İnsanlara hürriyət, millətlərə istiqlal!

Əmlakın suyunun suyu

1866 29.04.2023 10:23 Yazarlar A A

Yaxud, tələb və təklifin balanslaşdırılması

Laçın-Xankəndi yolunda ekoloji fəalların etiraz aksiyası, piket 138 gündən sonra nəhayət başa çatdı. Daha dəqiqi, fəallar bildirmişdir ki, Laçında sərhəd keçid məntəqəsi qurulub, yeni vəziyyət yaranıb, o üzdən aksiyamızı müvəqqəti dayandırırıq. 

Bundan öncə isə hökumət nümayəndələri ekoloji fəalları dəvət edərək aksiyanı dayandırmağı təklif etmişlər. Yəni burada hər hansı məcburiyyətdən, zorakılıqdan söhbət getmir. Hökumət təklif edir, xalq da baxır. Nə qədər demokratik şəraitdir... Vasif müəllimin sözüylə yazsam, mən hökumətə qibtə edirəm. 

Açığı, belə dinc aksiyaların bu cür uzun sürməsi heç yadıma gəlmir. Deməli, ölkəmizdə sərbəst toplaşma azadlığı inkişaf etməkdədir. Bu, həmçinin, bir daha isbat edir ki, hazırda bölgəmizdə ən azad region Qarabağdır. Heç Bakıda o qədər azadlıq yoxdur. Biz Biləcəridə dinc piketi uzağı 138 saniyə qurardıq, ondan o yana uçaskovı icazə verməz. Qarabağda isə 138 gün yığışırsan, dəyib-toxunan olmur. Ümumiyyətlə, yaxşı olar biz gələcəkdə Qarabağı azad ticarət zonası elan edək, orda şirkətlərdən vergi alınmasın. 

Təbii ki, “Formula-1" yarışının paytaxtımızda keçirilməsi də demokratiyanın növbəti təzahürüdür. Heç kim qeyri-azad ölkədə maşın sürməz. Bunu ”yol bağlıdır, bezmişik" deyinən bəzi yaxıngörən vətəndaşlar üçün yazıram. Başa düşmək lazımdır ki, ölkəmizin demokratik imicinin təbliğatı üçün belə yarışlar vacibdir. Ermənistan ayda-ildə bir yarış düzəltdi, onda da biabır oldu. 

Ümumiyyətlə, tənqid edəndə həyata ağ-qara rənglərdə baxmaq lazım deyil. Adi bir misal çəkmək istəyirəm. 

Aprelin 25-də Ali Məhkəmə maraqlı bir qərar verdi. Bu qərar keçmiş MTN generalı Akif Çovdarovun əmlakları ilə bağlıydı. Beş-altı il qabaq məhkəmə Çovdarovun hardasa 30 milyon manatlıq əmlakını, - buraya evlər, villalar, şəxsi türmə və sairə daxil idi, - müsadirə etmişdi. Keçən ilin dekabrında isə Bakı Apelyasiya Məhkəməsi əcaib qərar çıxardı: Çovdarovun əmlakı özünə qaytarılsın. Guya bunları general maaşıyla alıbdır. Həmin vaxt bəzi “mütəxəssislər” (dələduzluq elmləri üzrə - ona görə dırnaqda yazdım) bildirdilər ki, əslində əmlakın Çovdarova qaytarılması saxtadır, fiksiyadır, o evləri Çovdarova satdırıb pulunu əkişdirəcəklər. Müsadirə edilmiş əmlakın pulunu mənimsəmək çətin prosedurdur, lakin yiyəsi satırsa, kim nə deyər? Məntiq bu idi. 

Hər bir halda zəhmətkeşlərimizin qanını içərək əmələ gətirilmiş əmlakın generala qaytarılması cəmiyyətdə nifrət doğurmuşdu. Lakin bu, uzun sürmədi. Yuxarıda yazdığım kimi, üstündən 4 ay sonra Ali Məhkəmə o qərarı ləğv etdi, yazdı ki, general əmlakı qanunsuz yolla əldə edib, müsadirə düzgün idi. 

İndi gəlin görək Ali Məhkəmənin bu qərarını neçə nəfər alqışladı? Heç fikir verən olmadı. Halbuki bütün media, sosial şəbəkələr İnam Kərimov Ali Məhkəmənin sədri qoyulanda bunu tənqid edirdi. Deməli, İnam bəyin sədrliyi altında hansısa demokratik dəyişikliyə ümid edə bilərik. 

Əlbəttə, insafən burada baş prokurorluğun protesti, etirazı da yaddan çıxmamalıdır, çünki Ali Məhkəmə qərarı məhz prokurorluğun protestindən sonra qəbul etmişdir. Deməli, prokurorluq və Ali Məhkəmə qanunların, ədalətin keşiyində əlbir durarkən orada hansısa generallar meydan sulaya bilməyəcəkdir. 

Lakin biz Bakı Apelyasiya Məhkəməsi haqda da qərar gözləməkdə haqlıyıq. Bəs Çovdarova əmlakı qaytaran hakimin kəlləsi hanı? Biz onun kəlləsini istəməliyik. Yoxsa demokratik inkişafımız yarımçıq alınır. 

Bir də indi gözləyək, görək Çovdarovun əmlakının axırı necə olacaq. Birdən Konstitusiya Məhkəməsi çıxdı, Ali Məhkəmənin qərarını ləğv elədi? Hamının balası var... Zaman gələr, Çovdarovun əmlakının suyunun suyunun suyu qalar. Molla Nəsrəddinin lətifəsindəki kimi. 

Su demişkən, orda sulu əmlaklar həqiqətən var idi. Hansısa rayonda, yanılmıramsa Kürdəmirdə general şəxsi gölündə balıq yetişdirirmiş. Ümid eləyək, Ali Məhkəməyə çatana qədər göl qurumayıb. Çünki gölün quruması həm də ekoloji fəlakətdir. Aksiyası olmalıdır.   

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR