İnsanlara hürriyət, millətlərə istiqlal!

Əliyev Paşinyan üçün “ev tapşırığı”nı təzələdi

1518 12.04.2023 11:15 Siyasət A A

İrəvanın Bakı ilə anlaşması üçün zamanı çox qalmayıb; rusiyalı politoloq: “Azərbaycan Qarabağ ermənilərinə normal həyat vəd edir, Ermənistan isə yeni müharibə...”

Azərbaycan beynəlxalq hüquqa söykənən 5 məlum baza prinsipi əsasında Ermənistanla sülh gündəliyinə sadiqdir. Təəssüf ki, başda baş nazir Nikol Paşinyan olmaqla, İrəvan rəsmiləri beynəlxalq hüquqdan dəm vursalar da, əməldə bunun əksinə gedir, sülh müqaviləsindən bacardıqca yayınmağa çalışırlar. Həm də bəzi xarici güclərin, o cümlədən qonşu İranın təhriki ilə. Guya hansısa “X günü”ndə regional şərtlər İrəvanın xeyrinə dəyişəcək.

Bu isə olmayacaq. Çünki Azərbaycan qardaş Türkiyə ilə, digər strateji tərəfdaşlar və müttəfiqlərlə ittifaqda bundan sonra da Ermənistan üzərində əzici hərbi-iqtisadi, coğrafi-logistik üstünlüyünü saxlayacaq. Odur ki, Ermənistan rəhbərliyi nə qədər tez daşı öz ətəyindən töksə, sülh oyunbazlığına son qoysa və Bakı ilə anlaşma sənədini imzalasa, bir o qədər öz xalqına yaxşılıq eləmiş olar. Kapitulyant ölkədə gərək unutmasınlar ki, bundan ötrü zaman çox qalmayıb - uzağı, 2023-cü ilin axırınadək. Yəni Azərbaycan sonsuzadək barış əlini havada saxlamaq niyyətində deyil. Hər halda, böyük sülh hamıdan çox Ermənistana, erməni xalqına lazımdır.

*****

Azərbaycan və Qazaxıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər  YENİLƏNİB | Şərq qapısı

“Ermənistanla sülh müqaviləsi üzərində iş başlanıb, amma bizim istədiyimiz kimi rəvan getmir”.

Bunu Prezident İlham Əliyev aprelin 10-da Astanada Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevlə mətbuata bəyanatında söyləyib.

“Biz normallaşma əzmindəyik və İkinci Qarabağ müharibəsi başa çatandan sonra məhz Azərbaycan sülh müqaviləsi üzərində işə başlamağı təklif etdi. Praktiki olaraq bu iş başlanıb, amma bizim istədiyimiz kimi rəvan getmir. Lakin bunun alternativi yoxdur”, - dövlət başçısı bildirib.

Prezident qeyd edib ki, hətta 30 illik işğala və Azərbaycan xalqının məruz qaldığı məhrumiyyətlərə, hazırda bərpa etməli olduğumuz dağıntılara baxmayaraq, qonşular arasında münasibətlər normal olmalıdır: “Bununla belə, biz gələcəyə baxırıq və hesab edirik ki, suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, BMT-nin Nizamnaməsi, beynəlxalq hüququn bütün əsas normaları və prinsipləri əsasında sülh müqaviləsinə nail olmaq mümkündür, bu müqavilə çoxillik düşmənçilik səhifəsini çevirəcək”.

Nikol Paşinyan : Rusiya Müdafiə Nazirliyinin təklifi İrəvan üçün qəbul  ediləndir

Beləcə, rəsmi Bakı İrəvan üçün, Nikol Paşinyan hökuməti üçün “ev tapşırığı”nı faktiki təzələyib, onu bir daha mənasız düşmənçiliyə son qoymağa çağırıb. Yolu da bəlli. 

Amma görün erməni tərəfi Azərbaycanın sülh çağırışları qarşılığında hansı mövqeni sərgiləyir. Ermənistan XİN-in elə həmin gün yaydığı bəyanatda həyasızcasına bildirilir ki, “Azərbaycanla sülh o zaman mümkün olacaq ki, Bakı Ermənistana qarşı işğalçılıqdan əl çəksin”.

Sitat: “Ermənistan regionda uzunmüddətli və hərtərəfli sülh və təhlükəsizliyin bərqərar edilməsinə sadiqliyini (?! - red.) bir daha təsdiqləyir. Lakin bu, o halda mümkündür ki, Bakı maksimalist və aqressiv siyasətindən əl çəksin, mövcud problemlərin ədalətli həlli yollarını axtarıb tapsın”.

Adamın inanmağı gəlmir ki, bunu məhz dünyanın gözü önündə torpaqlarımızı 30 il işğalda saxlamış, ərazilərimizi tar-mar, ekologiyamızı məhv eləmiş, əhalimizi qırıb çatmış və soyqırıma məruz qoymuş bir ölkənin XİN-i bəyan edir! Gərək nə qədər reallıq hissini itirəsən, sırtıqlaşasan, elementar vicdan hissini itirəsən ki, belə cəfəngiyyatı dilə gətirəsən!

Hansı “maksimalist siyasət”, hansı “işğalçılıq siyasəti”? Azərbaycan haranı işğal edib? Ümumiyyətlə, “işğal” sözü indimi rəsmi İrəvanın yadına düşdü? İkinci yandan, Azərbaycan rəhbərliyinin suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, BMT Nizamnaməsi, beynəlxalq hüququn bütün əsas normaları və prinsipləri əsasında sülh müqaviləsi imzalamaq təklifinin harası “maksimalist mövqe”dir, görəsən?

Əlbəttə, bunlar yenə vaxtı uzatmaq üçün mənasız bəhanələrdir və heç sübhə yox ki, növbəti dəfə bədbəxt erməni xalqının başında çatlayacaq. Nədən ki, istənilən sülhün alternativi müharibədir...    

*****

“Azərbaycan neçə vaxtdır səbir taktikasını seçib, hər şeyin necə bitəcəyini gözləyir. Əgər Ermənistan danışıqları pozarsa, o zaman Azərbaycanın əli sərbəst olacaq. Çünki Bakının səbri bizə göstərir ki, bu gün danışıqlara əks gedən məhz İrəvandır”.

İlham Əliyevdən Dövlət Gömrük Komitəsinə TƏYİNAT – FOTO

 Aleksey Fenenko 

Bunu rusiyalı tanınmış politoloq Aleksey Fenenko deyib.

“Gördüyümüz odur ki, Ermənistan təxribatla məşğuldur. Azərbaycan isə ona ehtiyatla reaksiya verir. Bunu hər prosesdə görmək olar. Ermənistan Zəngəzur dəhlizini açmaq istəmir. Buna cavab olaraq Azərbaycan da öz tərəfindən dəhliz qurur. Və hər bir halda dəhlizin olacağını bəyan edir. Məsələn, ötən il Ermənistan əvvəllər işğal etdiyi Laçın şəhərini Azərbaycana qaytarmaq istəməyib. Azərbaycan isə elə etdi ki, Laçın qısa zamanda onun nəzarətinə qayıtdı. Bunun üçün Ermənistan tərəfinə alternativ yol çəkdi”, - ekspert bildirib.

Fenenko ardınca erməni tərəfinin başqa bicliklərinə toxunub: “Ermənistan daha ağıllı olduğunu düşünərək "qoy Bakı Qarabağ erməniləri ilə danışıqlar aparsın" dedi. Bildirdi ki, bu danışıqlar status barədə olacaq. Amma Azərbaycan Qarabağın erməni əhalisinin özünə inteqrasiya ilə bağlı danışıqlar aparır, onları Bakıya dəvət edir. Ermənistan Laçın yolu ilə Qarabağa hərbi yükləri və hərbçiləri daşıyırdı. Azərbaycan buna cavab olaraq nə etdi? Bəli, sadəcə, yolu bağladı. Daşınmalar dayandı. Bir neçə ay keçir və ermənilər eyni yükləri Laçın yolu ətrafından daşımağa başlayırlar. Azərbaycan burada yollara, yüksəkliklərə nəzarət edir. Bakı İrəvanın təxribatlarına diqqətlə reaksiya verir. Amma nəzərə alsaq ki, Ermənistan getdikcə aqressivliyini artırır, mən Azərbaycandan daha sərt addımları istisna etmirəm ki".

Fenenko həmçinin xatırladır ki, Bakı Azərbaycan Konstitusiyası çərçivəsində Qarabağ ermənilərinə digər vətəndaşları kimi normal yaşayış şəraiti təmin eləməyi vəd edir. “Bəs İrəvan onlara nə vəd edir? Yalnız yeni müharibə. Onların buna ehtiyacı varmı? Azərbaycan konkret iqtisadi layihələr təklif edir, Ermənistan isə ancaq hay-küy salır və danışıqları pozur”.

*****

Odur ki, Paşinyan hökuməti nə qədər tez Bakının “ev tapşırığı”na ciddi yanaşsa, bunu erməni xalqının tək xilas formulu olduğunu, nəhayət, anlasa, yeni və daha fəlakətli  müharibəni bir o qədər erməni toplumundan uzaqlaşdırmış olar...

Analitik xidmət,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR