İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğandan SOS - Türkiyəyə qarşı yeni məkrli oyun?

1150 04.11.2023 13:50 Dünya A A

Fikrət Yusifov: “Bu gün dünyada sağlam düşüncəli hər kəs Türkiyəni sevir”

Əhəd Məmmədli: “Ərdoğan böyük rəhbər kimi həm də xalqının müəllimidir”

“Cümhuriyyətimizin 100-cü ildönümünü məzmununa və önəminə yaraşan şəkildə 85 milyon olaraq birlikdə böyük qürurla qeyd etdik”.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin axırıncı iclasından sonra açıqlamasında deyib.

“780 min kvadrat kilometrə sıxışdığımız mövcud vətən torpaqlarını belə bizə çox görəcəklərini çox yaxşı bilirik. Heç kimə düşmən mövqe göstərmədən ordumuzu gücləndirməyə davam edəcəyik”, - deyə dövlət başçısı bildirib.

Türkiyə lideri nəyə, hansı qüvvələrə işarə vurur? Daxildə separatizmin güclənməsinə, yeni çevriliş cəhdlərinə, yoxsa? Qardaş ölkəyə qarşı yeni məkrli plan və ya oyunmu qurulub? Bu bir ehtimaldır, yoxsa konkret kəşfiyyat məlumatlarına əsaslanan bir açıqlama? Yaxud Türkiyə Yaxın Şərqdə savaşa cəlb edilə bilərmi?  

Xatırladaq ki, Şuşa Bəyannaməsinə əsasən Azərbaycana hücum Türkiyəyə, qardaş ölkəyə hücum isə Azərbaycana hücum deməkdir.

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov qardaş ölkənin müstəqil siyasət yürütməsini dünya güclərinin həzm edə bilməməsindən söz açdı:

fikret.jpg (121 KB)

“Türkiyə-Azərbaycan bir millət, iki dövlətdir. Dünyada bir-birinə qəlbi ilə bağlı bu qədər yaxın olan iki dövlət nümunəsi yoxdur. Tarix boyu bu iki dövlət ən çətin günlərdə bir yerdə olmağı bacarıblar. İstər Türkiyənin bir dövlət kimi taleyi həll olunan Çanaqqala döyüşlərində, istərsə də erməni cəlladlarının 1918-ci ildə Azərbaycanda törətdikləri soyqırımlar zamanı biz bir yerdə olmuşuq və bu gün də bir yerdəyik. Biz bir yerdə olmağa məhkumuq. Bu taleyin hökmüdür.

Türkiyəmizin 100 illik yubileyi bütün Türk dünyası üçün böyük bir bayram oldu. Biz Türkiyəmizlə fəxr edirik. Onun qüdrəti artdıqca, biz də və bütün türk dünyası da güclənir. Bu gün dünyada sağlam düşüncəli hər kəs Türkiyəni sevir. Çünki türklər tarix boyu haqq davası edib, ədalətin keşiyində dayanıblar. Səlcuqlu, Osmanlı dövrlərində türklər özlərinin bu məramının altından tarixi bir möhür vurmağı bacarıblar. Bu möhürlə də dünyada haqqın, ədalətin carçısı kimi tanınıb qəbul edildilər.

Tarix boyu məkrli xislətə söykənib, xalqlar arasında nifaq salaraq öz maraqlarını reallaşdırmağa köklənmiş Qərbin imperiya əhvallı dövlətləri Türkiyəni məhz bu mövqeyinə görə sevməyiblər və ona qarşı bir mübarizə cəbhəsi alovlandırıblar. Lakin onlar Türkün haqq yolundakı birliyi və mətinliyi qarşısında sonda bir qayda olaraq aciz duruma düşərək, məğlub olublar. Baxın, bu gün Rusiyadan, Fransadan, İngiltərədən, Amerika Birləşmiş Ştatlarından fərqli olaraq dünyada Türkiyəmizə ürəkdən güvənən, onu ürəkdən sevən və onu özünə qardaş bilən, ona xilaskar kimi baxan nə qədər dövlətlər, nə qədər xalqlar var. Kimsə ABŞ-ı, İngiltərəni, Fransanı, Almaniyanı, Rusiyanı və başqa nəhəngləri bu qədər sevən dövlətlər, xalqlar tanıyırmı? Yox əsla! Çünki onların yolu Türkiyənin yolu ilə eyni deyildir. Onlar kiminlə dostluq edirlərsə də, bu dostluğun altında böyük maddi maraqlar dayanır.

Bütün bu söylənilənlər səbəbindən böyük güclərin Türkiyəyə qarşı həmlələri durmadan, dayanmadan artır. 2016-cı ildə Türkiyədə dövlət çevrilişi cəhdini kimlər təşkil etmişdi? FETO deyilən bir təşkilatını kimlər yaradıb maliyyələşdirir? İllərdir Türkiyəyə qarşı terror aktları törədən PKK kimi terrorçu təşkilatları kimlər yaradıb, kimlər maliyyələşdirir?

Bütün bu basqılara rəğmən, son onilliklər ərzində Türkiyəmiz durmadan, sürətlə inkişaf edir və dünya siyasət müstəvisində daha böyük bir gücə çevrilir. Bu gün bölgədə kim Türkiyə ilə hesablaşmaya bilər? Türkiyə NATO üzvü olsa da müstəqil siyasət yürüdə bilən nəhəng gücdür.

Türkiyənin Qərbin istəyi ilə davranmaması, bir sözlə onun yedəyində getmək istəməməsi Qərb nəhənglərini çox əndişələndirir. Elə bu səbəbdən də Qərb Türkiyəni sındırmaq, onu “sözə baxan” bir dövlətə çevirmək yolundan əl çəkmək istəmir. Bu qərbin xislətinin iç üzüdür. Lakin bütün bunlar əbəs çabalardır. Türkiyə bu gün dünyada ən güclü ordusu və bu ordunu ən müasir silahlarla təchiz edə biləcək hərbi sənayeyə sahib bir dövlətdir. Türkiyə bu gün bu sahədə öyrənən deyil, öyrədən bir dövlətə çevrilib. Buna görə də indi Qərbə Türkiyəyə nəyisə öyrətmək yox, ondan nələrisə öyrənmək yaxşı olardı.

Şuşa bəyannaməsi ortadadır. Türkiyəmizə hər hansı bir hərbi təcavüz olursa, biz qardaşımızın yanındayıq. Türkiyə dünya siyasətində öz mövqeyini yetərincə qoruyub saxlayacaq ağıllı xarici siyasətə sahib bir dövlətdir. Onu heç kim hər hansı bir münaqişəyə təhrik edə bilməz”.

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli Ərdoğanın eyham vurduğu məqamlara toxundu:

b21cf0b0aa56e2f96d47b8dc4db73637.jpg (27 KB)

“Əvvəla, Tayyib Ərdoğan bununla qeyd edir ki, indiki ərazi miqyası Türkiyənin real ərazi miqyası olmamalıdır. Osmanlıdan Türkiyəyə bir parça qalıb. Bu bilirsiniz nəyə oxşayır? Təsəvvür edin ki, sabah Rusiya Federasiyası dağılır və rus dövləti indiki Moskva vilayəti və ətrafı tərkibində qalır və ruslar da bunu bayram kimi hər il qeyd edirlər. Tayyib Ərdoğan böyük bir türk dövlətindən balaca parçanın qalması barədə tarixi ədalətsizliyə vurğu yapdı.

O ki qaldı çıxışının digər hissəsinə, nəhəng türk dövlətinin qalıqları nəticəsində qurulan Türkiyə Cümhuriyyətinə, ərazisinə də göz dikənlər var. Bunu da türkiyəlilərə çox görürlər. Sevr müqaviləsi üzrə türklərə ümumiyyətlə, çox kiçik bir parça vermişdilər, o da belə imperialistlərin mandatı altında idi. Rəcəp Tayyib Ərdoğan Cümhuriyyətin 100 illiyində tarixdən lazımi nəticə çıxarmağı xalqına söylədi. O, böyük rəhbər kimi həm də xalqının müəllimidir. Türkiyə müstəqil siyasət apardıqca, gücləndikcə, inkişaf etdikcə, böyüdükcə həmişə təhdidlər, təhlükələrlə üz-üzə gələcək, amma bütün bunları etməsə o təhlükələr, təhdidlər reallaşa bilər. Bunun olmaması üçün də Türkiyə böyüməyə davam etməlidir. Türkiyənin nə qədər çox böyüməsi təkcə özü üçün deyil, həm də türk və İslam dünyası üçün təhlükəsizlik çətiridir”.

Cavanşir ABBASLI,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR