İnsanlara hürriyət, millətlərə istiqlal!

Əliyev nöqtəni qoydu - bəs Minsk Qrupunun “kökünü” necə kəsməli...

626 20.02.2024 11:23 Ölkə A A

ATƏT keçmiş münaqişənin həllində heç bir uğuru olmamış qurumun ləğvinə qərar verə bilər; Asim Mollazadə: “Çünki nə problem var, nə də onunla məşğul olmağa ehtiyac...”

Münxendə, ATƏT-in fəaliyyətdə olan sədri İan Borqla görüşü zamanı Prezident İlham Əliyev ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin - Minsk Qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz olan strukturların rəsmi qaydada ləğv edilməsinin vacibliyini bildirib. 

Eyni zamanda ATƏT çərçivəsində büdcənin daha məqsədyönlü və vacib layihələrə istiqamətləndirilməsinin önəmini qeyd edib. Sirr deyil ki, erməni tərəfi zaman-zaman bu keçmiş ermənipərəst qurumu gündəmə gətirməklə, həmsədr ölkələrin adını çəkməklə nə vaxtsa onun “diriləcəyinə” ümid edir. Həmin həmsədrlərdın biri - Rusiya günü bu gün də ən yüksək səviyyədə Nikol Paşinyanı qınayır ki, niyə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaqla “Qarabağ problemi”ni qapadıb? Eləcə də digər iki “vasitəçi” - ABŞ və Fransa indiyədək sözdə ərazi bütövlüyümüzü tanısa da, əməldə hərbi qələbəmizi hələ də tam həzm etməyiblər, qəbullanmayıblar. 

Asim Mollazadə DTX-nın saxladığı qohumundan danışdı

Asim Mollazadə

Erməni tərəfi, separatçılar MQ-nin varlığına hətta yeni revanşist planın “hüquqi elementi” kimi baxırlar. Məlumdur ki, MQ-nin “3 həll prinsipi”ndən biri məhz öz müqəddəratını təyinetmə haqda idi. Bəlkə də Ukrayna müharibəsi araya girməsəydi, “Minsk üçlüyü” bu gün də anti-Azərbaycan kursunu davam etdirirdi. Belə bir təhlükə qalırmı? MQ-nin rəsmi ləğvi Azərbaycana konkret nə verəcək? Gələcəkdə bədnam “üçlüyün” yenidən bir araya gəlib ermənilik etməsi ilə bağlı əndişə ciddidirmi? Nəhayət, MQ-nin yuridik ləğvi mexanizmi necədir? Kim və nədən başlamalı? Yeri gəlmişkən, keçmiş həmsədr ölkələrin postmünaqişə dövründə Ermənistan-Azərbaycan üzrə xüsusi nümayəndələri təyin olunub. Faktiki olaraq, bu ölkələr Ukrayna cəbhəsinə görə bölünsələr də, regiona müdaxilə etmək üçün nümayəndələr ayırıblar. Azərbaycan isə Ermənistanla danışıqları ikitərəfli formatda davam etdirir və üçüncü qüvvəyə ehtiyac olmadığını bəyan edir. Prezident son çıxışında da qeyd etdi ki, Ermənistanla danışıqlar ikitərəfli xarakter daşıyır.

Deputat Asim Mollazadənin “Yeni Müsavat”a bildirdiyinə görə, təşkilatın qurumun ləğvi haqda qərarı olmalıdır. Deputatın fikrincə, ATƏT həmin qurumların fəaliyyəti ilə bağlı müvafiq qərarlar qəbul edə bilər. “Çünki nə problem var, nə də onunla məşğul olmağa ehtiyac... Məncə, ATƏT düzgün qərar qəbul edəcək. Ümumiyyətlə, bu qurum münaqişələrin həllində heç bir uğur əldə edə bilmir. Ona görə də Minsk qrupu tarixdən bu günə kimi gətirilib çıxarılan bir formatdır. 30 il ərzində Qarabağ probleminin həllinə də hər hansı töhfə verə bilmədilər”, - deyə A.Mollazadə prezidentin çağırışını düzgün dəyərləndirir. 

Sözcü - Xəzər Teyyublu: Şikayətləri araşdırandan sonra müvafiq dövlət  təşkilatlara sorğular göndəririk

Xəzər Teyyublu

Hüquq müdafiəçisi Xəzər Teyyublu da Minsk Qrupunun gorbagor olduğunu hesab edir. Onun sözlərinə görə, keçmiş həmsədrlər regiona 30 il ekskursiya edərək səyahətə çıxırdılar: “ATƏT-in Minsk Qrupu özünü doğrulda bilmədi. Həmsədr ölkələr münaqişəni daha da qızışdırdılar. Bu ölkələr indi də Ukraynada savaşırlar. Zaman sübut etdi ki, həmsədr dövlətlərin işğala son qoymaqda marağı olmayıb. Əksinə, Fransa indi bizi işğalçı adlandırır, ABŞ Senatında və Konqresində əleyhimizə ittihamlar səslənir, qətnamələr qəbul olunur, Rusiya sülhməramlıları saxlamaq üçün bəhanələr axtarır... Ona görə də Minsk Qrupu çoxdan tarixə qovuşub və onun fəaliyyətinə ehtiyac görünmür”. Hüquq müdafiəçisi eynilə Normand formatının da fiaskoya uğradığını düşünür: “Ukrayna böhranını həll edə bilmədilər. Sadəcə, ATƏT qərar verməlidir. Onlar da anlayır ki, münaqişə başa çatıb, Qarabağ hərbi yolla azad olunub, bu təşkilat ən yaxşı halda humanitar dəstək verə, minaların təmizlənməsi istiqamətində hansısa addımlar ata bilər. Rusiya da Minsk Qrupunun əleyhinədir. Lavrov açıq şəkildə bəyan edib ki, bu quruma zərurət yoxdur. Onsuz da onların bir araya gəlməsi mümkün deyil. Minsk Qrupunda olan Fransa və ABŞ Rusiyaya sanksiyalar tətbiq edirsə, bir platformada necə iştirak edə bilərlər?!” 

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR