İnsanlara hürriyət, millətlərə istiqlal!

Ənənəvi müxalifətin seçkidə namizədi olmayacaq? - rəylər

1187 14.12.2023 12:28 Siyasət A A

Mərkəzi Seçki Komissiyasının 7 fevral növbədənkənar prezident seçkisinə dair təsdiqlədiyi Təqvim Planına əsasən dekabrın 9-dan prezidentliyə namizədlərin irəli sürülməsi üçün nəzərdə tutulan tarix başlayıb. Beləliklə, seçki prosesinə ölkədə rəsmən start verilib. 

MSK təşkilati işlərini sürətlə həyata keçirir, hakim Yeni Azərbaycan Partiyası da prosesə başlayıb. Yeni Azərbaycan Partiyasının 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində namizədi İlham Əliyev olacaq. Bu barədə YAP sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov məlumat verib.

O bildirib ki, YAP İdarə Heyəti növbədənkənar prezident seçkiləri ilə əlaqədar Tədbirlər Planını yekunlaşdırmaq üzrədir. Tahir Budaqov qeyd edib ki, yaxın günlərdə YAP İdarə Heyətinin iclası olacaq, vaxtı açıqlanacaq. Onun sözlərinə görə, prezidentliyə namizəd YAP İdarə Heyətinin iclasında irəli sürüləcək. Çünki sonuncu qurultayda İdarə Heyətinə belə bir səlahiyyət verilib.

YAP sədrinin müavini diqqətə çatdırıb ki, artıq prezidentliyə namizəd bəllidir: “Uzun illərdir hamı deyirdi ki, kim Qarabağı azad edəcək, o bizim əbədi prezidentimiz olacaq. Düşünürəm ki, İlham Əliyev 20 ildə həyata keçirdiyi siyasətlə, Azərbaycan xalqına xidmətlə və işğal olunmuş əraziləri azad etməklə bu vəzifəni, bu titulu daşımağı qazanıb. Hər bir vətənpərvər azərbaycanlı bu fikirdədir. İdarə Heyətinin iclasında da hər kəs öz fikrini bildirəcək. YAP-ın fikri bu barədə qətidir”.

Abutalıb Səmədov partiyasını niyə bağladı? – Özü danışdı - GlobalInfo.az

Abutalıb Səmədov: “Adama deyərlər ki, sənə meydan verilir, çıx danış, tərəfdarlarının sayını artır, bundan sonrakı seçkilərə hazırlaş”

Beləliklə, iqtidarın namizədi, tədbirlər planı artıq bəllidir. YAP-dan başqa heç bir partiya bugünədək seçkidə namizədinin kim olacağını elan etməyib. Nəinki namizədlərini irəli sürməyiblər, hətta seçkidə iştirak edib-etməmək barədə qərara gələ bilmədikləri müşahidə olunur. Müxalifət bugünədək ancaq fikirləşməklə məşğuldur. Ənənəvi müxalifət - Müsavat, AXCP, KXCP, AMİP kimi tanınmış partiyalar nə seçkidə iştirakla bağlı bir fikir bildirir, nə də hansısa partiya lideri namizəd olacağını deyir. Görünən budur ki, ənənəvi müxalifət seçkidə iştirak haqda düşünmür. Çəkindikləri nədir? Seçkidə iştirak üçün resursları yoxdurmu? Xüsusən özünü “əsas müxalifət”, “xeyli elektoratı olan” adlandıran partiyalar və partiya sədrləri niyə prezidentliyə namizəd olmaq istəmirlər? 

Siyasi şərhçi Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, hakimiyyətin namizədinin favorit olduğu seçkilərdə iştirak eləmək çox çətindir. Bugünkü şəraitdə Prezident İlham Əliyevə rəqib olacaq siyasi qüvvə yoxdur: "Seçkilərə qatılanlar daha çox partiyalarını, özlərini təbliğ eləmək məqsədilə, tanınmaq, populyarlaşmaq istəyi ilə qatıla bilərlər. Bunun üçün də qabiliyyət, savad, səviyyə lazımdır. Özündə bu gücü, bu səviyyəni hiss eləyənlər yəqin ki, seçkiyə qatılacaqlar. Hesab edirəm ki, azı 4-5 şəxs seçkidə iştirak etmək qərarına gəlib. Hələ ki bu qərarlarını elan eləməsələr belə, seçkidə namizəd olmaq fikrindədirlər. Xaricə bağlı müxalifətə gəlincə, söhbət əsasən AXCP və Müsavatdan gedir, onlar da seçkidə iştirak etməkdən qorxurlar. Ona görə də seçkidə namizədlə iştirak etməmək üçün müxtəlif bəhanələr gətirirlər, növbədənkənar seçki qərarının qəfil olduğunu deyirlər və bunu bəhanə edirlər. Bunlar dərk eləmirlər ki, növbədənkənar seçkilər dünyanın hər yerində keçirilir və bu, tamamilə adi haldır. Bir baxsınlar Yaponiyada, Britaniyada və başqa dövlətlərdə nə cürdür. Əksər seçkilər növbədənkənar olur. Hakimiyyətdə olan qüvvə özü üçün ən əlverişli məqamı seçib seçki təyin edir”.

Siyasi şərhçi qeyd etdi ki, müxalifətin işi hər gün seçkiyə hazır olmaqdır. Əgər müxalifət hər gün seçkiyə hazırlaşsaydı, seçkiyə hazırlıqlı olardı: “İndi də əslində vaxt problemi yoxdur. Səviyyə problemi var. Sən xalqın qarşısına çıxıb nələrsə deyə, inandıra bilərsənmi, insanlar sənin arxanca gələrmi? Bu sualı müxalifət özünə verir və başa düşürlər ki, xalq onların arxasınca gəlməz. Üstəlik, İlham Əliyev 200 illik tarixin ən böyük qələbəsini qazanıb. Belə bir vəziyyətdə kim onunla rəqabət apara bilər?

Təbii ki, heç kim. Bu səbəbdən seçkidə iştirak etməmək üçün müxtəlif bəhanələr uydururlar. Adama deyərlər ki, sənə meydan verilir, çıx danış, tərəfdarlarının sayını atır, bundan sonrakı seçkilərə hazırlaş. Bu seçkidə İlham Əliyev kimi nüfuzlu namizədin qarşısında heç kimin şansı yoxdur. Ancaq gələcək seçkilərə hazırlaşmaq olar. Söhbət həm də parlament seçkilərindən gedir. Mənə belə gəlir ki, AXCP, Müsavat və digər bu qəbildən olan partiyalar seçkiyə qatılmağa meyllidir. Bir tərəfdən qorxurlar, o biri tərəfdən istəyirlər. Onu da dərk edirlər ki, onların bəhanələrini xalq qəbul eləməyəcək və seçkiyə qatılmasalar, bir az da nüfuzdan düşəcəklər. Vəziyyət belədir. Yəqin yaxın bir həftədə namizədlər irəli sürülməyə başlayar və biz maraqlı bir seçki kampaniyasını müşahidə edərik”.    

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə isə bildirdi ki, növbədənkənar seçkinin keçirilməsinin qəfil qərar olduğunu bəhanə edib seçkiyə indidən kölgə salmaq gücsüzlüyünü etiraf etməkdir: "Müxalifət İlham Əliyev kimi güclü rəqibin qarşısında çox zəif olduğunu bilir. Onların namizəd irəli sürmək məsələsində tərəddüdləri həm bununla bağlıdır, həm də resurslarının yetməməsi ilə əlaqədardır. Növbədənkənar prezident seçkisinin keçirilməsi zərurətdən, ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrdən irəli gəlib. Ümumiyyətlə, növbədənkənar seçkilərin keçirilməsi dünyada qəbul olunmuş siyasi təcrübədir. Bu, bir faktdır ki, müstəqil Azərbaycanın tarixində ilk olaraq seçki bütün ölkə ərazisində keçiriləcək. 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisindən sonra ölkəmizdə yeni dövlətçilik erası başlayacaq. 1993-cü ildən bu vaxta qədər keçirilən seçkilər məlum səbəbə - torpaqlarımızın 20 faizinin işğal altında olması və bir milyona yaxın soydaşımızın doğma yurdlarından didərgin salınaraq məcburi köçkün vəziyyətində yaşamasına görə prezident, parlament və bələdiyyə seçkilərində iştirak edə bilmirdi. Hətta bu fakt bir sıra beynəlxalq təşkilatların ölkəmizdə keçirilən seçkilər zamanı apardığı müşahidələrin yekununa əsasən hazırladıqları rəy və bəyanatlarda da öz əksini tapırdı.

2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında bir günlük antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaratdı. Odur ki, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək. Növbədənkənar seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir. Bu seçki Zəfər seçkisidir. Artıq dünya birliyi Azərbaycanı qalib ölkə kimi qəbul edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2003-cü ildə keçirilən andiçmə mərasimində xalqa verdiyi sözə tam əməl etdi. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Bu gün Azərbaycan Bayrağı işğaldan azad edilmiş Xankəndidə, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda əzəmətlə dalğalanır. İşğaldan azad olunmuş ərazilərə köçürülən əhali də artıq seçici siyahısına daxil edilib. Onlar növbədənkənar seçkilərdə doğma yurdlarında səs verəcəklər. Zəfəri Azərbaycana qazandıran Prezident İlham Əliyevin nüfuzu xalq arasında o qədər yüksəkdir ki, heç bir siyasətçi, partiya sədri onunla rəqabətə girməyə təbii ki, risk eləmir. Çünki İlham Əliyev kimi xalq sevgisini qazanmış namizədin qarşısında ağır məğlubiyyət qaçılmazdır.

Təsəvvür edə bilmirəm ki, kimsə İlham Əliyevin qarşısında prezidentliyə namizədliyini irəli sürsün. Hətta bir sıra müxalifət partiyalarının funksionerləri elə indidən İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini bəyan ediblər. Onlar da bunu dövlət başçımızın torpaqlarımızı işğaldan azad etməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması ilə əlaqələndirirlər.

Növbədənkənar seçki Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisidir. “Qarabağ Azərbaycandır!” şüarını dilindən düşürməyən xalqımız, uzun illər min bir zəhmət hesabına bu şüarı yaradan və həyata keçirən ölkə rəhbərinin yeni seçkilərdə, əlbəttə ki, yanında olacaq, xarici və daxili siyasətini, o cümlədən Qarabağda və ölkənin digər bölgələrində quruculuq işlərini fəal şəkildə dəstəkləyəcək". 

Çingiz Qənizadə: "Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarixi  və mədəni əlaqələr bağlayır"

Çingiz Qənizadə: “İlham Əliyev kimi xalq sevgisini qazanmış namizədin qarşısında ağır məğlubiyyət qaçılmazdır”

Bununla belə, Çingiz Qənizadə qeyd etdi ki, seçki mübarizə meydanıdır. Kim xalqa, özünə, elektoratına inanır, buyursun, konsepsiyasını ortaya qoysun və prezidentlik uğurunda mübarizəsini davam etdirsin: “İndiyədək Azərbaycanda keçirilən bütün seçkilərdə həmişə namizədlərə bərabər səviyyədə şərait yaradılıb. Ötən seçkilərdə də şahid olmuşuq ki, hər bir namizəd özü üçün seçki qərargahı yaradıb, onlara qanunla ayrılmış yerdə seçiciləri ilə görüşüb, heç bir problem olmadan təbliğat-təşviqat kampaniyasını aparıb, seçki zamanı da hər hansı bir insident yaranmayıb. Bunu yerli və xarici müşahidəçilərin rəyləri də təsdiqləyir. 7 fevral növbədənkənar prezident seçkisində də bunun şahidi olacağıq. Seçkidə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara imkan yaradılıb. Bu yanaşma ölkədə ədalətli rəqabət mühitinin təmin edildiyinin bariz nümunəsidir”. 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR