İnsanlara hürriyət, millətlərə istiqlal!

Ekspert: “Trendyol” Azərbaycandan böyük məbləğdə pulların çıxmasına səbəb olursa...

1691 24.02.2023 15:24 Gündəm A A

“Qaçış yarışındakı iki insan arasında bərabərlik yaratmaq üçün qabaqda qaçan adamın qıçını vurub sındırmazlar, arxada qaçana sürətli qaçmağı öyrədərlər. “Trendyol” yerli şirkətləri üstələyirsə, onun sıxışdırılmasına yox, yerli şirkətlərin “Trendyol”a çatdırılmasına çalışmaq lazımdır”.

Bu fikirləri Musavat.com-a iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib.

Ekspertin fikrincə, “Trendyol”un təcrübəsini öyrənmək, elə şirkətə çevrilmək üçün hansı əngəllər varsa, bunu bəyan etmək və o əngəlləri aradan qaldırmaq daha doğru olardı:

“Əgər “Trendyol” hansısa formada Azərbaycanda müvafiq qanunvericiliyin tələblərini pozursa, onda onu bu tələblərə əməl etməyə məcbur etmək mexanizmi olmalıdır və ya “Trendyol” Azərbaycandan böyük məbləğdə pulların çıxmasına səbəb olursa, onda yenə də birbaşa qadağadan söhbət getməməlidir. Bu zaman statistik tərəzi düzəltmək lazımdır. Tərəzinin sol gözünə “Trendyol”un sayəsində Azərbaycandan çıxan valyutanı, digər gözünə isə 10 milyon vətəndaşın mənafeyini (alıcılıq qabiliyyətini nəzərə alaraq) qoymaq lazımdır. Əgər tərəzinin Azərbaycan vətəndaşlarının mənafeyi olan gözü ağır gələrsə, o zaman “Trendyol”un bağlanılması haqda düşünmək belə olmaz. O ki qaldı tərəzinin gözlərinə, tərəzinin sol gözündəki ağırlığı hesablamaq asandır. Avtomatlaşdırılmış sistem statistikanı verir. Amma əsas sağ gözdür. Vətəndaşın nələr qazandığını heç bir avtomat sistem hesablaya bilməz. Vətəndaş zaman, keyfiyyət, rahatlıq udur. Ən asası, vətəndaş burada bir balasının şalvarına xərclədiyi pulla 2, bəzən də 3 balasına şalvar ala bilir. Bunun nəyi pisdir?! Buna görə də qərar vermədən əvvəl tərəzinin sağ gözünü dəqiq hesablamaq lazımdır. Yox əgər, sol göz ağır gələrsə, onda vəziyyətə digər alətlərin köməyi ilə müdaxilə edilə bilər. Amma yenə də bu, kəskin inzibati yolla deyil, yumşaq iqtisadi alətlərlə tənzimlənməlidir. Bizdə keyfiyyətli ərzaqlıq buğda yetişmirsə, bunun günahı buğda idxal etdiyimiz Rusiyanın və ya Qazaxıstanın tarlalarında deyil. Bir tarlanı yandırmaqla digərinin məhsuldarlığı artan deyil”.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib ki, bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə müzakirə edilən onlayn satış platformalarına məhdudiyyətlərin tətbiq olunacağı ilə bağlı yayılan fikirlər həqiqətəuyğun deyil: “Dövlət Xidməti tərəfindən yerli və xarici rəqəmsal satış platformalarının ölkəmizdəki fəaliyyətini məhdudlaşdıran hər hansı tənzimləmə tədbiri nəzərdə tutulmur. Vətəndaşlar yerli və xarici mənşəli onlayn satış platformalarının xidmətlərindən mövcud qanunvericiliyin tələbləri çərçivəsində sərbəst şəkildə istifadə edirlər”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR