İnsanlara hürriyət, millətlərə istiqlal!

Eldar Mahmudovla bağlı ÖNƏMLİ XƏBƏR - övladlarına qarşı...

4858 27.12.2023 10:29 Gündəm A A

Nərgiz və Anar Mahmudovlarla iş adamı Ağarəhim Rəhimov arasında məhkəmə çəkişməsinə səbəb nə...

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun övladları Nərgiz və Anar Mahmudovlarla iş adamı Ağarəhim Rəhimov arasında məhkəmə çəkişməsi davam edir.  

“Qaynarinfo” xəbər verir ki, birinci instansiya məhkəməsinin qərarı Ağarəhim Rəhimovu qane etmədiyi üçün apelyasiya şikayəti verib. Şikayətə Bakı Apelyasiya Məhkəməsində Vüsalə Baxışovanın sədrlik etdiyi hakimlər kollegiyası tərəfindən baxılacaq. 

Ağarəhim Rəhimovla Mahmudovlar arasında birinci məhkəmə çəkişməsi Bakı Kommersiya Məhkəməsində olub. İş adamı keçmiş nazirin övladlarını alqı-satqı müqaviləsi üzrə mübahisələrdən dolayı məhkəməyə verib. 

Eldar Mahmudov 2004-2015-ci illərdə Azərbaycanın milli təhlükəsizlik naziri vəzifəsində işləyib. 2015-ci ildə Prezidentin sərəncamı ilə tutduğu vəzifədən azad olunub. Bundan sonra MTN-də əməliyyatlar başlanılıb. Qurumun yüksək rütbəli vəzifəli şəxsləri həbs edilib. Keçmiş nazirin oğlu Anar Mahmudov Azərbaycan Beynəlxalq Bankının sabiq sədri, hazırda həbsdə olan Cahangir Hacıyevin kürəkənidir. Nərgiz Mahmudova isə Eldar Mahmudovun kiçik qızıdır. Onun digər qızı Xuraman Mahmudova yazardır. Xuraman Mahmudova ilə “Transterm” MMC arasında icarə müqaviləsinə dair məhkəmə prosesi var. Xuraman Mahmudova şirkət barəsində iddia qaldırıb. Ötən ay işin Ali Məhkəmədə olduğu haqda xəbər yayılmışdı. Kassasiya şikayətini Xuraman Mahmudova verib. Lakin bəzi məlumatlara görə, şikayətçi şirkətdir. Şikayətə hakim Abdin Hüseynovun sədrliyi ilə baxılacaq. Məhkəmənin vaxtı barədə məlumat yoxdur.

“Transterm” MMC 5 avqust 2014-cü ildə qeydiyyata alınıb. Açıq mənbələrdə “Transterm” MMC və Niyazi Muradəliyev haqqında hər hansı məlumata rast gəlinmir. 

Bu, Eldar Mahmudovun övladlar ilə bağlı ilk və son məhkəmə çəkişmələri deyil. Ötənlərdə Anar Mahmudov atasının vəzifəsindən sui-istifadə etməklə əmlak qəsbində ittiham olunub.  Məsələn, “Günəş” müəssisəsinin təsisçisi Əsgər Məmmədov iddia edirdi ki, Anar Mahmudov atasının vəzifəsinə güvənərək əmlakını onun əlindən alıb. Söhbət Bakıda Nobel prospekti - 20 c saylı ünvanda yerləşən binanın 5 və 6-cı mərtəbələrindəki 364.2 və 368.8 kvadratmetrlik qeyri-yaşayış sahələrindən gedir. 2008-ci ilin yanvarında Bakıda 6 saylı notariat kontorunda Əsgər Məmmədovla sabiq nazirin oğlu arasında müqavilə imzalanıb. Müqavilədə yazılıb ki, Əsgər Məmmədov həmin əmlakları Anar Mahmudova bağışlayır. 2012-ci ilin iyununda Anar Mahmudov sözügedən əmlaklara öz adına mülkiyyət çıxarışları da alıb. Eldar Mahmudov vəzifədən çıxarılan bir müddət sonra Əsgər Məmmədov həmin əmlakları geri almaq qərarına gəlib və bu məqsədlə məhkəməyə üz tutub. Yasamal Rayon Məhkəməsində keçmiş nazirin oğluna qarşı iddia qaldıran Əsgər Məmmədov yazır ki, əslində 730 kvadratmetrdən çox sahəsi olan əmlakları Anar Mahmudova bağışlamayıbmış, zorla əlindən alınıbmış. “Günəş” rəhbərinin sözlərinə görə, o əmlakların təxminən 1 milyon 600 min manat qiyməti vardı: “O, əslində, bağışlanma deyildi, alqı-satqı idi. Amma atasının vəzifəsindən sui-istifadə eləyib pulu vermədi. Əmlakımı əlimdən aldı”. 

Əsgər Məmmədov həm bağışlanma müqaviləsinin, həm də onun əsasında Anar Mahmudova verilmiş mülkiyyət sənədlərinin ləğvi barədə qərar çıxarılmasını istəyib. Yasamal Rayon Məhkəməsi iddianı rədd edib. Bu qərardan Bakı Apelyasiya Məhkəməsinə şikayət verən Əsgər Məmmədovun iddiası təmin olunub. Apelyasiya Məhkəməsi bağışlanma müqaviləsinin etibarsız sayılması, Anar Mahmudovun adına verilən çıxarışların ləğvi barədə qərar çıxarıb. Üstəlik, Daşınmaz Əmlakın Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin üzərinə öhdəlik qoyulub ki, həmin əmlaklara “Günəş” müəssisəsinin adına mülkiyyət hüququnu təsdiqləyən çıxarış verilsin. Bu dəfə sabiq nazirin oğlu qərardan narazı qalıb və vəkili vasitəsilə Ali Məhkəməyə üz tutub. Ali Məhkəmə Anar Mahmudovun kasasiya şikayətini təmin edib - Bakı Apelyasiya Məhkəməsinin qərarı ləğv olunub, iş yenidən baxılmaq üçün həmin instansiyaya qaytarılıb. Bakı Apelyasiya Məhkəməsi bu mübahisəyə yenidən baxıb. Bu dəfə isə Anar Mahmudovun xeyrinə qərar çıxarıb. Eldar Mahmudov vəzifəsindən çıxarılandan sonra onun oğlu Anar Mahmudovun - hansı ki, həm də Azərbaycan Beynəlxalq Bankının həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyevin kürəkənidir - adı mətbuatda dəfələrlə hallanıb. Anar Mahmudovun adı Böyük Britaniyada “MEA Capital Limited” adlı maliyyə şirkəti təsis etməsindən sonra mətbuatda hallanmağa başlanmışdı. Yayılan xəbərlərə görə, Anar Mahmudovun şirkəti Londonda 2018-ci ilin 11 oktyabrında qeydə alınıb və ona 11618237 nömrəli müvafiq sertifikat verilib. Şirkətin adındakı MEA abreviaturası simvolik məna daşıyır və insiallarlarını əks etdirir: Mahmudov Eldar və Anar. Həmin günlərdə belə xəbərlər vardı ki, Eldar Mahmudovun əlinin altında olan dəstə tərəfindən Azərbaycan biznesmenlərindən zor və şantajla qoparılan pullar əsasən bu şirkətdə cəmləşib. İddia olunurdu ki, “MEA Capital Limited” şirkətinin yaradılması üçün Anar Mahmudovun qayınatası Cahangir Hacıyevin  vaxtilə rəhbəri olduğu Azərbaycan Beynəlxalq Bankının vəsaitlərindən də istifadə olunub. Anar Mahmudovun şirkəti Londonun dəbdəbəli rayonunda, Temza sahillərindəki mülklərdən birində qeydiyyata götürülüb. Xatırladaq ki, Anar Mahmudovun qayınanası Zamirə Hacıyeva Britaniya polisi tərəfindən böyük məbləğdə pulların yuyulması və mənimsənməsi ittihamı üzrə saxlanmışdı. Sonradan isə milyonlarla manat dəyəri olan əmlaklar müsadirə olunmuş, Z.Hacıyevanı isə sərbəst buraxmışdılar. 

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR