İnsanlara hürriyət, millətlərə istiqlal!

"Dövlətə xəyanət ssenarisi qanunun bütün sərtliyi ilə iflasa uğradıldı" -2012-ci ildən başlayan...

726 13.02.2026 22:22 Siyasət A A

"Son dövrlərdə ölkənin ictimai-siyasi həyatında cərəyan edən hadisələr dövlətçilik prinsiplərinin qorunmasının nə dərəcədə həssas və strateji əhəmiyyət kəsb etdiyini bir daha sübut edir. Azərbaycanın müasir dövlətçilik tarixində milli maraqlara zidd fəaliyyətlər və hakimiyyəti qeyri-qanuni yollarla ələ keçirmə cəhdləri hər zaman xalqın və dövlətin qətiyyətli müqaviməti ilə dəf edilmişdir. Lakin son günlər ictimaiyyətə açıqlanan faktlar, xüsusilə Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti və Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev ətrafında cərəyan edən hüquqi proseslər bu məsələlərin miqyasının daha geniş olduğunu göstərir. Vətənə xəyanət və cinayət yolu ilə əldə edilmiş külli miqdarda vəsaitlərin leqallaşdırılması kimi ağır ittihamlarla üzləşən R.Mehdiyevin dövlət çevrilişinə cəhd planlarını ehtiva etdiyi bildirilən məktubun üzə çıxması illərdir davam edən siyasi proseslərə yeni baxış formalaşdırmışdır. Sözügedən sənədin ictimailəşməsi təkcə fərdi siyasi ambisiyaları deyil, həm də özünü “demokratiya tərəfdarı” kimi qələmə verən bəzi müxalif dairələrin fəaliyyətinə dair müzakirələri yenidən aktuallaşdırmışdır. Xüsusilə AXCP sədri Əli Kərimli və onun rəhbərlik etdiyi radikal müxalifət düşərgəsi ilə bağlı irəli sürülən iddialar hazırda siyasi gündəmin əsas mövzularından birinə çevrilmişdir".

Bu fikirləri Musavat.com-a Milli Məclisin deputatı Kamran Bayramov bildirib.

O qeyd edib ki, illərdir fərqli cəbhələrdə görünsələr də, eyni məkrli mərkəzlərdən təlimat alan Ramiz Mehdiyev, Əli Kərimli və Abbas Abbasov kimi fiqurların antimilli fəaliyyəti, onların ölkəmizin əleyhdarları ilə vahid bir müstəvidə birləşdiyini təsdiqləyir. Aparılan kompleks istintaq tədbirləri və üzə çıxan təkzibolunmaz faktlar göstərir ki, bu çirkin ittifaqın kökləri hələ 2012-ci ildə xarici paytaxtlarda Azərbaycanın suverenliyinə qarşı cızılan məkrli planlara qədər uzanır. Həmin dövrdə xarici xüsusi xidmət orqanlarının birbaşa himayəsi və təlimatı ilə yaradılan, ictimaiyyətə isə "Rusiya Azərbaycan Təşkilatları İttifaqı" (və ya "Milyarderlər İttifaqı") kimi təqdim olunan qurum, əslində dövlət çevrilişi ssenarisinin maliyyə və siyasi mərkəzi rolunu oynayırdı. Abbas Abbasov və Rüstəm İbrahimbəyov kimi şəxslərin rəhbərliyi altında fəaliyyət göstərən bu təşkilat, xarici güclərin Azərbaycandakı siyasi proseslərə kobud müdaxiləsi üçün bir alətə çevrilmişdi. Lakin ən dəhşətli məqam ondan ibarətdir ki, bu xarici layihə daxildəki "beşinci kolon"la yəni uzun illər Prezident Administrasiyasına rəhbərlik etmiş Ramiz Mehdiyev və AXCP sədri Əli Kərimli kimi simalarla vahid bir cinayətkar şəbəkədə birləşmişdir. İstintaq materialları və elan olunmuş ittihamlar sübut edir ki, Ramiz Mehdiyev, Əli Kərimli, Fuad Qəhrəmanlı, Qənimət Zayidov və onların ətrafındakı digər xəyanətkar ünsürlər dövlət hakimiyyətinin zorla ələ keçirilməsi və mövcud konstitusiya quruluşunun devrilməsi barədə gizli sövdələşməyə giriblər. İstintaq materialları və texniki sübutlar ifşa edir ki, 2013-cü il prezident seçkiləri ərəfəsində "Milyarderlər İttifaqı" xarici ölkələrdəki imkanlarından istifadə edərək, minlərlə Azərbaycan vətəndaşını kütləvi iğtişaşlara sövq etmək üçün xüsusi təlimatlandırılmış qüvvə kimi hazırlayıb. Bu çirkin planın siyasi qanadı olan "Milli Şura"nın həmin dövrdə xarici dövlət rəhbərliyinə ünvanladığı gizli məktub, milli maraqların necə açıq şəkildə satıldığının rəsmi sənədidir. Azərbaycan dövlətinə xarici təzyiq göstərilməsini xahiş edən bu qüvvələr, hakimiyyət ambisiyaları naminə ölkənin müstəqil siyasətini qurban verməyə hazır olduqlarını nümayiş etdiriblər. Xüsusilə Əli Kərimli tərəfindən Qənimət Zayidov vasitəsilə aparılan gizli danışıqlar xəyanətin miqyasını daha da böyüdür. Xarici xüsusi xidmət orqanları ilə əldə olunan razılaşmaya əsasən, Əli Kərimli hakimiyyətə gətiriləcəyi təqdirdə, Azərbaycanın strateji maraqlarını və təhlükəsizlik memarlığını tamamilə xarici güclərin nəzarətinə verməyi, ölkəni Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv etməyi vəd etmişdir. Bu faktlar sübut edir ki, radikal müxalifət və onlarla əlbir olan qaranlıq güclər üçün Azərbaycanın dövlət müstəqilliyi sadəcə xarici ağalarına təqdim ediləcək bir alver predmetidir. İstintaq materialları Əli Kərimli və əlaltılarının xəyanət planlarının ən iyrənc tərəfini xalqın vətənpərvərlik hisslərindən dövlətə qarşı istifadə cəhdini də ifşa edib. 2020-ci ilin iyul ayında ordumuza dəstək yürüşü zamanı Fuad Qəhrəmanlı və digərlərinə verilən xüsusi tapşırıq, təmiz hisslərlə küçələrə çıxan kütləni təxribata çəkmək və xaotik vəziyyət yaratmaqdan ibarət olub. Planın əsas hədəfi vətənpərvərlik şüarlarını dövlət əleyhinə çağırışlarla əvəz edərək, Milli Məclis və AzTV kimi strateji dövlət obyektlərini güclə ələ keçirmək idi. Məqsəd kütləvi informasiya vasitələri ilə hakimiyyətin qeyri-qanuni şəkildə zəbt olunduğunu bəyan etmək olmuşdur. Bu faktlar bir daha təsdiqləyir ki, xəyanətkar şəbəkə üçün Qarabağ dərdi və orduya sevgi sadəcə hakimiyyəti devirmək üçün bir vasitə, Azərbaycan dövlətçiliyi isə birbaşa hədəf olub.

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) 12 fevral tarixində yaydığı rəsmi məlumata əsasən qeyd edə bilərik ki, R. Mehdiyev 2025-ci ilin avqust-sentyabr aylarında “Dövlət idarəetmə sisteminin yenidən qurulması” adı altında dövlət hakimiyyətinin devrilməsini nəzərdə tutan məxfi plan hazırlayıb. O, bu sənədi razılaşdırmaq üçün köməkçisi Eldar Əmirov vasitəsilə Əli Kərimliyə ötürüb, yekun nüsxəni isə şəxsən əlaqədə olduğu xarici xüsusi xidmət orqanlarına göndərib. Bu xəyanətkar fəaliyyət dövlət orqanları tərəfindən texniki vasitələrlə qeydə alınaraq tam sübuta yetirilib. Ramiz Mehdiyev xarici kəşfiyyatla işbirliyi quraraq Azərbaycanın milli təhlükəsizlik maraqlarına zidd hərəkət etməkdə və konstitusiya quruluşunu zorla dəyişdirməyə cəhddə ittiham olunur. Eyni zamanda, onun 17 milyon manatdan artıq cinayət yolu ilə əldə edilmiş vəsaiti leqallaşdırdığı da müəyyən edilib. Bu faktlar illərlə dövlətin başında duran şəxsin həm iqtisadi, həm də siyasi cinayətlər vasitəsilə vətənə xəyanət yolunu seçdiyini təsdiqləyir. İstintaq tərəfindən toplanmış təkzibolunmaz sübutlar əsasında, Azərbaycan dövlətçiliyinə qarşı yönəlmiş xəyanət şəbəkəsinin üzvlərinə qarşı ağır maddələrlə rəsmi ittihamlar irəli sürülüb".

K.Bayramov əlavə edib ki, açıqlanan faktlar və davam edən istintaq prosesi bir daha təsdiqləyir ki, Azərbaycan dövlətçiliyinə qarşı yönəlmiş hər bir xəyanət ssenarisi gec-tez ifşaya məhkumdur: "Anti-Azərbaycan şəbəkənin maşaları, "beşinci kolon"un quyruqbulayanları və xarici mərkəzlərdən yallananlar öz çirkin əməlləri ilə heç nəyə nail ola bilməyəcəklər. Öz cılız ambisiyalarını və məkrli niyyətlərini reallaşdırmaq üçün milli maraqları heçə sayaraq Azərbaycan əleyhdarlarının, erməni lobbisinin mənafelərinə xidmət edən bu dağıdıcı ünsürlər növbəti dəfə iflasa uğramışlar.

Azərbaycan xalqı və dövləti bu cür xəyanətkar ittifaqlara qarşı hər zaman sarsılmaz birlik nümayiş etdirmişdir. Dövlətimizin suverenliyini hədəf alan, xalqın vətənpərvərlik hissləri ilə manipulyasiya etməyə çalışan və hakimiyyəti qeyri-qanuni yollarla qəsb etmək xəyalları quran hər bir şəxs qanun qarşısında cavab verəcəkdir. Bu xəyanət şəbəkəsinin üzvləri tarixin yaddaşında xalqın nifrəti ilə qalacaq və tarixin zibilliyinə gömüləcəklər. Azərbaycan isə öz müstəqil yolu ilə daha da güclənərək irəliləməyə davam edəcək".

Cavanşir Abbaslı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR