İnsanlara hürriyət, millətlərə istiqlal!

Əliyevin hücum diplomatiyası: Paşinyan Brüsselə niyə bir gün əvvəl gedib...

4218 31.08.2022 20:33 Analitika A A

Savaşın qalibi olan Azərbaycanın Prezidenti İlham Əliyev hətta bədən dili ilə də Ermənistanın siyasi elitasının əhval-ruhiyyəsini korlamağı bacarır... Erməni siyasətçilər baş nazir Nikol Paşinyanın növbəti Brüssel məğlubiyyətini artıq etiraf edirlər...

Cənubi Qafqazda son aylar ərzində mövcud olan hərbi-siyasi gərginlik yekunlaşa bilər. Hər halda, bu hərbi-siyasi gərginlikdən sonra Brüssel görüşü keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə görüşüblər.

Əlbəttə ki, bu görüşün nəticələri barədə detallı məlumatlar hələlik yoxdur. Böyük ehtimalla nəticələrin detallı ictimailəşdirilməsi yaxın müddətdə baş verməyəcək. Yəqin ki, Brüssel görüşündən son Azərbaycan və Ermənistanın rəsmi dairələri tərəfindən atılacaq addımlar sayəsində müzakirə olunan məsələlər və əldə olunan nəticələr barədə ümumi təsəvvürlər ortaya çıxmağa başlayacaq.

Onu da qeyd edək ki, Brüssel görüşü ilə bağlı Cənubi Qafqazda xüsusi maraqları olan dövlətlərin mövqeyi kəskin ziddiyyət təşkil edir. Belə ki, Rusiya həmişə olduğu kimi, bu dəfə də Brüssel görüşünə ifrat qısqanclıqla yanaşır. Və hətta bu görüşün Cənubi Qafqaz, o cümlədən də, Azərbaycan-Ermənistan münasubətləri üçün elə bir ciddi əhəmiyyət daşımayacağına eyham vurur.

77a8a08fa6a5dff1f0e83379a22b7a23.jpg (417 KB)

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarova Brüssel görüşünə vasitəçilik edən Avropa İttifaqının Cənubi Qafqazda geostrateji ambisiyalardan çıxış etdiyini vurğulayıb. “Azərbaycanla Ermənistan arasında Rusiyanın vasitəçiliyi konkret nəticələrə istiqamətlənib. Brüsselin məqsədi isə problemləri həll etmək deyil, Rusiyanın qabaqlamaqdır. Avropa İttifaqı “psevdo təşəbbüslərlər” ilə çıxış edir”.

Göründüyü kimi, Kreml Cənubi Qafqazdakı problemlərin həllinin, o cümlədən də, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının Rusiyanın iştirakı olmadan mümkün ola biləcəyinə hətta ehtimal belə, vermək istəmir. Hətta görüş ərəfəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov vurğulamışdı ki, “Cənubi Qafqazda sülhün və sabitliyin bərpası birmənalı şəkildə Azərbaycan və Ermənistan arasında Rusiyanın iştirakı ilə imzalanmış üçtərəfli anlaşmaların qeyd-şərtsiz icrasından asılıdır”.

Yəni, S.Lavrov demək istəyir ki, Brüsseldə əldə oluna biləcək anlaşmaların heç bir müsbət nəticəsi olmayacaq. Kremldə hesab edirlər ki, Avropa Birliyi Brüssel görüşləri ilə Azərbaycan və Ermənistan arasında vasitəçilik missiyasını ələ keçirib, Cənubi Qafqazdan Rusiyanı sıxışdırmaq niyyəti güdür. Və bu, Cənubi Qafqaz uğrunda mübarizənin tərkib hissəsidir.

Digər tərəfdən, ABŞ rəsmi dairələri də Brüssel görüşünə münasibət bildirib. Ağ Ev Azərbaycan və Ermənistanı uzunmüddətli sülhə nail olmaq üçün siyasi-diplomatik təmasları daha da aktivləşdirməyə çağırıb. ABŞ Dövlət Departamentinin təmsilçisi vurğulayıb ki, ABŞ təhlükəsiz, stabil, demokratik, sülhün və sabitliyin hökm sürdüyü Cənubi Qafqaz üçün göstərilən bütün cəhdlərə sadiqdir.

5d30573c-99af-4ab5-8464-2eabbdb50f27.jpg (136 KB)

Göründüyü kimi, ABŞ və Rusiyanın mövqeyi Azərbaycanın maraqlarına qətiyyən zidd deyil. Eyni zamanda, Azərbaycan və Ermənistan arasında sülh prosesinə Avropa Birliyinin, yaxud Rusiyanın vasitəçilik etməsi də rəsmi Bakıya problemlər yaratmır. Çünki, heç bir halda, “Dağlıq Qarabağ münaqişəsi” və “status” mövzuları gündəmə gətirilmir. Və bu, tarixi hərbi qələbələrdən sonra rəsmi Bakının siyasi-diplomatik uğurları sırasına daxildir.

Təbii ki, rəsmi Bakının Brüssel görüşündən müəyyən gözləntiləri də olmamış deyil. Azərbaycanın əsas hədəflərindən biri odur ki, Brüsseldə Ermənistanın öz üzərinə götürdüyü öhdəliklərin icrası ilə konkret zaman müəyyən edilsin. Rəsmi İrəvan da həmin zaman intervalında həmin öhdəlikləri qüsursuz icra etsin.

Məsələ ondadır ki, rəsmi Bakı sülh danışıqları prosesində konkret inkişafın olmasında israrlıdır. Xüsusilə də, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin hazırlanması böyük önəm daşıyır. Çünki sülh sazişi imzalanacağı təqdirdə, Azərbaycan və Ermənistan qarşılıqlı olaraq, bir-birinin ərazi bütövlüklərini tanımış olacaqlar. Nəticədə Cənubi Qafqazda hərbi-siyasi gərginliyin təməlini təşkil edən əsas problem həllini tapacaq.

Ona görə də, Brüssel görüşündə Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin hazırlanması üzrə işçi qrupunun yaradılması üzrə anlaşmanın ola biləcəyi qətiyyən istisna deyil. Əvvəlki görüçlərdə bu barədə anlaşma əldə olunsa da, rəsmi İrəvan son vaxtlara qədər bu məsələnin mümkün qədər uzadılmasına çalışır. Və bu, sülh prosesinin müsbət istiqamətdə inkişafını əngəlləyən əsas faktorlardan sayılır.

00910f44-60a0-460f-b4f0-0a08613795df.jpg (260 KB)

Ancaq bu dəfə hər şeyin daha fərqli ola biləcəyi qətiyyən istisna deyil. Çünki, indi Brüssel görüşü Azərbaycanın “Qisas” antiterror əməliyyatından sonraya təsadüf edir. Ermənistan baş naziri Nikol Paşinyan rəsmi Bakının növbəti “dəmir yumruq” zərbəsinin təsirindən hələ uzaqlaşa bilməyib. Və Brüssel görüşü ilə bağlı fotolarda bu məqam özünü istər-istəməz özünün biruzə verməkdədir.

Məsələ ondadır ki, Brüssel görüşündə Azərbaycan Prezidenti İlham Əliyev yüksək əhval-ruhiyyə ilə iştirak edir. Brüsselə bir gün əvvəl getməsi barədə qeyri-rəsmi məlumatlar olan Ermənistan baş naziri Nikol Paşinyan isə bikef görüntüsü ilə diqqəti çəkir. Və bu, Ermənistanın siyasi dairələrində artıq müxtəlif mülahizələrə yol açıb.

Ermənistanın Respublika Partiyasının sədr müavini Armen Aşotyan özünün facebook hesabında yazıb ki, Brüssel görüşündən gələn fotolar mümkün nəticələri əvvəlcədən təsəvvür etməyə imkan verir: “Bir daha təkrar edirəm ki, məğlubiyyətin səbəbkarı və simvolu olmuş bir şəxsin danışıqları davam etdirməyə haqqı yoxdur. Fotolara baxdıqda, artıq hər şey aydın olur. Bədən dili bu barədə hətta bağırır. Brüsseldən növbəti diplomatik məğlubiyyət xəbərlərini gözləməyimiz daha mıəntiqlidir”.

Belə anlaşılır ki, savaşın qalibi olan Azərbaycanın Prezidenti İlham Əliyev hətta bədən dili ilə də Ermənistanın siyasi elitasının əhval-ruhiyyəsini korlamağı bacarır. Azərbaycan ordusunun “Qisas” antiterror əməliyyatı ilə Ermənistana növbəti “dəmir yumruq” zərbəsi endirərək, Brüsselə gedən Prezident İlham Əliyev həmişə olduğu kimi, bu dəfə də hücum diplomatiyasına üstünlük verir. Və Ermənistan baş naziri Nikol Paşinyanın bu hücum diplomatiyası qarşısındakı növbəti  məğlubiyyətinə hətta erməni siyasətçilər belə, əvvəlcədən şübhə etmirlər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR