İnsanlara hürriyət, millətlərə istiqlal!

“Düşmən kimi davranaq, gizlində dost olaq” - Sülhməramlılarla gərginlik videoları kələyi

1692 22.08.2023 12:05 Gündəm A A

Yeni erməni hiyləsi, yoxsa gerçəklik...

Separatçılar son günlər Rusiya sülhməramlılarına qarşı aqressivlik nümayiş etdirirlər. Belə qənaət yaranır  ki, separatçı rejim sülhməramlıların fəaliyyətindən ciddi narazıdırlar. Bununla bağlı hətta internetin erməni seqmentində videolar da yayılıb. Bu videolarda ermənilərin sülhməramlılarla mübahisə etdikləri əks olunub.

Bəzi iddialara görə, Rusiya sülhməramlılarına qarşı ermənilərin bu cür kəskin reaksiya vermək, onları azərbaycanlıların müdafiəçisi kimi təqdim etmək növbəti erməni hiyləsidir. Bəzi iddialara görə isə, ermənilər bu görüntüləri yayaraq Rusiya sülhməramlılarının bölgədən çıxarılmasına və beynəlxalq qüvvələrin orada yerləşdirilməsinə nail olmaq da istəyir. Necə ki, Ermənistanda Avropa Birliyinin “mülki missiyası” yerləşdirilib, eynisini də Qarabağa tətbiq etmək istəyirlər.

Sülhməramlılarla qarşıdurmalar uydurmaq “düşmən kimi davranaq, dost olaq” niyyəti səbəbsiz deyil.

Məlumdur ki, ötən həftə Azərbaycan Müdafiə Nazirliyi Qarabağdan qanunsuz erməni silahlı birləşmələrinin döyüşçülərinin Xankəndi-Qaybalı-Dükanlar-Xəlfəli yolu boyunca döyüş mövqelərinə  silah-sursat çatdırdığına dair yeni videogörüntülər yayıb.

Aydın görünür ki, Rusiya sülhməramlıları zirehli transportyorlarla erməni mövqelərinə gedən avtomobili təchizatla müşayiət ediblər. Eyni zamanda bu yol ilə Ermənistandan Qarabağa mütəmadi olaraq silah-sursatın gətirildiyi bildirilirdi. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı kadrlardan görünür ki, separatçıların döyüş mövqelərinə təchizatların çatdırılmasını müşayiət edən Rusiya sülhməramlıları qanunsuz erməni silahlı birləşmələrinin yaraqlıları ilə döyüş yoldaşları kimi əlaqə saxlayırlar.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, separatçılar son günlər nəinki öz mövqelərini gücləndirməyə çalışır, həm də döyüş mövqelərini və istehkamlar yaratmağa cəhdlər edirlər.

General-polkovnik Lentsovun əsgərlərinin erməni separatçılarının döyüş mövqelərinə silah və sursatların çatdırılmasını təmin edib-etməməsi məsələsinə gəlincə, o sual da açıq qalır. Sülhməramlı missiyanın əsas istiqaməti ərazidə təhlükəsizlik, barışıq əhval - ruhiyyəsi aparmaqdan ibarətdir. Lakin yayılan videolar bunun əksini deyir.

Abutalıb Səmədov partiyasını niyə bağladı? – Özü danışdı - GlobalInfo.az

Abutalıb Səmədov

Məsələ ilə bağlı siyasi şərhçi Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, Ermənistan əhalisinin əksəriyyətinin Rusiyanı xəyanətkar sayması və 44 günlük müharibədə üzləşdikləri məğlubiyyətin əsas günahkarı elan etməsi heç kim üçün sirr deyil: “Təsadüfi deyil ki, Respublikaçılar İnstitutunun keçirdiyi son rəy sorğusunda rəyi soruşulanların əksəriyyəti İranı öz təhlükəsizliklərinin əsas qarantı adlandırmış və Rusiya ”təhlükəsizlik qarantı" olan dövlətlər içərisində təkcə İrandan deyil, həm də Fransadan sonra yalnız üçüncü ölkə kimi  qeyd olunmuşdu. Buna baxmayaraq, son dövrlərə qədər Rusiya sülhməramlıları Qarabağ erməniləri içərisində “populyarlıqlarını” qoruya bilmişdilər və ermənilər onların bölgədə qalmaq müddətinin sonsuza qədər uzadılmasını tələb edirdilər: “Azərbaycan hakimiyyətinin son aylarda atdığı cəsarətli addımlar, keçirdiyi ”qisas əməliyyatları" zamanı Rusiya sülhməramlılarının ermənilərin gözlədiyi kimi davranmaması, onların “yanında olmaması”, şübhəsiz ki, Qarabağ ermənilərinin münasibətinin kəskin şəkildə dəyişməsinə səbəb olub. Bu səbəbdən ermənilərin sülhməramlılarla mübahisə etmələri, onlara  qarşı kəskin münasibət bildirmələri növbəti erməni hiyləsi sayıla bilməz. Yeri gəlmişkən, BMT Təhlükəsizlik Şurasının iclasının gedişində Rusiya nümayəndəsinin Azərbaycanın “tezislərini” təkrarlaması mövcud reallığı bütün çılpaqlığı ilə ortaya qoydu.

Rusiyanın son dövrlər tutduğu çevik mövqe, verdiyi bəyanatlar bizi nə qədər qane etsə də, onun böyük sürətlə dəyişmək potensialına malik olan dövlətlərdən olduğunu qətiyyən unutmamalı və ehtiyatı heç vaxt əldən verməməliyik. Son 30 il ərzində Rusiyanın mövqeyinin dəfələrlə kəskin şəkildə dəyişməsi hamımızın gözləri önündə baş verib. Yaxşı xatırlayırıq ki, 1992-ci ilin yay hücum kampaniyası zamanı Azərbaycana dəstək verən böyük qonşumuz, həmin ilin oktyabrından başlayaraq ermənilər tərəfdən hərbi əməliyyatlara qoşuldu və torpaqlarımızı işğal edib onlara verdi. Eyni kəskin dəyişikliyi İkinci Qarabağ müharibəsi zamanı da aydın şəkildə gördük. Müharibənin ilk dövrlərində nisbi neytrallıq nümayiş etdirən Rusiya oktyabrın sonlarından başlayaraq ermənilərə yardımı kəskin şəkildə artırdı və həm Azərbaycan Prezidenti, həm də qardaş Türkiyənin lideri bu davranışa kəskin reaksiya vermək məcburiyyətində qaldılar. Müharibədən sonrakı dövrdə də Rusiyanın “ziqzaqvari” siyasəti dəfələrlə bizi təəccübləndirdi və şübhə yoxdur ki, bu tərz davranış bundan sonra da davam edəcək".

A.Səmədov qeyd etdi ki, bizim borcumuz buna hazır olmaq və lord Palmerstonun 170 il bundan əvvəl söylədiyi “daimi müttəfiqlər, daimi düşmənlər yoxdur, daimi maraqlar var”-xəbərdarlığını heç vaxt unutmamaqdır.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR