İnsanlara hürriyət, millətlərə istiqlal!

Elçin Əmirbəyov: “Azərbaycanın Ermənistana qarşı yeni müharibəyə başlamaq niyyəti yoxdur”- MÜSAHİBƏ

569 12.10.2023 15:04 Siyasət A A

 

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov "Radio France"-a müsahibə verib.

Musavat.com həmin materialın tam versiyasının tərcüməsini təqdim edir:

Elçin Əmirbəyov Prezident İlham Əliyevin xüsusi tapşırıqlar üzrə nümayəndəsidir. O, həmçinin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasına cavabdeh, sülh müqaviləsi layihəsi üzrə danışıqlar aparan nümayəndə heyətinin üzvüdür. O, oktyabrın 5-də bizim suallarımızı cavablandırıb.

Sentyabrın 19-da Azərbaycan Dağlıq Qarabağda erməni separatçılarına qarşı blitskriqe başlayıb. İyirmi üç saat ərzində Bakı əsasən ermənilərin məskunlaşdığı bu kiçik ərazi üzərində öz suverenliyini bərpa edib. Qazanılan qələbə nəticəsində döyüşçülər arasında yüzlərlə insan ölüb. Ermənilərin elan etdiyi “Dağlıq Qarabağ Respublikasına” verdiyi ad olan “Artsax ordusu” kaitulyasiya edib.

Bundan sonra Qarabağ erməniləri dərhal köç yolunu tutublar. Bir həftədən az müddətdə  əhali oranı boşaldıb, 100 mindən çox kişi, qadın, uşaq və qoca təlaş içində Ermənistana keçib. Çox vaxt onlar özləri ilə heçnə götürmədən qaçırdılar. Şübhəsiz ki, bu, onilliklər davam edən müharibədən sonra erməni və azərbaycanlı mülki əhali arasında düşmənçilik və hətta nifrət hökm sürdüyü üçün geri dönüşü olmayan səyahətdir.

Son dövrlərdə bu bölgədə üç dəfə münaqişə olub. Birincisində, 1990-cı illərdə Ermənistan qalib gəlib, ikincisində, 2020-ci ildə Azərbaycan qələbə qazanıb, sonuncusunda isə, 2023-cü ilin sentyabrında “Artsax” buraxılıb.

Beynəlxalq ictimaiyyət Azərbaycanı Ermənistana qarşı müharibəni davam etdirmək istəyinə qarşı xəbərdar edib. Etnik təmizləmə ittihamları da gündəmə gəlib. Ənənəvi olaraq bu məsələdə Ermənistana yaxın olan Fransa xüsusilə ön plandadır. Bu da Bakını qıcıqlandırır.

Azərbaycanın başlamalı olan sülh danışıqlarına necə yanaşdığını, həmçinin Bakının ərazinin gələcəyini necə nəzərdə tutduğunu anlamaq məqsədi ilə biz Prezident İlham Əliyevin yaxın müşavirlərindən biri olan Elçin Əmirbəyovla görüşdük.

-Azərbaycan tərəfindən Fransaya qarşı çox ağır sözlər səsləndirilib. Fransanı nədə günahlandırırsınız?

Elçin Əmirbəyov, Azərbaycan prezidentinin müşaviri: 1997-ci ildən bəri Fransa Minsk qrupunun üç həmsədrindən biri (redaktorun qeydi: münaqişənin siyasi həllinə cavabdehdir) kimi vasitəçilik rolunu oynayıb. Fransa həmişə Azərbaycanla Ermənistan arasında kifayət qədər balanslı münasibət saxlamağa çalışıb. Əvvəlcə prezident Jak Şirakla, sonra prezidentlər Nikola Sarkozi və Fransua Ollandla. Lakin, əfsuslar olsun ki, son illərdə biz bu balansın pozulduğunu gördük. Fransanın Ermənistanla Azərbaycan arasında asanlaşdırıcı rol oynamaq ambisiyası var. Amma eyni zamanda, biz mütəmadi olaraq Fransadan Azərbaycana qarşı və Ermənistanın xeyrinə hər cür ittihamları eşidirik. Onlar bizi ermənilərin Qarabağı zorla tərk etməsində ittiham edirlər. Bizi “cinayətdə” ittiham edirlər.

Və hər şeydən əvvəl, bu, bəyannamələrdən kənara çıxan faktrorlardır. Belə bir qərar var ki, Azərbaycana qarşı olan Ermənistana müharibə materiallarının verilməsi ciddi şəkildə nəzərdən keçirilsin.  Ona görə də hazırda Fransanın “vasitəçi” və ya “asanlaşdırıcı” kimi etibarlılığı demək olar ki, yoxdur. Bu qərar bizi olduqca təhlükəli vəziyyətə sala bilər. Biz bunu Fransanın Ermənistanı silaha sarılmaqla ölkəmizə yenidən hücuma təhrik etməsi kimi şərh edə bilərik. Biz ərazimizin 20%-nin qanunsuz işğalına yenicə son qoymuşuq. [redaktorun qeydi: Bu ərazidəki qondarma “Respublika” heç vaxt beynəlxalq səviyyədə tanınmayıb və Dağlıq Qarabağ həmişə hüquqi olaraq Azərbaycana məxsus olub)

Biz bu regionda yeni faciələr, yeni müharibə istəmirik. Biz sülh müqaviləsi layihəsinə nail olmaq üçün Ermənistanla danışıqları həqiqətən də bərpa etmək istəyirik və bu sözümüzün üstündəyik. Əgər Ermənistan da iki ölkə arasında sülhün və sabitliyin bərqərar olması üçün bu səylərimizə qoşularsa, biz öz üzərimizə düşən işi görməyə tam hazırıq. Həmçinin, deməliyəm ki, biz Avropa İttifaqının rolunu yüksək qiymətləndiririk. Şarl Mişel Avropa Şurasının prezidenti kimi danışıqların bərpasına kömək etmək üçün yaxşı iş görüb. Azərbaycan bu gün məhz bu çərçivədə, Avropa İttifaqı ilə üçtərəfli formatda yenidən həll prosesi ilə məşğul olmağa hazırdır

Bu sülh hansı formada ola bilər? Həm İrəvanda həm də ondan kənar dairələrdə narahatlıqlar var. Yəni, insanların beynində Ermənistanın cənubunda, Zəngəzur dəhlizi ətrafında, həmin Sünik bölgəsində möhtəməl münaqişə riski haqqında çox düşüncələr var...

Sülh müqaviləsində biz ölkələrimizin hər birinin ərazi bütövlüyünə qeyd-şərtsiz hörmətlə bağlı öhdəliyimizi bir daha təsdiq edəcəyik. Biz demək olar ki, otuz ildir davam edən bu düşmənçiliyə son qoyacağıq. Ermənistanın Azərbaycanın öz ərazisinə qarşı müharibə edəcəyi ilə bağlı iddiaları isə tamamilə əsassızdır. Biz Ermənistanın, eləcə də dünyanın bütün digər ölkələrinin ərazi bütövlüyünə hörmətlə yanaşırıq. Azərbaycan da həmçinin uzun illər ərzində öz ərazi bütövlüyünün pozulmasından əziyyət çəkib.

-Siz bizə açıq deyirsiniz ki, Ermənistanla Azərbaycan arasında yeni müharibə olmayacaq?

Hər halda, Azərbaycanın yeni müharibəyə başlamaq niyyəti yoxdur. Təbii ki, Ermənistan bizə hücum etsə, biz sakit oturmayacağıq. Amma mən inanmıram ki, bu, Ermənistanın marağındadır. Hesab edirəm ki, bizə sadəcə olaraq danışıqlar yoluna qayıtmaq və Avropa İttifaqının sülh prosesini irəli aparmaq istəyindən yararlanmaq, sərhədlərin delimitasiyası, kommunikasiya xətləri haqqında danışmaq lazımdır. Biz buna diqqət yetirməliyik. Və Azərbaycanla danışıqlara hazır olduğunu bildirən, eyni zamanda bütün cəbhələrdə diplomatik müharibə aparan Ermənistan kimi ikili oyun oynamaq lazım deyil.

-Siz diplomatik müharibədən danışırsınız?

Bəli, Ermənistan sülhdən danışarkən öz diplomatik aparatını müxtəlif forumlarda, o cümlədən BMT-də azərbaycanlıları ittiham etmək üçün istifadə edir. Fransanın Ermənistana dəstəyi sayəsində o, dəfələrlə Təhlükəsizlik Şurasına müraciət edib. Amma Ermənistan həm də yeni, tamamilə anti-Azərbaycan və qərəzli qətnamələr qəbul edən Avropa Şurasını, Avropa Parlamentini təşvişdə saxlayır. Bu, diaspor vasitəsilə Azərbaycanı “basmaq” kampaniyasıdır. Bu, ermənilərin həll yollarını tapmaq üçün real səmimiyyətinin olmadığını göstərir. Cənab Paşinyan (Ermənistanın baş naziri) həmkarları ilə görüşəndə ​​deyir ki, Azərbaycan Ermənistana hücum etmək istəyir. Amma bunlar iddiadır. Bunun heç bir sübutu yoxdur. Onun niyə belə dediyini mən bilmirəm. Bu ittihamların heç bir əsası yoxdur. Hesab edirəm ki, Ermənistanın müharibədən qaçmasının ən yaxşı yolu real danışıqlara başlamaqdır.

-Dağlıq Qarabağda demək olar ki, erməni qalmaması, ya da çox az sayda erməni qaldığına görə etnik təmizləmə ittihamları ilə bağlı nə deyirsiniz?

Bu yaxınlarda Qarabağda baş verənləri etnik təmizləmə kimi səciyyələndirmək vicdanən doğru deyil. Bu, çox ciddi ittihamdır. Bu o deməkdir ki, hökumət əhalinin bir hissəsini etnik və ya dini mənsubiyyətinə görə öz ərazisini tərk etməyə məcbur etmək istəyir. Xüsusilə vurğulamalıyıq ki, Azərbaycan sentyabrın 19-da başladığı bu antiterror tədbirləri ilə yalnız qanuni hərbi hədəfləri hədəfə alıb. Biz separatçıların mövqelərinin harada olduğunu dəqiq bilirdik və dərhal yerli mülki əhaliyə onların hədəfə alınmadığını bildirdik. Onlara dedik ki, narahat olmayın, evdə qalın. Biz heç vaxt mülki infrastrukturu və ya mülki əhalini hədəf almamışıq. Bunu mən demirəm. Oktyabrın 1-də həmin əraziyə həm də BMT missiyası baş çəkib. BMT rəsmiləri hələ də orada olan ermənilərlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ilə görüşüblər. Onlar sülhməramlı qüvvələrin kontingenti olan Rusiya hərbçilərinin nümayəndələri ilə də danışıblar. Bu, mülki şəxslərin hədəf alınmadığının sübutudur. 23 saat davam edən bu əməliyyat başa çatan kimi biz oradakı əhaliyə, o cümlədən Bakıdan külli miqdarda humanitar yardımın çatdırılmasına təşəbbüs göstərdik. Qida, dərman... nə lazımdırsa. Elektrik enerjisini bərpa etdik, qaz xətlərini çəkməyə başladıq. Biz onları bu ərazini tərk etmək qərarına yenidən baxmağa çağırdıq. Biz onlara dedik: “Bu, sizin şəxsi seçiminizdir. Azərbaycanı tərk etməyinizi istəmirik. Amma bunu etsəniz, bilin ki, sizin geri qayıtmaq hüququnuz var." Bunu necə etnik təmizləmə adlandıra bilərəm?!

-Amma hələ də doqquz aylıq blokada var idi ki, Azərbaycan hərəkəti qadağan etdiyi üçün oraya ərzaq, dərman və yanacaq keçmirdi.

Biz tam blokadadan danışa bilmərik. Beynəlxalq Qızıl Xaç Komitəsinin tibbi evakuasiya işlərini yerinə yetirmək, əhaliyə lazımi dərman preparatları gətirmək azadlığı var idi. Yolun niyə qismən bağlandığına baxsaq, bunun səbəbi atəşkəs imzalanandan iki il yarım ərzində Ermənistanın öz ərazisindən Qarabağa hərbi personal, minalarla yanaşı, bütün növ silahlar da gətirmək üçün istifadə etməsi olub. Bütün bunlara son qoymaq üçün keçid məntəqəsini qurmalı olduq.

-Geri qayıtmaq istəyən ermənilərin təhlükəsiz yaşayacaqlarına əmin ola bilmələri üçün hansı təminatlar və ya şərtlər olmalıdır?

Antiterror tədbirləri başa çatdıqdan bir gün sonra biz Azərbaycanın mərkəzi hakimiyyəti ilə oradakı erməni icmasının nümayəndələri arasında dialoqa başladıq. On gün ərzində üç görüş keçirdik. Həyatlarının müxtəlif sahələrində, o cümlədən hər cür sosial, iqtisadi, siyasi, humanitar, dil və dini hüquqlarda onların gələcəyinə dair baxışlarımızı təqdim etməyə çalışdıq. Bu, açıq şəkildə göstərir ki, Azərbaycan hökumətinin bu insanları hüquqlarından məhrum etmək istəyi yoxdur. Lakin azərbaycanlılarla birgə və dinc yanaşı yaşamaq üçün onlar hakimiyyətin Azərbaycana məxsus olduğunu bilməlidirlər. Onlar ölkəmizin suverenliyini tanımalıdırlar. Artıq bəziləri Azərbaycan vətəndaşı olmaq istəklərini bildiriblər. Düzdür, bu çaxnaşma və stress mühitində ölkəni və ya evini tərk edəndə bir həftədən sonra geri qayıtmağı seçmək asan deyil. Odur ki, bəlkə də bir az gözləmək lazımdır ki, bu insanlar Azərbaycanı tərk etmək qərarına yenidən baxsınlar. Onlar geri qayıtmaq istədiklərini bildirdikdə, biz onlarla həqiqətən əlaqə qura bilərik.

-Sanksiyalardan qorxursunuz?

Fransanın bir müddət irəli sürdüyü bu ideyanın Avropa İttifaqı ölkələrinin əksəriyyətinin dəstəyini aldığını bilmirəm. Bu sanksiyalar tam olaraq nəyə cavab olacaq? Azərbaycanın onilliklər boyu davam edən strateji səbrindən sonra beynəlxalq ictimaiyyət, o cümlədən Fransa tərəfindən ona məxsusluğu tanınan suveren ərazisi üzərində öz nəzarətini bərpa etmək istəyi? Hesab etmirəm ki, qanunu bərpa edən ölkəni cəzalandırmaq və ya cəzalandırmağa cəhd etmək lazımdır. Ərazimiz hücuma məruz qalıb və nəinki hücuma məruz qalıb, o, işğal edilib və etnik təmizləməyə məruz qalıb. Bu gün hamı etnik təmizləmədən danışır, amma heç kim Ermənistanın 90-cı illərin əvvəllərində, o vaxtkı 7 milyonluq əhalinin təxminən 1 milyonunun ya köçkün, ya da qaçqın vəziyyətinə düşdüyü zaman real etnik təmizləmə aparmasından danışmır. Heç kim, nə Fransa, nə də avropalılar Ermənistana qarşı sanksiyalar tətbiq etmək istəyini dilə gətirməyib və heç vaxt onu qınamayıb. Söhbət iki  çəkidən və iki ölçüdən gedir. (ikili standart mənasında)

-Sülh danışıqlarında Dağlıq Qarabağın həbsdə olan liderlərinin taleyi müzakirə olunacaqmı?

Əvvəlcə onu vurğulamalıyıq ki, silahlarını təhvil verən separatçılara amnistiya elan etmişik. Onların Laçın yolu ilə ərazimizi tərk etmək azadlığı var idi. Amma həbs olunanlara gəlincə, söhbət Azərbaycanın mülki əhalisinə qarşı törədilən dəhşətli zorakılıqlarda iştirakı sübuta yetirilən kiçik bir qrup adamdan gedir. Bizdə sübut var. Məhkəmə bunu nümayiş etdirəcək. Bu hərbi cinayətlər üçün heç bir müddət yoxdur və yalnız bu cür insanlar həbs olunur. Onların məhkəməsi zəruridir. Onların azad edilməsi ilə yaxınlarını itirmiş insanlara münasibətdə ədalətli ola biləcəyimizi düşünmürəm. Biz onları sırf xoş niyyət jesti kimi azad edə bilmərik. Çünki hesab edirəm ki, bu münaqişənin bu qədər uzun sürməsinin səbəblərindən biri də cəzasızlıqdır.

-Ruben Vardanyan üçün belədirmi?

Bəli, o, terrorizmin maliyyələşdirilməsi ilə məşğul olub. O, Azərbaycanda dinc əhaliyə qarşı terror törədən qrupların yaradılmasını maliyyələşdirib.

Bu münaqişənin ən böyük qırğınlarının məsuliyyəti bu gün istintaq təcridxanasında olan insanlardır. Baxın, o zaman ki, bir gecədə 613 dinc azərbaycanlı, o cümlədən uşaqlar, hamilə qadınlar, qocalar azərbaycanlı olduqları üçün qətlə yetirilb. Bu, soyqırım aktıdır. Düşünürəm ki, bu sözü işlədərkən diqqətli olmalıyıq. Amma sırf düşmən hesab etdiyiniz etnik qrupa mənsub olduğu üçün bir əhalini hədəf seçsəniz, bu, soyqırım aktıdır. Ona görə də bu hekayəyə göz yuma bilmərik. Bunlar otuz il bundan əvvəl törədilmiş dözülməz, qəbuledilməz sui-istifadə faktlarıdır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR