İnsanlara hürriyət, millətlərə istiqlal!

Düzbucaqlı bülletenin sahəsi

1737 14.10.2022 09:10 Yazarlar A A

Bir az asudə vaxtım var, istəyirəm müəllimləri müdafiə eləyim. Həm də üzü şənbə-bazara gedir, məktəblərdə istirahət günüdür, müəllimlərin qəzetdən, böyük ehtimal, xəbəri olmayacaqdır (guya başqa vaxt məktəblərimizdə qəzet-jurnal, kitab-dəftər əlindən tərpənmək olmurmuş).

Sözgəlişi, mən uşaq olanda poçtalyon Aydın kişi qəzetləri, jurnalları məktəbə gətirib paylayardı, həm uşaqlar valideynlərinin abunə olduğu mətbu orqanları alıb evlərinə aparardı, həm də mətbuatın əsas abunəçiləri elə müəllimlər özləri olduğu üçün poçtdan birbaşa məktəbə getmək əlverişli idi. İndi evimiz məktəbin yanındadır, mən orada qəzet və kitab oxuyan müəllim görməmişəm. Məktəbin yolu da müəllimlərin tələbatına uyğun tikililərlə bəzənmişdir: ət dükanı, fındıq satan, gözəllik salonu, moyka, təndirxana və pərdə dükanı. Xüsusən qəssaba minnətdarıq, çünki həmişə olduğu kimi, dananı yolun içində kəsir, şagirdlərə əyani biologiya dərsi keçir, axırda dana kəlləsini də qapıdan elə asır ki, birinci sinif uşaqlarının başı səviyyəsində dursun, rahat görə bilsinlər. Bu şəraitə görə başda təhsil idarəsi olmaqla, qida təhlükəsizliyi agentliyinə, kənd təsərrüfatına, yerli bələdiyyəyə, polisə və sairə əlaqədar orqanlara təşəkkürümüzü, dərin minnətdarlığımızı çatdırıram.

Bir də deyir təzə trend yaranıb, məktəblərin ətrafında kitab yox, “patı” satanlar yığışırmış. Yəqin tələbat bunadır. Bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Tələb nəyə olsa, təklif ona uyğun yaranır. İbrahim Tatlısəsin bir cümləsi həmişə bu kimi məqamlarda mənim yadıma düşür. Aparıcı verilişdə dirəşmişdi ki, niyə təhsil almamısan, savadın kəmdir, az qalırdı desin lap danabaşın birisən. İbrahim müəllim bu zaman qızıl kimi sözlər söylədi: “Urfada Oksford vardı da, oxumadıq?”

Lakin bu gün, yuxarıda yazdığım kimi, məqsədimiz təhsil sektorunun qarasınca deyinmək yox, ülvi peşə yiyəsi olan müəllimlərimizi müdafiə etməkdir. Onsuz müəllimləri təhqir edən saysız-hesabsızdır. Gündə bir video, iki səs yazısı, üç vatsap, beş tik-tok, nə bilim, yeddi-səkkiz şaiyə çıxır. Filan müəllim rüşvət istədi, behman direktor təmirə pul yığdı, təhsil şöbəsinin müdiri uşağı döydü və sairə. Az qala məktəblərimizin cəbhə xətti tipli yer olduğu görüntüsü yaradılır. Sanki uşaqlar da “MAXE”-dir. Məncə təhsil sektorunun bu cür gözdən salınmasına son qoymalıyıq, yoxsa sabah məktəblər boş qalacaq, bütün uşaqlar repetitor yanına gedəcəkdir.

İndi də papaqdan təzə qafiyə çıxıb, ən yuxarı səviyyədə, şəxsən nazirin dilindən belə xəbər yayılır ki, müəllimlər arasında attestasiya keçirilib, 11 min müəllimdən 2 mini perimetri bilinən kvadratın sahəsini tapa bilməyibdir.

Hə, nə olsun? Kvadratın sahəsi guya bizə çox vacib lazımdır. Şəxsən mən axırıncı dəfə kvadratı harda gördüyümü yada sala bilmirəm. Gördüyümüz trapesiyadır, çevrədir, ücbucaqdır. Üçbucağın sahəsi də... Nəsə, dərdimiz bu deyil. Nədən yazırdım? Hə, kvadratdan.

Birincisi, bizə aydın deyil o imtahan hansı müəllimlər arasında olub. Bəlkə heç riyaziyyat müəllimləri deyil, musiqi, rəsm, tarix, ana dili müəllimləridir?

İkincisi, məktəb uca millətimizə əsasən seçkilər üçün lazımdır. Seçki bülletenləri və səsvermə protokolları heç vaxt kvadrat şəklində düzəldilmir, düzbucaqlı olur, ancaq bərabəryanlı olmur. Nəyə görə? Çünki protokol kvadrat şəklində olsa onu sinədə gizlətmək çətinləşər. Nə qədər eləsən ucu çıxacaqdır.

Üçüncüsü də var idi, yadımdan çıxdı.

Hə, yada saldım. Fikir verin, “perimetr” sözü “erməni” sözünə nə qədər bənzəyir. Güman edirəm müəllimlərimizin perimetrə və bunun sayəsində kvadratın sahəsinə mənfi münasibətinin kökündə patriotizm dayanır. 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR