İnsanlara hürriyət, millətlərə istiqlal!

“Əqrəb mövsümü” kimləri sancdı?

2270 05.02.2023 19:10 Yazarlar A A

 

Bəlkə də bu serialın rejissoru Emil Quliyev jurnalistlərə bir saatlıq müsahibə vermək üçün 500 manat pul istəməsəydi, mən də “Əqrəb mövsümü”ndən xəbərdar ola bilməyəcəkdim. Gərgin iş rejimi, canlı yayımlar, xəbərin axarına düşmüş.... ömrümüz imkan vermir yerli seriallara saatlarla vaxt ayıraq.

Amma rejissor bəlkə də öz aləmində "priyom" işlətdi və içi mənim kimi siyasətlə yoğrulmuş jurnalistlər qarışıq, hər kəsin diqqətini özünü cəlb etdi. “Dövlətdən maliyyələşən serialın rejissoru nə haqla müsahibə üçün özəl media qurumlarından pul istəyir?” deyib hayqırdıq öncə. Sonra da beynimizdəki o daşlamış “bizdə bəyəm serial çəkə bilirlər ki?” sualını verib, yerli kanallarda yayımlanan bəzi bəsit serialları yadımıza saldıq. O məişət söhbətlərini seriala daşıyan, “ağəəz” deyə başlayan gəlin-baldız dialoqlarını az qala bütün serial boyu uzadan nümunələr düşdü yadımıza. İstəsək də, istəməsək də, etiraf etməliyik – bizdə serial industriyasına da pul silmə yeri kimi baxırlar. Təxminən keyfiyyətsiz asfaltlar kimi – yamayırsan-yamayırsan, amma ilk yağışda yenə də çökür…

Keçək mətləbə. “Əqrəb mövsümü” detektiv serialdır. Bütün detektiv seriallarda olduğu kimi ilk bölümdən etibarən qatilin kimliyi tamaşaçını maraqlandırır. Məsələnin bu tərəfi bütün kriminal seriallar, detektiv əsərlər üçün keçərlidir. Ehtirasla izləyirsən - əcəba qatil budurmu deyə…

İkincisi, serialda ütülü dil yoxdu – qəhrəmanlar bizim kimi, bəzən rus dilində sözlərdən, bəzən söyüşdən, bəzən də vulqar ifadələrdən istifadə edir. Dialoqlar da səmimi üslubdadır, kitabdan çıxmış kimi deyil. Qəhrəmanlar həyatda tanıdığımız insanlara bənzəyir. Ssenari süni şəkildə uzadılmır, hər şey dadında və dozasında davam edir. Aktyor, musiqi, tərtibat seçiminə… söz ola bilməz. Aktyor peşəkarlığı isə insanın sadəcə ruhunu oxşayır. Bu səbəbdən də bir həftə sonumu məhz bu 12 bölümlük seriala həsr etdim və dincəldim deyə bilərəm. Bəzən olur – seriala baxırsan və müəyyən bölümdə nədənsə iyrənir, əsəbləşir, ya da ssenaristin sənin zəkanı doladığı qənaətinə gəlib, yarımçıq qoyursan seyri. Burda isə az öncə sadaladığım, zərgər dəqiqliyi ilə olan seçimlər bu yarımçıqlığa əsas vermir.

Hə, hər şey mükəmməldirmi? Xeyr, təbii ki. Azərbaycan kimi bir ölkədə polis və prokurorluq orqanlarını kristal təmiz, eyni zamanda qüsursuz kimi təqdim etmək istehzalı gülüş qondurur insanın dodaqlarına. Çünki ortaya gerçəkçi bir serial, tamaşaçını özünə inandıran əsər qoymaq istəyirsənsə, ölkə reallıqlarının heç olmasa ucundan-qulağından nəsə təqdim etməlisən. Anlayıram ki, dövlət büdcəsinə maliyyələşən serialdır və İTV-də yayımlanır. Amma 12 bölüm davam edən qalmaqallı bir istintaqdan söhbət gedəndə, orda rüşvət alan bir sistem işçisi, işini yarıtmayan, yola verən, sifarişlə işləyən bir polis mütləq görməliyik. Yəni, rəhbərlikdə olanı ifşaya imkan yoxdursa, heç olmasa ən aşağı ranqdakı ilə bağlı bir “əqrəb sancması” etmək olardı. Dedim axı, tamaşaçı və onun zəkası məsələsi…

Amma insaf naminə… Türkiyə kanallarında reytinq rekordlarına imza atan, bəzən bir evin içində 50 sevgi macərası, yasaq münasibətin yaşandığı serialların əksinə burda reallıq var. Yəqin baxmısız, bəzi Türkiyə seriallarında bir villada qayın gəlinə, qulluqçu evin bəyinə, evin xanımı bağbana… aşiq olur. Villada hansı otağın qapısı açılırsa, orda bir aldatma hekayəsi üzə çıxır. “Əqrəb mövsümü”ndə də idel ailə həyatı təqdim olunmur. Orda da xəyanət əsasında ortaya çıxan bir faciənin izləri var. Amma dediyim kimi, dozasında, “şirin çay” etmədən… Heç kəs bu cəmiyyəti çəhrayı eynəklərlə təqdim etməməlidi. Sağımızda-solumuzda yaşanan cinayət, narkomaniya, əxlaqsızlıq…seriala daşınanda düşmən yanında xar olmuruq. Olmayanları olmuş kimi təqdim edəndə gülünc duruma düşürük. Məsələ budur..

O mənada da “Əqrəb mövsümü” sevindirdi. Serial industriyası hələ ölməyib, nəfəsi gedib-gəlir, bizi özünə cəlb edə bilir deyə ümidim artdı. Demək ki, pul silmədən, seriallara dövlət büdcəsindən ayrılan vəsaiti basıb yemədən də ortaya iş çıxarmaq olarmış da. Xatırladıram ki, serialın ümumi büdcəsi 249 min 643.60 manatdır. Bu rəqəmə həm aktyorların qonorarı, həm rekvizitlərin alınması - bir sözlə bütün xərclər daxildir. Layihənin heç bir sponsoru yoxdur və qeyd olunan maliyə vəsaiti İTV-nin büdcəsindən ayrılıb.

Serialdakı favori aktyoruma gəlincə, mən Azər Aydəmir deyirəm. Performansa söz ola bilməz. Pafos qatmadan, səmimi, olduğu kimi… Ən sevdiyim səhnə isə… 8-ci bölümdəki rəqs səhnəsi… Kor atasının təşkil etdiyi məclisdə dəlicəsinə, çılğıncasına, atasının kor gözlərinə girmək istərcəsinə rəqs edən cinayətkar oğul… Ailə faciəsi, amma serialın şah səhnəsi…
Odur ki… Davam edin, gözəl insanlar. Barı bir işimiz ürək açsın… Heç olmasa televizoru açanda seriallardan yalan, pafos, bayağılıq evlərimizə dolmasın. Siz müsahibə üçün 500 manat istəsəniz də olar. Onsuz da bu ölkədə onu sizə ödəyəcək media qurumu yoxdur… Siz istəyin, biz ödəməyək. Amma işinizi pisləməyə də dilimiz olmasın…

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR