İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğanın Azərbaycana tarixi səfəri və dünyaya verilən mesajlar

568 14.06.2023 10:45 Gündəm A A

Azərbaycan-Türkiyə müttəfiqliyində yeni dönəm başladı; Türkiyə Prezidenti Şuşada baş konsulluğun açılması ilə bağlı təlimat verdi;  İlham Əliyev Ərdoğanla müzakirələrin yekunu haqda: “ Zəngəzur koridorunun tezliklə açılması qaçılmazdır”

Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə ölkəmizdə dövlət səfərində olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 13-də  rəsmi qarşılanma mərasimi olub.

Mərasimdən əvvəl Türkiyə Prezidenti Şəhidlər xiyabanını ziyarət edib,  “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Sonra Türkiyə Prezidenti Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə əklil qoyub, şəhidlik kitabəsinin üstünə gül dəstələri düzüb, xatirə kitabına ürək sözlərini yazıb.

Prezident Ərdoğan Fəxri Xiyabanda ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə əklil qoyub.

İyunun 13-də İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək, daha sonra geniş tərkibdə görüşü keçirilib. AZƏRTAC xəbər verir ki, Ərdoğanı salamlayan İlham Əliyev deyib ki, prezident seçkisindən qısa müddət sonra  Azərbaycana səfər etməsindən şaddır:  “Bir daha sizi qələbə münasibətilə təbrik etmək istəyirəm. Sizə yeni uğurlar arzulayıram. Əminəm ki, növbəti illərdə də bizim dostluğumuz, qardaşlığımız hər zaman olduğu kimi yüksək səviyyədə olacaqdır. Biz bu gün Sizinlə artıq təkbətək görüş əsnasında bir çox məsələləri müzakirə etdik. İndi heyətlər çərçivəsində də bunun davamı olacaq. Türkiyə-Azərbaycan birliyi, qardaşlığı - bu, beynəlxalq amildir, sabitlik, inkişaf və təhlükəsizlik amilidir. Prezident seçkilərində türk xalqının Sizə göstərdiyi inam bir daha Sizin uzun illər ərzində Türkiyə xalqına göstərdiyiniz xidmətlərə verilən yüksək qiymətdir. Siz bilirsiniz ki, Sizi Azərbaycanda çox sevirlər. Siz bizim əziz qonağımızsınız. Mən yeni hökumət üzvlərini də ürəkdən təbrik etmək istəyirəm. Bir çoxlarını tanıyıram. Hər zaman olduğu kimi, bizim görüşlərimiz həm görülən işlərə yekun vurur, eyni zamanda növbəti illərdə görüləcək işlərlə bağlı yol xəritəsi cızır. Əminəm ki, bu səfərdə də belə olacaq”.

Bakıda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və birinci xanım Əminə  Ərdoğanın şərəfinə dövlət ziyafəti verilib » Azmarka.az

Türkiyə Prezidenti qonaqpərvərliyə görə özü və heyəti adından səmimi təşəkkür edib: “Türkiyə-Azərbaycan qardaşlığı bütün dünyada qibtə ilə izlənilir. Bunun son örnəyini Türkiyədə baş verən zəlzələ fəlakəti zamanı gördük. Azərbaycan hökuməti və xalqı dərdimizi öz dərdi kimi bölüşdü və dərhal zəlzələ bölgəsinə heyət göndərdilər. Ürəyi bizimlə döyünən hər bir Azərbaycan vətəndaşına yenə şəxsən öz adımdan və millətim adından minnətdaram. Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəltdiyimiz əlaqələrimizi bütün sahələrdə inkişaf etdirməkdə qərarlıyıq. Şuşada baş konsulluğumuzu istədiyiniz vaxt açmağa hazırıq. Hakan bəy, bu məsələdə də heç gecikdirmədən, inşallah, Şuşadakı baş konsulluğumuz hər an açıla bilərsə, bu, təbii ki, yenə başda Ermənistan olmaqla, bütün dünyaya ayrı bir mesaj olacaqdır. Maarif Vəqfimiz Azərbaycan qurumlarının dəstəyi ilə təhsil-tədris sahəsində fəaliyyətini davam etdirir. İnşallah, gələn il məktəbimizin yeni təhsil korpusunu istifadəyə verməyi planlaşdırırıq. Əziz qardaşımla təkbətək görüşümüzdə xüsusilə Xəzərdən keçən Orta dəhliz və bu xüsusda Bakı-Tiflis-Qars dəmir yolu xəttini də bir an əvvəl müzakirə etməyimizdə fayda var”.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər. “Biz Zəngəzur koridorunun tezliklə açılması haqqında fikir mübadiləsi apardıq. Nə qədər tez olsa, o qədər yaxşıdır. Zəngəzur dəhlizinin açılması qaçılmazdır”, - deyə İlham Əliyev mətbuata birgə bəyanatında söyləyib.

 “Hər halda, biz bu istiqamətdə öz səylərimizi artıracağıq. Bu dəhlizin açılması bütün ölkələr üçün yeni imkanlar açacaq və bölgədə işbirliyi məsələlərinə də müsbət təsir göstərəcək. Türkiyə və Azərbaycan xarici siyasət sahəsində bundan sonra da vahid mövqedən çıxış edəcək. Bizim xarici siyasətlə əlaqədar apardığımız birgə fəaliyyət bölgə üçün də çox böyük önəm daşıyır”. İyunun 15-də Şuşa Bəyannaməsinin imzalanmasının ikinci ildönümünün qeyd olunacağını bildirən dövlətimizin başçısı deyib: “Şuşa Bəyannaməsi tarixi anlaşmadır. Bu anlaşma nəticəsində Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldu”. İ.Əliyev deyib ki, bölgənin inkişafı, sabitliyi və güvənliyi nöqteyi-nəzərindən Türkiyə-Azərbaycan birliyi faktoru çox önəmlidir.

Ermenistan KGAÖ'yü oyuna dahil etmek istiyor

Türkiyə Prezidentinin Azərbaycana dövlət səfərini şərh edən politoloq Elxan   Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, dövlətlərarası münasibətlərdə liderlərin şəxsi münasibətlərinin əhəmiyyətli rolu var: "Ərdoğan və İlham Əliyev arasında çox sıx münasibətlər formalaşıb. Bu, iki ölkə arasında strateji müttəfiqliyə də müsbət təsir edir. Azərbaycanla Türkiyə tarixdə indiki qədər bir-birinə bu qədər yaxın olmayıb. Müttəfiqlik daha çox 2000-ci illərdən etibarən formalaşmağa başladı. Tək siyasi təmaslar səviyyəsində deyil, iqtisadi əlaqələr, enerji layihələri də bu iki dövləti bir-birinə bağladı.

Türkiyədə prezident seçkilərində Azərbaycan ictimaiyyətinin Rəcəb Tayyib Ərdoğana birmənalı dəstək göstərməsi də Azərbaycanda Ərdoğana inamın növbəti təzahürü idi. Bu mütləq dəstəyin, Ərdoğanın qalibiyyətinə sarsılmaz inamın bariz nümunəsi kimi Azərbaycan Prezidenti İlham Əliyev seçkilərin birinci turundan sonra Rəcəb Tayyib Ərdoğana zəng etdi və onu yüksək səs faizi topladığına görə təbrik etdi.  Türkiyədəki prezident seçkilərinin ikinci turundan sonra da Rəcəb Tayyib Ərdoğanı ilk təbrik edən Azərbaycan Prezidenti oldu. Ərdoğan da çıxışında bu məqamı xüsusi qeyd etdi.  Türkiyə Prezidentinin inaqurasiya mərasimində isə Ərdoğanın və Türkiyənin birinci xanımının Azərbaycan Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya xüsusi münasibəti də münasibətlərin səviyyəsinin göstərici kimi bütün dünyaya nümayiş edildi. Dünya bir daha Türkiyənin və onun liderinin Azərbaycana, onun liderinə hər kəsdən fərqli xüsusi önəm verdiyinə şahid oldu".

Politoloq xatırlatdı ki, Türkiyənin 44 günlük Qarabağ müharibəsində Azərbaycana siyasi dəstəyi oldu, şəxsən Prezident Ərdoğan bu müharibədə Azərbaycana misilsiz siyasi dəstək verdi: “Bu dəstək Azərbaycana qarşı kənar müdaxilələrin neytrallaşmasında ciddi rol oynadı. Müharibədən sonra Şuşa Bəyannaməsinin imzalanması isə faktiki olaraq hərbi-strateji müttəfiqliyimizin rəsmiləşməsi oldu. Türkiyə-Azərbaycan dostluq münasibətləri dünya dövlətləri üçün mükəmməl nümunədir. Bundan sonrakı mərhələdə isə müttəfiqliyimizi daha da yüksək səviyyəyə qaldırmaq lazımdır. Şuşa Bəyannaməsinin bəndləri tam olaraq yerinə yetirilməli, Şuşada Türkiyə konsulluğu açılmalıdır. Hərbi sənaye kompleksimiz inteqrasiya olunmalıdır. Hesab edirəm bu və digər addımlar atılacaq və strateji müttəfiqliyi daha da üst səviyyəyə qaldırmaq mümkün olacaq. Burada iki liderin arasındakı dostluq münasibətlərinin də xüsusi rolu olacaq”.

Türkiyə Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - YENİLƏNİB

Azərbaycan-Türkiyə qardaşlığı 2023-cü il fevralın 6-da Türkiyədə baş vermiş dəhşətli zəlzələnin fəsadlarının aradan qaldırılması zamanı növbəti dəfə dünyaya nümunə göstərdi. Belə ki, Azərbaycan qardaş Türkiyədə baş vermiş güclü zəlzələnin ilk anlarından Türkiyəyə öz yardımı və dəstəyini əsirgəmədi. Azərbaycan dövləti, xalqı öz doğma qardaşlarına dəstək oldu. Biz bütün dünyaya bir daha nümayiş etdirdik ki, xalqlarımız arasında əsl qardaşlıq əlaqələri mövcuddur. Zəlzələnin ilk günlərindən Azərbaycanın dövlət səviyyəsində qardaş Türkiyəyə yardımı və dəstəyi sistemli həyata keçirildi və hər cür yardım sona qədər davam etdirildi. Eyni zamanda Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında güclü zəlzələnin fəsadlarının aradan qaldırılması ilə əlaqədar qardaş ölkəyə dəstək yalnız maddi və humanitar sferalarla məhdudlaşmayıb, eləcə də siyasi müstəvidə özünü göstərib.  Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Ankarada Türk Dövlətləri Təşkilatının dövlət başçılarının fövqəladə Zirvə görüşü keçirilib. Bu tədbirin Şuşada keçirilməsi nəzərdə tutulsa da, Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Prezident İlham Əliyev qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış edib. Bu, bir daha Azərbaycan-Türkiyə qardaşlığının, Türk dünyasında qarşılıqlı dəstəyin və hörmətin bariz nümunəsi idi.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR