İnsanlara hürriyət, millətlərə istiqlal!

AXCP sədri Əli Kərimlinin saxlanılması təsdiqləndi YENİLƏNİB

9964 29.11.2025 14:59 Son xəbər A A

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin evində axtarış aparılıb.

Musavat.com APA-ya istinadla xəbər verir ki, bu, DTX-də aparılan araşdırma çərçivəsində həyata keçirilib.

Qeyd edək ki, Əli Kərimlinin evində bir qədər əvvəl axtarış aparılması Ramiz Mehdiyevin DTX-də istintaq olunan cinayət işi ilə əlaqədardır.

Xatırladaq ki, hazırda Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə bu il oktyabrın 14-də qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

Xüsusilə qeyd etməyə ehtiyac var ki, Rusiyanın Ukrayna ilə müharibə bitdikdən sonra Qafqaz üzərində təsir dairəsini yenidən bərpa etməyə çalışacağı şübhəsizdir. Bu məqsədlə Ramiz Mehdiyevə bağlı qüvvələrdən istifadə ediləcəyi, qeyd olunan prosesdə radikal davranışları ilə daim seçilən, həmişə Azərbaycanın dövlət maraqlarına qarşı çıxış edən AXCP-nin öndə gedəcəyi də istisna edilmir.

Qeyd olunan səbəbdən AXCP-nin vaxtında zərərsizləşdirilməsi dövlət təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıyır.

***

AXCP sədri Əli Kərimli saxlanılıb.

Musavat.com xəbər verir ki, bu barədə AXCP-nin Fransada yaşayan fəalı Natiq Ədilov məlumat yayıb.

N.Ədilov əlavə edib ki, DTX onun evində axtarış aparıb. 

Musavat.com bildirir ki, məlumat artıq rəsmi mənbələr tərəfindən təsdiqlənib.

Musavat.com xəbəri dəqiqləşdirmək üçün mötəbər məlumat mənbələrinə müraciət edib. Rəsmi instansiyalardan alınan cavablar saxlanılma faktının doğru olduğunu göstərir. Onunla yanaşı AXCP -nin bir sıra rəhbər şəxsləri, o cümlədın Məmməd İbrahim də saxlanılıb.

Hazırda Əli Kərimlinin hansı maddə üzrə və hansı qurum tərəfindən saxlanıldığı, eləcə də prosesin detalları dəqiqləşdirilir. Mövzu ilə bağlı əlavə məlumatlar Musavat.com tərəfindən təqdim olunacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR