İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyanın ən kasıb ölkələri: Kosovo, Yəmən, Haiti, Burundi – hər qitədən biri...

1925 08.01.2024 12:00 Dünya A A

2023-cü ilə olan məlumata görə, dünyanın ən yoxsul ölkələrinin reytinqinə Afrika, Cənubi və Mərkəzi Amerika, Avropa və Asiya ölkələri daxildir.

Yoxsulluq deyiləndə insanların yaşaması və işləmək qabiliyyəti üçün zəruri olan minimum ehtiyaclarını ödəyə bilməməsi nəzərdə tutulur. Təbii ehtiyatların mövcudluğu, həyat keyfiyyəti indeksi, iqtisadiyyatın səviyyəsi dövlətin və xalqın rifahının asılı olduğu fundamental amillərdir.

Səhiyyənin aşağı səviyyəsi və pulsuz təhsilin olmaması, qeyri-sabit siyasi vəziyyət, əhalinin aztəminatlı qruplarının sosial müdafiəsinin qeyri-qənaətbəxş olması, minimum alıcılıq qabiliyyəti, yüksək ölüm və işsizlik – bunlar kasıb ölkələrdə insanların üzləşdiyi əsas problemlərdir.

Dünya Bankının hesablamalarına görə, 2022-ci ilin sonunda təqribən 676 milyon insan həddindən artıq yoxsulluq şəraitində yaşayıb və Afrikanın yoxsul respublikalarının vətəndaşlarının xərclərinin əksəriyyəti qidaya yönəldilib.

BMT-yə görə ən az inkişaf etmiş ölkələrin qiymətləndirilməsi və müəyyən edilməsi üçün əsas meyarlar real həyat keyfiyyəti indeksi, iqtisadi zəiflik indeksi, adambaşına düşən ümumi daxili məhsuldur.

2023-cü ildə Dünya Bankı ÜDM-i adambaşına 1085 ABŞ dollarından aşağı olan ölkələri aşağı gəlirli ölkələr kimi təsnif edib. Ən yüksək ÜDM səviyyələri Lüksemburq, Sinqapur, İrlandiya və İsveçrədədir, Burundi isə sonuncu yerdədir.

Dünyanın ən yoxsul ölkələrinin əhalisi Afrika regionunda cəmləşib. Ən az inkişaf etmiş ölkələrin siyahısı hər il nəzərdən keçirilir.

Hazırda dünyanın ən kasıb ölkələri siyahısına 47 dövlət daxildir. 2021-ci ildə Dünya Bankı Monako və Lüksemburqun ilk yerləri tutduğu “Adambaşına düşən nominal ümumi daxili məhsul” meyarı əsasında reytinq tərtib edib.

BVF-nin məlumatına görə, 2023-cü ilin aprelinə olan məlumata görə, Avropanın ən yoxsul ölkələri siyahısına aşağıdakılar daxildir: Kosovo, Moldova, Bosniya və Herseqovina, Albaniya, Şimali Makedoniya.

kosovo.jpg (30 KB)

Kosovo Avropanın əmək qabiliyyətli sakinlər arasında işsizliyin ən yüksək faizinə malik ən kasıb ölkəsidir. Kosovonun iqtisadiyyatı tədricən sabitləşir, lakin xarici yardımdan çox asılı olaraq qalır. Demoqrafik böhran, etnik münaqişələr və xarici ticarət əlaqələrinə tam çıxışın olmaması ölkənin inkişafına mənfi təsir göstərib.

Moldovada ifrat yoxsulluq səviyyəsi 10,7%, həyat keyfiyyəti indeksi isə 113-dür. Sosial və iqtisadi sahədəki problemlər ölkədə yoxsulluğun əsas səbəbləridir.

Bosniya və Herseqovinada ölkə əhalisinin təxminən 17%-i yoxsulluq həddinin altında yaşayır. 2023-cü ildə ölkədə minimum əmək haqqı 306 avro müəyyən edilib. Mürəkkəb siyasi sistem, balanssız iqtisadiyyat, idxalın üstünlüyü və digər problemlər Bosniya və Herseqovinanın Avropanın inkişaf etmiş ölkələrindən birinə çevrilməsinə mane olur.

Albaniyada yoxsulluq səviyyəsi 21,8%-dir. Hazırda ölkədə minimum əmək haqqı 290 avrodur. Kənd təsərrüfatının aşağı səmərəliliyi və zəif iqtisadiyyat Albaniyada həyat səviyyəsinin yavaş artmasına səbəb olur.

Şimali Makedoniya kiçik aqrar-sənaye ölkəsidir. Bu ölkədə əhalinin yoxsulluq səviyyəsi 21,8%, minimum əmək haqqı isə 294 avro təşkil edir.

2021-ci ilə qədər ən az inkişaf etmiş Asiya ölkələri arasında birinci yeri Əfqanıstan tuturdu. Hazırda Asiyanın ən yoxsul ölkələri bunlardır: Yəmən, Şərqi Timor, Nepal, Tacikistan, Myanma.

yenem.JPG (17 KB)

Yəmən Oman və Səudiyyə Ərəbistanı ilə həmsərhəddir. Su qıtlığı, uzun sürən hərbi münaqişələr, ərzaq çatışmazlığı və kifayət qədər tibbi xidmətin olmaması Yəməndə humanitar fəlakətə gətirib çıxarıb. Bu ölkədə uşaqların 75%-i qida çatışmazlığından əziyyət çəkir.

Myanmanın neft, qaz, qiymətli daşların müəyyən edilmiş limit üzrə ixrac etməsinə baxmayaraq, BMT-yə görə inkişaf etməmiş ölkələr sırasında qalır. Yüksək inflyasiya, korrupsiya və zəif infrastruktur Myanmada yoxsulluğun əsas səbəbləridir.

Şərqi Timor 1,34 milyon əhalisi olan kiçik ada dövlətidir. Əhalinin (15 yaşdan yuxarı) savadlılıq səviyyəsi 59% təşkil edir.

Tacikistan zəif iqtisadiyyatı, aşağı yaşayış səviyyəsi olan ölkədir. Orada orta əmək haqqı 170 ABŞ dollarıdır. Əmək miqrasiyası əsasən Rusiyaya yönəlib.

Nepal aşağı sənaye inkişafı olan ölkədir, içməli suya çıxışı məhduddur, uşaq ölümü nisbəti yüksəkdir, bərbad ərzaq təchizatı var. Qeyri-kafi iqtisadi inkişafın əsas amilləri əlverişsiz təbii şərait və qeyri-sabit siyasi vəziyyətdir.

Amerika qitəsinin yoxsul ölkələri aşağıdakılardır: Haiti, Honduras, Nikaraqua, Boliviya, Ekvador.

haiti.JPG (18 KB)

Haitinin Amerika qitəsinin ən yoxsul ölkəsinə çevrilməsinin səbəblərindən biri onun əlverişsiz coğrafi mövqeyi və daimi təbii fəlakətlərdir. Əhalinin əksəriyyətinin elektrik enerjisi, kanalizasiya və su təchizatı yoxdur. Ölkə iqtisadi, humanitar və siyasi böhran yaşayır.

Hondurasın iqtisadiyyatı banan və qəhvə istehsalının üzərində bərqərardır. Ölkədə işsizlik səviyyəsi 4,2% təşkil edir. Uşaqların təxminən 50%-i məktəbə getmir. Cəmiyyətin güclü təbəqələşməsi, zəif iqtisadiyyat, infrastruktura, təhsilə və tibbə adekvat çıxışın olmaması Hondurasda yoxsulluğun əsas səbəbləridir.

Nikaraquada işsizlik səviyyəsi 7,52%-dir. Kənd təsərrüfatı sənayesinin inkişafı birbaşa xarici investisiyalar hesabına baş verir. Eyni zamanda bu ölkədə orta əmək haqqı təxminən 307 ABŞ dollarıdır.

Boliviyada 2006-cı ildən bəri yoxsulluq və savadsızlıq azalmağa meyllidir. Bu çoxmillətli dövlət əhəmiyyətli təbii qaz ehtiyatlarına malikdir, lakin Amerika qitəsində ən yoxsul kənd təsərrüfatı ölkələrindən biri olaraq qalır.

Ekvador kənd təsərrüfatı məhsulları (əsasən banan), neft və təbii ehtiyatların tədarükü üzrə ixtisaslaşıb. 2023-cü ildə ölkədə minimum əmək haqqı 450 ABŞ dolları olub.

Ən az inkişaf etmiş ölkələrin maksimum sayı Afrikadadır. Siyahıya Afrikanın 34 ölkəsi daxildir ki, onların da əksəriyyəti sudan məhrumdur. Ən yoxsullar isə bunlardır: Burundi, Cənubi Sudan, MAR, Somali, Niger.

burund.JPG (30 KB)

Burundi təkcə Afrikanın deyil, bütün dünyanın ən kasıb ölkəsidir. Bu respublikanın əhalisi təxminən 13 milyondur və Afrika qitəsinin ən sıx insan məskunlaşan yerlərindən biridir. Ölkə sakinlərinin əksəriyyəti yoxsulluq həddinin altında yaşayır. Burundililərin miqrasiyasının əsas istiqamətləri Tanzaniya, Uqanda, Ruanda, Konqodur.

Cənubi Sudan iqtisadiyyatı neft hasilatı və ixracına yönəlib. Respublikada yoxsulluğun əsas səbəbləri uzun sürən hərbi münaqişələr, siyasi qeyri-sabitlik, inkişaf etməmiş infrastruktur və beynəlxalq investisiyalardan asılılıqdır.

Mərkəzi Afrika Respublikası ən az məskunlaşan ölkələrdən biridir. Ölkədə işsizlik 6,5% təşkil edir. Respublikanın zəif iqtisadi inkişafının və yoxsulluğun səbəbləri davam edən vətəndaş müharibəsi, dövlət daxilində siyasi münaqişələr, səhiyyə və təhsilin yetərincə inkişaf etməməsidir.

Somalidə işsizlik səviyyəsi 19,9%,-dir. Vətəndaş müharibəsi, pis iqtisadi şərait, iqlim şokları və siyasi qeyri-sabitlik Somalidə humanitar böhran yaradıb.

Niger neft, uran, qızıl və darı ixrac etsə də, yoxsul ölkədir. Çətin iqlim şəraiti, təhsilin aşağı səviyyəsi, ölkədəki əlverişsiz epidemioloji vəziyyət, hərbi çevrilişlər Nigerdə yoxsulluq səviyyəsinin artmasına səbəb olub.

Göründüyü kimi, ölkələrin yoxsulluğunun əsas səbəblərindən biri lokal və vətəndaş müharibəsi şəraitində yaşamaları, əlverişsiz iqlim, səhiyyə və təhsilin aşağı səviyyəsidir.

Araz Altaylı, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR