İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya Bankından mühüm Orta Dəhliz hesabatı: Koordinasiya və vahid idarəçilik olarsa...

822 28.11.2023 15:18 İqtisadiyyat A A

Dünya Bankı Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TITR) haqqında hesabat hazırlayıb. Mərkəzi Asiya-Xəzər dənizi-Azərbaycan-Gürcüstan üzərindən Avropaya uzanan və Orta Dəhliz adlandırılan dəhliz barədə hesabata dair press-relizdə qeyd olunur ki, "hesabat bu multimodal dəmir-dəniz dəhlizinin mühüm və etibarlı ticarət marşrutuna çevrilməsində Qazaxıstan, Azərbaycan və Gürcüstana kömək edə biləcək prioritet tədbirləri araşdırır”.

“Orta Ticarət və Nəqliyyat Dəhlizi: 2030-cu ilə qədər yüklərin həcmini üç dəfə artırmaq və səyahət vaxtlarını yarıya endirmək üçün lazım olan tədbirlər və investisiyalar” adlandırılan sənəddə qeyd edilir ki, Orta Dəhlizə “Rusiyanın Ukraynaya təcavüzündən sonra diqqət artıb”. Bu marşrut “ticarət yollarını şaxələndirməyə və iqtisadi dayanıqlığı artırmağa, Rusiya ərazisindən keçən dəhlizlərdən asılılığı azaltmağa” imkan verir. İşğalçı müharibə başlanandan sonra yükgöndərənlər ondan fəal şəkildə istifadə etməyə başladılar, lakin tezliklə “dəhlizin imkanlarının sərhədləri göründü”: "Orta Dəhlizin imkanları tükənməmişdi, lakin sərhədi keçmək, daşıma və koordinasiya ilə bağlı problemlər nəqliyyatda çox böyük gecikmələrə və sonradan alternativ dəhlizlərə qayıtmağa səbəb oldu".

Hesabatda qeyd olunur ki, 2022-ci ildə Orta Dəhlizlə konteyner daşımalarının həcmi 2021-ci illə müqayisədə 33 faiz artsa da, 2023-cü ilin səkkiz ayı ərzində 2022-ci ilin eyni dövrü ilə müqayisədə 37 faiz azalıb.

Dünya Bankı ekspertləri bildirirlər ki, “Qara dəniz marşrutuna hazırda operatorlar tərəfindən üstünlük verilir, çünki Türkiyədə adekvat infrastruktur səmərəsizdir və ya mövcud deyil”. Buna görə də ilkin mərhələdə Qazaxıstan, Azərbaycan və Gürcüstandan keçən marşrut nəzərdən keçirilir, Türkiyəni əhatə edən uzantı isə sonra müzakirə olunacaq:

“Bu marşrutla yüklərin daşınması Şimal marşrutu ilə (Rusiya üzərindən) müqayisədə üç dəfə uzun çəkir və çoxlu sərhəd keçidləri, yüklərin bir nəqliyyat növündən digərinə yüklənməsi, təşkilati səmərəsizlik üzündən vaxt baxımından dəniz yolu ilə müqayisə edilə bilər. Nəticədə Orta Dəhliz transkontinental ticarətdə daha aşağı prioritetə malikdir”.

Dünya Bankı Orta Dəhlizin problemlərini də qeyd edib:

“Dəhlizin koordinasiyasının və vahid idarəçiliyin olmaması; Xəzər və Qara dənizlərdəki limanların, o cümlədən Xəzər dənizində dəniz nəqliyyatının aşağı istismar səmərəliliyi; Tamamlanmış dəmir yolu infrastrukturunun olmaması; Müxtəlif ölkələrin dəmir yolu nəqliyyatı operatorlarının qarşılıqlı əlaqədə olduğu sərhəd keçid məntəqələrində gecikmələr; Tərəflərin istifadə etdiyi müasir informasiya texnologiyaları həllərinin vahidliyinin və inteqrasiyasının olmaması”.

Hesabatda Orta Dəhlizi inkişaf etdirmək üçün təkliflər də hazırlanıb:

“Növbəti on il ərzində Orta Dəhliz əhəmiyyətli həcmdə investisiya tələb edəcək ki, bu da bir çox cəhətdən ölkələr tərəfindən artıq müəyyən edilib və razılaşdırılıb (müvafiq yol xəritəsi 2022-ci ilin noyabrında imzalanıb). Bununla belə, qısa müddətdə əhəmiyyətli səmərəlilik, digər məsələlərlə yanaşı, daha yaxşı koordinasiya, logistika və rəqəmsallaşma vasitəsilə əldə edilə bilər.

Orta Dəhlizin əhəmiyyəti və faydaları onun regiondaxili ticarət dəhlizi kimi gətirə biləcəyi faydalardadır. Azərbaycan, Gürcüstan, Qazaxıstan və Avropa arasında ticarət dövriyyəsinin artması tələbin əsas amilidir. Dəhlizin keçdiyi ölkələrarası ticarətdə 37 faiz, bu ölkələrlə Avropa İttifaqı arasında ticarətdə isə 28 faiz artım var”.

Hesabatda qeyd edilir ki, düzgün sərmayələr və siyasət qərarları ilə Orta Dəhliz boyunca ticarət həcmi 2030-cu ilə qədər üç dəfə artırıla, eyni zamanda marşrutla yükdaşıma müddəti iki dəfə azaldıla bilər:

“Bu, yerli və regional iqtisadiyyatların inkişafına töhfə, həmçinin iş yerlərinin yaradılması, dəstəkləyici sənayelərə tələbin stimullaşdırılması və biznesin cəlb edilməsi vasitəsilə daha geniş əhaliyə fayda verəcək”.

Hesabat müəllifləri hesab edirlər ki, bu nəticələrə nail olmaq üçün bir sıra addlımlar atılmalıdır:

“Orta Dəhlizi iqtisadi dəhliz kimi yenidən nəzərdən keçirmək; Dəhlizi tam əhatə edəcək logistik həllər təklif etmək; Prosedurları və sənədləri yenidən nəzərdən keçirmək və sadələşdirmək; Məlumat axınlarının rəqəmsallaşdırılmasının verdiyi imkanlardan yararlanmaq; Prioritetləri aydın şəkildə müəyyən edərək, dəhliz boyunca infrastrukturu və avadanlıqları təkmilləşdirməyə davam etmək”.

Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Antonella Bassani bildirir ki, Orta Dəhliz layihəsi marşrut ölkələri üçün mühüm əhəmiyyətə malikdir:

“Bizim yeni məlumatlarımız təsdiqləyir ki, Orta Dəhliz təkcə həyat qabiliyyətli deyil, həm də marşrut boyunca yerləşən ölkələrin iqtisadiyyatı üçün kritik ola bilər. Azərbaycan, Gürcüstan və Qazaxıstan digər ölkələrlə birlikdə bu dəhlizin təşviqi ilə bağlı öz baxışlarının razılaşdırılmasında mühüm irəliləyiş əldə ediblər. Dünya Bankı marşrut boyu hökumətlər və digər çoxtərəfli təşkilatlarla tərəfdaşlıqda Orta Dəhlizin inkişafına dəstək verməyə hazırdır”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR