İnsanlara hürriyət, millətlərə istiqlal!

“Əl-Qaidə”nin əsir götürdüyü azərbaycanlı məhkəmə qarşısında - CİNAYƏT DOSYESİ

834 26.09.2023 16:59 Kriminal A A

Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada silahlı birləşmələrin tərkibində döyüşməkdə ittiham olunan Bakı şəhər sakini, 1966-cı il təvəllüdlü Şahin Salayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Musavat.com-un məlumatına görə, dini ləqəbi “Abu Muhəmməd” olan Şahin Salayev Suriya ərazisindəki silahlı münaqişələrdə iştirak etmək məqsədi ilə 2020-ci ilin ortalarında İdlib şəhərinə gedib.

Orada dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində yaradılaraq fəaliyyət göstərən, “Taifatul Mansura” adlı qanunsuz silahlı qruplaşmaya qoşulub və 2021-ci ilin sonlarınadək həmin qruplaşmanın tərkibində silahlı münaqişələrdə iştirak edib.

Təqsirləndirilən Şahin Salayev ona elan olunan ittihamla özünü təqsirli bilməyib. İfadəsində üç dəfə nikah bağladığını, birincinin rəsmi, digər iki nikahın isə qeyri-rəsmi olduğunu, dini nikahda yaşadığını deyib. 2010-cu ildə qeyri-rəsmi nikahda olduğu arvadı və övladı ilə birgə Dubaya, daha sonra İsgəndəriyyəyə, oradan isə Qahirəyə gedərək universitetdə təhsil alıblar. Qahirədə olarkən Azərbaycanda yaşayan tanışları onun dini nikahda olduğu ikinci arvadının övladlarını götürüb Suriyaya getdiyini öyrənib.

Şahin Salayevin ifadəsinə görə, ailə üzvlərini tapıb Qahirəyə gətirmək məqsədilə onların arxasınca Suriyaya yollanıb. Hələb şəhərinə çatdıqda şəhərin müharibə nəticəsində dağıntılara məruz qaldığını görüb, ailə üzvlərini axtarsa da, tapa bilməyib:

“Türkiyə ilə sərhədə yaxın ərazidə parça alverilə məşğul olurdum. Həmin ərəfədə yaşadığım ev bombalandığına görə bütün sənədlərim məhv edildi. Yol ilə hərəkətin mümkünsüz olduğunu görüb üsyançılar olan əraziyə getdim. Hələb şəhəri Suriya ordusu tərəfindən alınandan sonra Laziqiyyə deyilən əraziyə gedərək orada ev tutub yaşamağa başladım”.

“Abu Muhəmməd” ifadəsində “Əl-Qaidə” terror təşkilatının yaşadığı əraziyə hücum etdiyini və onları əsir götürdüklərini göstərib: “Həmin ərazidə azərbaycanlılar olduğuna görə onların evinə qonaq getmişdim, ünsiyyətimiz yaranmışdı. Döyüş zonası olduğuna görə harasa gedərkən tanışlarımın silahını götürürdüm. Özümün şəxsi silahım yox idi. “Əl-Qaidə” bizi əsir götürdükdən sonra ölkədən çıxardı”.

“Abu Muhəmməd”lə birgə “Taifatul Mansura” adlı silahlı qruplaşmanın tərkibində İdlib şəhərinin “Türkmən dağı”ərazisində “rebat”a çıxan, həmin bölgəni “Cəbhətul Nusra” silahlı birləşməsindən qoruyan, hazırda həbsdə olan bir neçə əqidə yoldaşları da dindirilib. Onlar bildiriblər ki, təxminən 28 oktyabr 2021-ci ildə “Cəbhətul Nusra” camaatı onların qruplaşmasına hücum etdiyinə görə baş vermiş döyüşdə məğlub olublar. Qrupun bir neçə üzvü öldürülüb, sağ qalanlar isə əsir götürülüblər, “Cəbhətul Nusra” tərəfindən İdlibin Darkuş bölgəsində nəzarətdə saxlanılıblar.

Qeyd edək ki, Şahin Salayev 2023-cü ildə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılaraq Azərbaycana gətirilib. İstintaq araşdırmaları zamanı məlum olub ki, Suriya-İraq ərazisində 10 illik döyüş təcrübəsi olan Şahin Salayev 2016-cı ildə Suraxanı rayon Məhkəməsinin qətnaməsi ilə xaricdəki silahlı münaqişələr zamanı ölmüş elan edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 283-1.3-cü (Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədi ilə sabit qrup yaratma, qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

Məhkəmənin hökmünə əsasən, Şahin Salayev 7 il müddətinə azadlıqdan məhrum edilib.

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR