illərdə baş verib. Bu da əhalinin alıcılıq qabiliyyətinə mənfi təsir göstərib. Üstəlik, zəlzələ hökumətin ciddi səhlənkarlıqlarını və korrupsiya elementlərini ortaya qoydu. Müxalifətin əsas namizədi Kamal Kılıçdaroğlu isə seçki kampaniyasında "material" baxımdan korluq çəkməyəcək. Kamal bəy vətəndaşlara bir çox vədlər verib və iqtisadi olaraq hakimiyyət üçün bu vədlər ciddi başağrısı ola bilər.

Lakin müxalifətin də öz problemləri var. Müxalifət koalisiyasının həddən artıq kövrək və yekcins olmaması ən ciddi minusdur. Akşener hadisəsi göstərdi ki, koalisiya çox kövrəkdir və çox sərt olmayan bir “zərbə” nəticəsində dağıla bilər. Ona görə də Kamal Kılıçdaroğlunun üzərinə düşən əsas iş koalisiyanı ən azı seçkilərə qədər qoruyub saxlamaqdır. Yalnız birləşdirici - qucaqlayıcı bir lider olaraq Kılıçdaroğlu Ərdoğana qalib gələ bilər. Çünki iqtidar xəttinin ən zəif nöqtəsi məhz odur.

O ki qaldı Məhərrəm bəyə, bir çox müşahidəçilərə görə, CHP-dən çıxmış İncə seçkilərdə müxalifətdən səs qopara və nəticədə seçkilərin ikinci tura keçməsinə səbəb ola bilər. Əgər bu olarsa, ikinci tur kövrək müxalifət bloku üçün daha riskli olacaq. Lakin Məhərrəm İncənin açıq şəkildə Ərdoğana dəstək verməsi ehtimalı azdır. Onun ən böyük “dəstəyi” seçkiləri ikinci tura keçirmək ola bilər".

Cavanşir ABBASLI
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR