İnsanlara hürriyət, millətlərə istiqlal!

Ekspert: “150 min müəllimi sertifikasiyadan keçirmək mümkün deyil”

1246 24.08.2022 19:43 Sosial A A

“Müəllimlərin və direktorların əmək haqlarına əlavələrin edilməsi alqışa layiq olsa da, icra zamanı bərabərlik prinsipinin pozulduğunu düşünürəm”.

Bunu Musavat.com-a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib.

“Bir qrup savadlı müəllimin maaşına 35% əlavə edildiyi halda, eyni nəticəni göstərməyə qadir digər savadlı müəllimlərə bu imkanın verilməməsi (çox gec verilməsi) və bu səbəbdən artım fürsətindən yararlana bilməməsi doğru deyil. Aydın məsələdir ki, sertifikatlaşdırılma mərhələli keçirilir və dərhal 150 min müəllimi sertifikasiyadan keçirmək mümkün deyil. Amma sertifikasiyadan keçirilmə mümkün deyilsə də, əmək haqlarına əlavələri ədalətli şəkildə eyni tarixdən etmək olar. Bütün müəllimlərin sertifikasiyadan keçib qurtaracağı ən son müddət elan edilənədək sertifikasiyadan keçən bütün müəllimlərin hər birinin əmək haqqına əlavələr dəqiq eyni bir tarixdə edilir. Məsələn, 2022-ci il tarixindən bütün müəllimləri sertifikasiya etmək mümkün olmadığından, proses 2023-cü ilin sonuna qədər tamamlanır və sertifikasiyadan keçmə vaxtından asılı olmayaraq 1 sentyabr 2022 və ya 1 yanvar 2023 tarixindən hesablanmaqla bütün uğur qazanmış müəllimlərin əmək haqqına əlavələr edilir. Cənab Prezidentin fərmanı savadlı müəllimlər üçün əla fürsətlər yaradır. Bu, alqışalayiqdir. Sertifikasiyanın test mərhələsində 50 baldan yuxarı bal toplamış müəllimlərin əmək haqqına 35% əlavə əmək haqqı qazanması əladır. Bu o deməkdir ki, tədris etdiyi dərs üzrə müəllim özü 83.3%-dən çox bilik göstəricisinə malikdirsə, 500 manat alan müəllim hər ay 675 manat, 1000 manat alan müəllim 1350 manat maaş alacaq. Beləcə, əla fürsət yaradan fərmanın icrası zamanı bərabərlik prinsipi gözlənilməlidir. Amma indi eyni şagird sayına və eyni biliyə malik olan A şəhərində işləyən müəllimlər B şəhərində işləyən müəllimlərdən bir il sonra sertifikasiya olunursa, onda bu müəllimlər arasında 3 min manatadək illik əmək haqqı fərqi yaranacaq. Zaman fərqi artdıqca isə pul fərqi daha da artacaq. Bu isə bərabərlik şərtlərini pozur”, - iqtisadçı qeyd edib.

Ekspertin fikrincə, təhsildə aparıcı idarəedici şəxslərin maddi təminatının yüksəldilməsi üçün direktor və müavinlərinin əmək haqlarına əlavələrin edilməsi vacib qərardır: “Amma burada da icra zamanı razı olmadığım bir məqam var. Direktorların əmək haqqına əlavələrin həcminin məktəbdə oxuyan şagirdlərin sayına görə müəyyən olunması doğru yanaşma olsa da, diferensasiya sərhədləri həddindən artıq böyükdür. Yəni diferensial yanaşma düzgün olsa da, bir direktora 600 manat, digərinə 1500 manat əlavə doğru deyil. Ona görə ki, diferensial yanaşma zamanı minimum (600) və maksimum (1500) arasındakı fərq minimumdan çox olmamalıdır. 1500-600=900. Göründüyü kimi, mövcud fərq minimumun 150%-ni, maksimum isə minimumun 250%-ni təşkil edir. Bu, hədsiz böyük fərqdir. Odur ki, diferensiallığın 600-dən 1500-dək yox, 800-dən 1300-ə qədər dəyişməsi daha doğru olardı.Təbii ki, iqtisadçı olaraq məsələnin iqtisadi tərəflərini, ayrılacaq maliyyə vəsaitlərinin məhdudluğunu gözəl başa düşürəm. Buna görə də demək istədiyim odur ki, əgər cənab Prezidentin bu fərmanının icrası üçün aidiyyəti orqan “X+1” manat yox, yalnız X manat ayıra bilirsə, onda həmin X manat vəsaiti yenə də daha səmərəli və ədalətli idarə etmək olar”.

Eldəniz Əmirov prosesin 4 il gedəcəyinə, təxminən 35 min müəllimi əhatə edəcəyinə diqqət çəkərək qeyd edib ki, bu qərarın tətbiqinə bölgələrdən başlamaq daha doğru olardı: “Sertifikasiya bölgələrdə təhsili motivasiya etmək üçün ən yaxşı fürsət idi. Əgər maaş əlavələrini hissə-hissə edirdiksə, onda mütləq əksinə, bölgədən başlamaq lazım idi. Çünki bölgədə tədrisin motivasiyaya daha çox ehtiyacı var”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR