İnsanlara hürriyət, millətlərə istiqlal!

“...Ən yüksək olan zirvədə mən” - Azərbaycanın artan hərbi gücü

438 15.01.2025 09:32 Siyasət A A

Ordumuz dünya ordularının reytinq siyahısında irəlidə

Dünya ölkələrinin hərbi gücünü əks etdirən “Global Firepower” reytinqi yenilənib. Reytinqdə hərbi hissələrin sayından və maliyyə vəziyyətindən tutmuş maddi-texniki imkanlara və coğrafiyaya kimi kateqoriyalar üzrə hər bir ölkə üçün 60-dan çox amil nəzərə alınıb.

2025-ci ildə ilk beşliyə ABŞ, Rusiya, Çin, Hindistan və Cənubi Koreya daxil olub.

Azərbaycan siyahıda 60-cı yeri tutub. Ermənistan 91-ci, Gürcüstan 94-cü yerdədir. Türkiyə reytinqdə 9-cu yeri tutub, İran isə 16-cı yerdədir.

Türk dünyası ölkələrindən Qazaxıstan 57-ci, Özbəkistan 58-ci, Türkmənistan 77-ci, Qırğızıstan 105-ci yerdədir. 

2108575.jpg (30 KB)

 Rövşən Məhərrəmov

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, 145 ölkənin sırasında Azərbaycan Ordusunun 60-cı yerə sahiblənməsi çox yaxşı nəticədir. Əsas məsələ budur ki, Azərbaycan Ordusu gün-gündən güclənir. Bunu müxtəlif digər reytinq hesabatları da təsdiqləyir: “2020-ci ildəki 44 günlük müharibədə Azərbaycan Ordusunun nümayiş etdirdiyi döyüş qabiliyyəti ordumuzu 20-ci əsrin müasir orduları sırasına yüksəltdi. Dünyanın bir sıra hərbi məktəblərində Azərbaycan Ordusunun 44 günlük müharibədəki taktikası, əməliyyatları öyrədilir, nümunə kimi göstərilir. Azərbaycan Ordusunun Türkiyə ordusu modelinə keçidi müharibədən sonra daha da sürətləndirildi. Diqqət edirsinizsə, açıqlanan reytinq siyahısında Türkiyə ordusu dünya üzrə 9-cu yerdədir. Bu, çox böyük nəticədir. Deməli, Azərbaycan Ordusu dünyanın ən güclü 9-cu ordusu modelinə keçir. Azərbaycan Ordusunda komando briqadaları yaradılıb və onların sayı artırılmaqda davam edir. İşğaldan azad edilmiş ərazilərimizdə yeni hərbi hissələr qurulub. Bütün bu və digər addımlar nəticəsində hərbi hissələrimizin sayında və keyfiyyətində yüksəliş olub. Reytinqin yüksəlməsində bu amillər də öz sözünü deyir.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev yeni il təbrikində də bəyan etdi ki, biz öz hərbi qüdrətimizi artırırıq və artıracağıq, müdafiə büdcəsi bu il daha da artırılıb. Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır və beynəlxalq reytinqlər də, həyat da bunu göstərir, bizim hərbi uğurlarımız da buna dəlalət edir. Bu gün Azərbaycan Ordusu ən müasir silahlarla, texnika ilə təchiz edilib, bu proses davam etdirilir. Biz bundan sonra da ən müasir hərbi texnikaları alacağıq, yeni kontraktlar imzalanır. Əvvəlki illərdə imzalanmış kontraktlar əsasında ən müasir silahlar ölkəmizə gətirilir, onların bir hissəsi hərbi paradlarda göstərilib, bir hissəsi göstərilməyib.

Ali Baş Komandan İlham Əliyev dəfələrlə vurğulayıb ki, düşmənin elə bir hərbi və ya strateji obyekti yoxdur ki, Azərbaycan Ordusu onu məhv edə bilməsin.

Prezident İlham Əliyevin diqqəti, qayğısı və rəhbərliyi ilə son illər həyata keçirilən kompleks islahatlar nəticəsində Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusuna çevrilib". 

Ekspert qeyd etdi ki, Prezident İlham Əliyevin ordu quruculuğundakı digər mühüm prinsipial siyasəti ölkənin hərbi sənayesinin yaradılması ilə bağlıdır. Azərbaycanın müdafiə sənayesi inkişaf edir, bir çox silahları, mərmiləri özümüz istehsal edirik. PUA-lar istehsal edirik. Biz başqa ölkələrin ordularına da silah-sursat satırıq: “Məhz bu amili vaxtında dəyərləndirən Prezident İlham Əliyev müharibə vəziyyətində yaşayan respublikamızın Silahlı Qüvvələrinin maddi-texniki bazasını milli məhsullar hesabına daha da gücləndirmək məqsədilə 2005-ci ildə Müdafiə Sənayesi Nazirliyini yaratdı. Həmin dövrdən başlayaraq nazirliyin müəssisələrində  silah, sursat və hərbi vasitələrin istehsalının genişləndirilməsi və keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Bu illər ərzində nazirliyin müəssisələrində ümumi məhsul istehsalının və müdafiə təyinatlı məmulatların həcmi çox ciddi şəkildə artıb. Ən mühüm amil isə odur ki, Azərbaycan dövləti artıq istehsal etdiyi silahları xaricə ixrac edir. Artıq 10-dan çox ölkə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi məhsulları öz silahlı qüvvələrində istifadə etmək, hərbi güclərini artırmaq üçün alır. 

Müdafiə sənayemizin davamlı olaraq böyüməsi ilə ölkəmiz xarici ölkələrin silah-sursat asılılığından azad olur. Bu, ölkə üçün çox önəmli amildir. Azərbaycan MDB məkanında dörd ölkədən biridir ki, onun müasir tələblərə cavab verən  müdafiə sənayesi mövcuddur. Eyni zamanda qürurverici haldır ki, bu gün ölkəmiz ən müasir silahların ixracatçısıdır. Prezident İlham Əliyev iclasların birində bu barədə deyib ki, bu gün biz hərbi texnikanın istehsalı işində uğurla inkişaf edirik. Azərbaycanda mindən çox adda hərbi təyinatlı məhsul istehsal olunur. Hərbi texnikanın, sursatların istehsalı ilə bağlı bizim yeni planlarımız var və biz onları da həyata keçirəcəyik. Bir sözlə, bu gün ölkəmizin hərbi potensialı ən yüksək səviyyədədir. Ordumuzun döyüş qabiliyyəti də yüksək səviyyədədir. Bizim ordumuz bunu döyüş meydanında da göstərib və nümayiş etdirib".

Polkovnik sonda vurğuladı ki, şübhəsiz, yaxın gələcəkdə Azərbaycan Ordusu reytinq siyahısında daha da irəliləyəcək.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR