İnsanlara hürriyət, millətlərə istiqlal!

Ekranı bəyənməyən deputatlar

1596 03.05.2023 11:19 Yazarlar A A

“Niyə bəs boylə bərəldirsən, a qare, gözünü?

Yoxsa bu ayinədə əyri görürsən özünü?!"

(Sabir)

Milli Məclis İctimai Televiziya Yayım Şurasının yeni üzvlərini təsdiqləyərkən deputatlar telekanalların qabırğasına xeyli döşəmişdir. Məlum deyil bu yoldaşlar kanallardan nə alıblar, verə bilmirlər, yaxud nə veriblər ala bilmirlər - düzü, prosesin ardıcıllığından xəbərsizəm. Bəy dediyin nədir, bəyənmədiyin nədir? Elə bil İsveçrədən bunlara televiziya gətirməliyik. Nə göstərirlərsə, həm də sizin sayənizdə göstərirlər. Efir sizin, kanal sizin, tamaşaçı sizin. Niyə bəyənmirsiniz?

Biri deyir milli mentalitetimiz əldən gedir. İkincisi deyir 70 yaşlı kişini efirdə evləndirirlər, buna son qoymalıyıq. Üçüncüsü deyir kanallar dövlətçilik mövqeyində olmalıdır.

Anlamaq olmur, telekanallar daha nə etməlidir ki, dövlətçilik mövqeyində görünsünlər? Xəbər proqramları yalnız hökumət nümayəndələrini göstərir. Milli telekanalların efirində müxalifət nümayəndəsini, fərqli siyasi, iqtisadi, lap hətta mədəniyyət istiqamətli düşüncənin nümayişinə yalan olmasın, eramızdan qabaq rast gəlmişik. Ancaq yenə də bəs eləmirmiş. Haradasa azadlıq qalıbmış, sən demə. Özbaşınalıq edirmişlər. Lənətə gəlmişlər... Hətta bəziləri efir üzərindən şou qurub pul qazanır. Bəli, deputatlardan kimsə bunu irad olaraq bildirdi. Sanki çağdaş dünyada efirdən pul qazanmaq ayıb işdir. Demək istəyir bizim verdiyimiz t..a payı ilə kifayətlənin, özünüz pul qazansanız birdən müstəqillik-zad eşqinə düşərsiniz, yolunuzu azarsınız.

Sözgəlişi, deputatların “milli mentalitetimizdə 70 yaşlı kişini efirdə evləndirmək olmayıb” deməsi (konkret yazsam, bu qanadlı ifadənin müəllifi Səyavuş Novruzovdur) karikaturadır, gülüncdür. Sanarsan 19-cu əsrdə, ya nə bilim Dədə Qorqudun vaxtında televizor var imiş. Televizor indi çıxıb, indi də orada ailə qururlar, bunun deputatlara nə dəxli var? Xoşun gəlmir, baxma. İş yeri yox, toplaşma qadağan, siyasi partiyalar məhv edilib, camaat acından konsertə gedə bilmir və sairə - bəs bu yazıq insanlar harada tanış olub evlənməlidir? Efirdən başqa “işıq gələn” deşik qoymamısınız axı. 70 yaşlı insan niyə ailə qurmamalıdır? Səyavuş müəllimin məntiqinə görə evliliyə aşağı yaş senzi olduğu kimi, yuxarı yaş senzi də qoyulmalıymış. 70 yaşda deputat olmaq yaxşıdır, evlənmək pis?

Hətta yaxşı olar indən belə evlənənlər Milli Məclisdən, yaşadıqları dairənin deputatından xeyir-dua, nikah şəhadətnaməsi alsın. Deputatın dərdinə bax...

Bir zamanlar efirin-ekranın ünvanına belə düşük deyinməklərin müəllifi Ramiz Mehdiyev olardı. İndi onu deputatlar əvəz eləməyə çalışır. 

Guya bizim xalqın hansısa fərqli mental, milli-mənəvi dəyərlərinin olması da uydurmadır, ucuz demaqoqiyadır. Azərbaycanlılar dünyanın başqa xalqlarından, adamlarından nə müsbət, nə mənfi mənada fərqlənirlər. Adam hər yerdə adamdır. Adamın hər yerdə xoşbəxt olmaq hüququ var, bunun üçünsə ona azadlıq lazımdır. Bu azadlıq isə yenə boşboğazlıq, hansısa mücərrəd fəlsəfi kateqoriya deyil. Azadlıq deyəndə insanın yaşamaq, düşünmək, toplaşmaq, birləşmək, sağlamlıq, öyrənmək, işləmək, yemək və sairə kimi təbii haqları nəzərdə tutulur. Bunların hansına xalqımızın qədimdən nifrəti var? Yoxdur belə şey. Sadəcə, xalqın hüquqlarını əlindən alıb “sən milli dəyərlərə uyğun yaşa, azadlıq isə pxıdır, əl vurma” deyirlər.

Yazını Füzuli rayonu, “Qayıdış” ərazisi, 3 saylı qəsəbə, 116 nömrəli evdə yaşayan Gülbəniz İmanovanın məktubu ilə bitirirəm: “Hazırda qəsəbəyə yeni internet xətti çəkilir. Mənim evim xəttin 10 metrliyindədir, lakin evimə internet çəkmədilər. İşləri Aztelekom aparır, onlara müraciət elədim, heç bir nəticəsi olmadı, dedilər hara istəyirsən şikayət elə. Mən ailə başçısını itirmiş, əlilliyi olan iki uşaq anasıyam. Xahiş edirəm şikayətimi qəzetinizdə yazasınız”.

Mən məktubu verdim, çünki efirdə belə adamları göstərmirlər. Yəqin göstərsələr milli dəyərlərə qarşı olar. Axı mentalitetimizdə internet də olmamışdır!

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR