İnsanlara hürriyət, millətlərə istiqlal!

Ekspertdən həyəcan təbili: “İş o yerə çatıb ki, idman dərslərini də qadın müəllimlər keçir”

1233 12.05.2022 19:42 Təhsil A A

 “11 il ancaq qadınlardan dərs alan oğlan uşağı kişi kimi necə formalaşsın?!”

 

Son dövrlər məktəblərdə kişi müəllimlərin sayı sürətlə azalır. Demək olar ki, orta məktəblərin böyük əksəriyyətində qadın müəllimlərə daha çox rast gəlinir. Əsasən də, ibtidai sinif müəllimləri arasında kişi müəllim demək olar ki, yoxdur.  Ekspertlər bunun ciddi sosial-psixoloji fəsadlara səbəb olacağını bildirir.

 

Təhsil naziri Emin Əmrullayev də çıxışlarının birində gələcəkdə qadınların təhsildə çox olmasının problem yaradacağını qeyd edib. “Gələcəkdə qadınların təhsildə çox olması problem yaradacaq. Amma biz kişi müəllimlərin çox olmasını istəyirik", - deyə nazir bildirib. Bəs görəsən, illərdir davam edən bu tendensiya necə dəyişməlidir? Məsələnin həlli necə olmalıdır? 

Elçin Əfəndi: "Mən çox təəssüf hissi ilə qeyd edirəm ki..."

 Elçin Əfəndi

Təhsil eksperti Elçin Əfəndinin mövzu ilə bağlı fikirləri diqqət çəkdi: “Son günlər kişi müəllimlərin say azlığı ilə bağlı gündəmdə müzakirələr gedir. Halbuki bu barədə bir neçə ildir “Morze” əlifbasına əsasən, müvafiq siqnalı göndərmişik, amma çifayda. Hazırda gördüklərimiz heç nədir. Bir neçə il sonra ciddi fəsadlar dəhşətli dərəcədə olacaq. Bu məsələdə əsas problem əmək haqqıdır. Nə qədər ki, Azərbaycan müəllimi ən azı millət vəkilləri qədər əmək haqqı almayacaq, o vaxtadək də kişi müəllim qıtlığı olacaq. Ümumiyyətlə, istər kişi müəllim, istər qadın müəllim olsun, bu gün əmək haqları çox aşağıdır. Əmək haqqı və keyfiyyət bir-birindən asılıdır. Yaxşı əmək haqqı yüksək təhsil keyfiyyəti deməkdir.

Təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a mövzunu belə şərh etdi: “İlk növbədə qeyd edim ki, bu gün Azərbaycanın 4432 ümumtəhsil məktəblərində çalışan 149,602 müəllimin 71 faizini xanımlar, 29 faizini isə kişi müəllimlər təşkil edir. Əslində bu rəqəmlər vəziyyətin nə qədər təhlükəli olduğunu göstərir. Orta məktəblərdə kişi müəllimlərin azlığı şagirdlərin xarakterinin formalaşmasına ciddi şəkildə təsir göstərir. Yəni hazırda təhlükə yalnız və yalnız təhsilin keyfiyyəti, dərsə davamiyyət və ən nəhayət, uşaq xarakterinin formalaşması ilə bağlıdır. Uşaqlar məktəbəqədər təhsil pilləsindən tutmuş, ali məktəbə qədər ancaq qadın müəllimlərin , evdə də analarının təsiri altında formalaşır ki, bu da onların xarakterinə təsirsiz ötüşmür. Etiraf edim ki, bu gün müəllimlərin aldığı əmək haqqı onların aylıq xərclərini ödəmir. Biz 1980-ci illərə nəzər salsaq görərik ki, bu rəqəm 50/50 vəziyyətindədir. Bəzi bölgələrimizdə isə kişi müəllimlərin say faizi daha üstün idi. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, ölkədə baş verən hadisələr, Qarabağ müharibəsi, iqtisadi çətinlik müəllim kimi fəaliyyət göstərən böyük sayda kişini bu sahədən uzaqlaşdırdı. 1995-ci ildən sonra ölkədə sabitlik yarandıqdan sonra da müəllimin əmək haqqının azlığı bu sahədən üz döndərən kişi müəllimlərin sayını azaltmadı”.

Gedək, xarici ölkədə işləyək?” – Kamran Əsədov dövlət qurumlarının  müdaxilələrinə etiraz etdi » Sfera.az Azərbaycanda özəl xəbərlər,  araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Kamran Əsədov

K.Əsədovun sözlərinə görə, hazırda Bakıdakı orta məktəblərdə fəaliyyət göstərən müəllimlərdən 27 mini qadın, 3600-ü isə kişidir: “Müəllimlərin məvaciblərinin azlığı kişi pedaqoqların təhsil sahəsindən uzaqlaşmasına səbəb olur. İş o yerə çatıb ki, paytaxt məktəblərində hətta bədən tərbiyəsi və idman dərslərini də qadın müəllimələr tədris edirlər. Sovet hakimiyyətinin ilk illərində Azərbaycanın kənd rayonlarında qadın müəllimlər yox dərəcəsində idi. Bu boşluğu doldurmaq üçün Rusiyanın müxtəlif bölgələrindən, eləcə də paytaxt Bakı şəhərindən yerlərə kütləvi şəkildə qadın müəllimlər göndərirdilər. Müəllim kimi yeni işə başlayan gənc təbii ki, bu maaşla dolana bilməyəcəyinin fərqindədir və müəllimlik diplomunu bır kənara atıb, normal maaşlı iş axtarmağa məcbur olur. Dünyanın bir çox inkişaf etmiş ölkələrində uşaq bağçalarında tərbiyəçi qadın yoxdur. Uşaqları yalnız kişilər tərbiyə edirlər. Kişilərin tədrisə və uşaqların tərbiyə prosesinə yanaşması isə fərqlidir. Bunu müxtəlif cür izah etmək olar. Qadınlar bu məsələdən inciməməlidirlər. Bu göstərici onların kişilərdən xarakter baxımından zəif olmaları və ya kişilərdən aşağı səviyyədə tədris etmələri kimi qəbul edilməməlidir. Dünyada bu proses belədir. Hansı ölkələrdə ki, kişilərin sayı qadınların sayından üstündür, bu təhsilin keyfiyyətinə müsbət mənada təsir edir. Sovet hakimiyyəti  dövründə müəllimin böyük güzəşt və imtiyazları var idi, nəqliyyat xərcləri də daxil olmaqla, digər kommunal ödənişlərdən azad idi. Dövlət büdcəsinin vəsaiti hesabına hər il istirahət mərkəzlərinə, sanatoriyalara göndərilirdi. Əlbəttə ki, sovet hakimiyyəti sosialist ölkə idi, indi isə kapitalizm dövrüdür. Lakin bir çox ölkələrdə müəllimin dövlətin kadr potensialının gücləndirilməsi, formalaşdırılmasında xidmətini nəzərə alaraq, yüksək əmək haqqı ilə yanaşı, güzəşt və imtiyazlar saxlanılıb. Hesab edirəm ki, bu sahəyə yenidən kişi müəllimlərin cəlb edilməsi üçün zəruri olan addımların önündə müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi dayanır. Bundan başqa  dövlət büdcəsinin vəsaiti imkan vermir ki, müəllimin əmək haqqı ciddi şəkildə artırılsın. O zaman, müəllimi müəyyən olunmuş xərclərdən azad etmək lazımdır. Yəni müəllim işıq, qaz, su kimi xərclərdən azad edilməlidir ki, aldığı az əmək haqqını sosial rifahına yönəldə bilsin. Bu gün müəllim gözünün işığını, sağlamlığını xalqın gələcəyinə sərf edir, ona ciddi şəkildə diqqət ayırmaq lazımdır. Azı hər altı aydan bir müəllimlərin pulsuz və yüksək səviyyədə tibbi xidməti həyata keçirilməlidir. Müəllimə müqəddəslərə göstərdiyimiz ehtiramı göstərməliyik, səfirlərə verilən təhlükəsizlik və toxunulmazlığı həm də müəllimə verməliyik, deputata verilən əmək haqqını müəllimə verməliyik. Cəbhəyanı ərazilərdə fəaliyyət göstərən müəllimlərin əmək haqqı şəhərdə çalışanlarla müqayisədə iki dəfə çox verilməlidir. Çünki ölkədə fəaliyyət göstərən hər bir vətəndaşı yetişdirən, formalaşdıran müəllimdir”.

Rusiya Qərbə ixrac edə bilmədiyi məhsuları aternativ bazar kimi Azərbaycana  göndərəcək” - Eldəniz Əmirov Pravda.az

Eldəniz Əmirov 

İqtisadçı-ekspert Eldəniz Əmirov də məsələ ilə bağlı narahatlığını bildirib: “Müəllimlərin hamısının getdikcə qadınlardan ibarət olması bizim xalqa 20-30 il sonra qaça bilməyəcəyi ciddi bir problemlər yaşadacaq. Məktəblərə kişi müəllimləri qaytarmaq üçün, siniflərdə kişi görmək  üçün müəllimlərin əmək haqqına mütləq yenidən baxılmalıdır. Heç bir kişiyə məcburi demək olmaz ki, al bu 500 manatı, gəl müəllim işlə. Ya ciddi maaş artımı, ya da əlavə stimullaşdırıcı addımlar vasitəsilə mütləq müəllim kontingentinin cins tərkibinin qadınlaşmasını əngəlləmək lazımdır. 6 yaşdan başlayaraq 11 il ancaq qadınlardan dərs alan oğlan uşağı kişi kimi necə formalaşsın?! Hələ vay o günə ki evdə də kişi tərbiyəsi, kişi davranışı görməyə. Bu bizim bu gün gözlə görə bilmədiyimiz, amma bir müddət sonra millətin deqredasiyasına səbəb olacaq, çox qorxulu tendensiyadır”.

Afaq MİRAYİQ,
Musavat.com  

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR