35 yaşında vəfat edən türkiyəli aktrisa Ece İrtemin ölümü ilə bağlı araşdırmalar davam edir.
Musavat.com-un xəbərinə əsasən, aktrisanın vəkili Uğur Gökkoyun bildirib ki, Ece İrtem anası ilə birlikdə evdə olduğu zaman dünyasını dəyişib.
Vəkil qeyd edib ki, hadisə ilə bağlı istintaq davam edir və dəqiq səbəb yalnız məhkəmə-tibbi ekspertizasının rəyindən sonra məlum olacaq.
Bu arada, İrtemin anası Nuriye İrtemin polisə verdiyi ifadənin təfərrüatları da açıqlanıb. O bildirib ki, hadisədən əvvəl qızı ilə birlikdə yaxınlıqdakı məkanda keçirilən ad günü mərasiminə qatılıblar.
“Birlikdə tort kəsib əyləndik. Daha sonra evə qayıtdıq. Qızım antidepressant dərmanını qəbul etdikdən sonra içkili olduğu üçün onu yatağına uzatdım. Gecə saatlarında ayağa qalxıb ayaqyoluna getdiyini eşitdim. Səhər yeməyi üçün çağırdım, lakin cavab vermədi. Otağına daxil olanda ağzından maye gəldiyini gördüm. Ece çoxlu spirtli içki qəbul edirdi, eyni zamanda ağır dərmanlar istifadə edirdi”, - deyə N. İrtem deyib.
Qeyd edək ki, aktrisanın ölüm səbəbi ilə bağlı yekun nəticə ekspertiza rəyindən sonra açıqlanacaq.
Könül
Musavat.com






