Xəbər verdiyimiz kimi, ötən gün efir qadağası qoyulan müğənnilərin siyahısı yayılıb. Artıq bir neçə sənətçi məsələyə münasibət bildirib.
Musavat.com xəbər verir ki, siyahıda adı hallanan meyxanaçı Aqşin Fateh də mövqeyini açıqlayıb.
O bildirib ki, məsələni araşdırdıqdan sonra daha ətraflı danışacaq:“Bu məsələni araşdırıb, aydınlaşdırıb daha geniş məlumat verəcəyəm. Amma o ki qaldı hansısa müğənnilərin başqa həmkarına efir qadağası qoyulmasına sevinməsinə, deyirlər ki, yaxşı oldu - bu, yaxşı niyyət deyil. Çünki həmin müğənnilər də evlərinə ruzi aparırlar, uşaqlarına çörək qazanırlar. Belə şeyə sevinməzlər. Doğrudur, bəzi verilişlərdə bəzi müğənnilər hədlərini aşır, lazımsız sözlər danışırlar. Amma mən bütün günahı onların üzərində görmürəm. Çünki efirin arxa tərəfində hansı ssenarilərin qurulduğundan xəbəriniz yoxdur. Müğənni verilişə niyə çağırılır, ona hansı sual verilir, bunların hamısı əvvəlcədən planlaşdırılır. Hansı müğənniyə hansı sualın veriləcəyi, hansı mövzunun açılacağı əvvəlcədən hazırlanır. Hansı sənətçiyə şəxsi sual verilsə, təbii ki, o da ailəsindən, şəxsi həyatından danışacaq. Bu da müəyyən mənada qurulmuş ssenarinin nəticəsidir”.
Meyxanaçı əlavə edib ki, ona efir qadağası qoyulması ilə bağlı xüsusi narazılığı yoxdur: “O ki qaldı mənə efir qadağası qoyulmasına, ümumiyyətlə son bir ildə verilişlərin əksəriyyətindən özüm imtina etmişəm. Məhz bu səbəblərə görə. Çünki bəzi proqramlarda məqsəd sənət deyil, qalmaqal yaratmaqdır. Mən də belə mühitdə iştirak etmək istəməmişəm”.
Xalidə Gəray
Musavat.com






