İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət satınalmalarında korrupsiyanın qarşısını necə almalı - rəy

749 07.03.2024 11:38 Siyasət A A

Yeni qanun bir sıra yeniliklər gətirib; mütəxəssislərə görə, ən təkmil qanun olsa da, oturuşmuş mənimsəmə mexanizmləri kökündən qazınmalıdır

Azərbaycanda dövlət vəsaitləri hesabına həyata keçirilən satınalmalar daim əsas mənimsəmə aləti kimi qəbul olunur. Uzun illərdir büdcədən maliyyələşdirilən irihəcmli layihələr çərçivəsində, həmçinin müxtəlif dövlət qurumlarının ehtiyaclarının təmin olunması üçün keçirilən satınalmalarda korrupsiyanın yüksək həddə çatması müzakirə olunur. Son illərdə aparılan çoxsaylı korrupsiya cinayətlərinin istintaq nəticələrinə baxdıqda da aydın görünür ki, məmurlar büdcə vəsaitlərini məhz satınalmalar prosesindən bəhrələnərək mənimsəyirlər. 

Qeyd edək ki, Azərbaycanda dövlət satınalmalarının illik həcmi milyardlarla manatı əhatə edir. Məsələn, Nazirlər Kabinetinin 2023-cü ildəki fəaliyyət hesabatına əsasən ötən il dövlət satınalmalarına büdcədən ayrılan vəsait 7,5 milyard manatdan çox olub. Bu, əvvəlki illə müqayisədə 11,3 faiz çoxdur. Hesabat ilində bir mənbədən satınalmalar əvvəlki illə müqayisədə 577,2 milyon manat və ya 25,3 faiz artaraq 2,86 milyard manata yüksəlib. Bu isə ümumi satınalmaların 37,8 faizinə bərabərdir.

Hesabat dövründə ümumi satınalmaların 22,4 faizi və ya 1,69 milyard manatı elektron satınalmaların payına düşüb. Qeyd edilib ki, satınalmalarda kiçik və orta sahibkarlıq subyektlərinin payı 90 faizdən çox olub.

Azərbaycan Hesablama Palatasının 2022-ci ilin dövlət büdcəsinin icrasına verdiyi rəydən aydın olur ki, 2022-ci ildə ölkə üzrə ümumilikdə 12 102 sayda satınalma tətbiq edilməklə 6 milyard 779,2 milyon manat məbləğində satınalma müqavilələri “Dövlət satınalmaları haqqında” Qanunla müəyyən edilmiş metodlar tətbiq edilməklə bağlanılıb. Bu, 2021-ci illə müqayisədə satınalmaya cəlb edilmiş məbləğdən 767,5 milyon manat və ya 12,8 faiz çox, say baxımından 27 və ya 0,2 faiz azdır. Beləliklə, hesabat ilində ÜDM-in, həmçinin dövlət büdcəsinin xərclərinin artımı fonunda, satınalmaya cəlb edilmiş vəsaitin həcmində artma müşahidə edilsə də, əvvəlki illə müqayisədə satınalma məbləğinin ÜDM-ə nisbət göstəricisi 1,5 faiz bəndi, xərclərə nisbəti isə 0,8 faiz bəndi azalmaqla müvafiq olaraq 5,0 faiz və 21,1 faiz bəndi təşkil edib: “Bu göstəricilər son illərdə ən aşağı göstərici olub. Qeyd edək ki, 1-ci nisbətin azalması neftin qiymətinin yüksək olması səbəbindən ÜDM-in yüksək məbləğlə ifadə edilməsi ilə əlaqələndirilə bilsə də, digər göstəricidə olan azalma suallar yaradır. Belə ki, əksər ölkələrdə dövlət satınalmaları dövlət büdcəsinin 30-42 faizi həcmindədir. Aparılmış nəzarət tədbirləri göstərir ki, bəzi xərclərin satınalma keçirilmədən aparılması, xərc əməliyyatlarının xəzinə müşayiəti ilə aparılmaması və bir mənbədən satınalma metodunun tətbiqi ilə bağlı qeydiyyatın-uçotun tam olmaması dövlət satınalmalarının dövlət büdcə xərclərində xüsusi çəkisinə təsiri olub”.

Hesablama Palatası dövlət satınalmaları sahəsində daha bir ciddi problemin onların büdcə ili üzrə bölgüsündəki disproporsiyasını göstərir: “2022-ci ildə dövlət satınalmalarının məbləğ ifadəsində 35,1 faizi və ya 2 milyard 379,9 milyon manatı, o cümlədən açıq tender üzrə satınalmaların 28,2 faizi və ya 628,5 milyon manatı, elektron açıq tender üzrə satınalmaların 43,0 faizi və ya 517,5 milyon manatı, kotirovka sorğusu üzrə satınalmaların 44,1 faizi və ya 30,0 milyon manatı, təkliflər sorğusu üzrə satınalmaların 68,7 faizi və ya 689,0 milyon manatı, bir mənbədən keçirilən satınalmaların 22,6 faizi və ya 515,0 milyon manatı ilin IV rübünü əhatə edib. Satınalmaların ilin sonunda həyata keçirilməsi dövlət maliyyəsi üçün bir sıra risklər yarada bilər. Belə ki, bu hal ilin sonunda istifadə edilməyən vəsaitin bank hesablarına, akkreditiv hesablara yönəldilməsinə yol açır, eyni zamanda ilkin ödəniş (avans) üçün əhəmiyyətli məbləğin podratçılara köçürülməsinə, bununla da ilin sonunda qabaqcadan ödəniş məbləğlərinin artımına səbəb ola bilər. Eyni zamanda ilin sonuna bağlanılmış müqavilələr növbəti büdcə ili üçün də əlavə maliyyə öhdəliyi yarada bilər. Qeyd olunan hallar dövlət satınalmalarının planlaşdırılmasında təkmilləşdirilmənin aparılmasının zərurətini bir daha göstərir”.

Onu da bildirək ki, 2024-cü ilin yanvarında Azərbaycanda “Dövlət satınalmaları haqqında” yeni qanun qüvvəyə minib. Qanunun qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla 5 ay ərzində hazırlanaraq qəbul olunması Prezident İlham Əliyevin  28.04.2016-cı il tarixli fərmanı ilə  Nazirlər Kabinetinə tapşırılıb. Yeni Qanun layihəsi 2020-ci ilin ortalarından hazırlanmağa başlanılaraq müxtəlif təşkilatlarla müzakirələrdən və dövlət orqanları ilə razılaşmalardan sonra 2023-cü ildə Milli Məclis tərəfindən qəbul edilib, Prezidentin 19 avqust 2023-cü il tarixli fərmanı ilə təsdiqlənib. 

Hazırda bütün dövlət qurumlarında yeni qanunun tələblərinə uyğunlaşma prosesi gedir. Ötən ildən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qanundakı yenilikləri izah etmək üçün silsilə tədbirlər keçirib. 

Yeni qanunda əsas dəyişikliklər var? Onu əvvəlki qanundan hansı yeniliklər fərqləndirir? İlk əsas fərq ondadır ki, yeni qanun bütün satınalmaların elektron qaydada aparılmasını tələb edir. Bununla belə, məxfi məlumatlarla əlaqəli satınalmalar və bu satınalmalarla bağlı prosedurlar kağız daşıyıcılarında həyata keçirilməlidir.

Qanun bir sıra malların, işlərin və ya xidmətlərin satın alınmasına şamil edilmir. Bura yalnız dövlət orqanı (qurumu) və ya təbii inhisar subyektləri tərəfindən təqdim edilən və qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən (müəyyən edilən) mallar, işlər və ya xidmətlər; kreditlərin alınması; qiymətli kağızlar, çeklər və xarici valyuta və bunlarla bağlı xidmətlər; “Dövlət-özəl tərəfdaşlığı haqqında” Qanunla tənzimlənən münasibətlər çərçivəsində mallar, işlər və ya xidmətlər; notariuslar tərəfindən aparılan notariat hərəkətləri; büdcədənkənar dövlət fondlarının vəsaitlərinin investisiyaya yönəldilməsi (yerləşdirilməsi), habelə investisiya məqsədli aktivlərin alınması, satılması, dəyişdirilməsi, saxlanılması, yerləşdirilməsi və (və ya) idarə edilməsi ilə bağlı xidmətlər; müşahidə şurasının (direktorlar şurasının) tərkibi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmaqla təsdiq edilən kommersiya hüquqi şəxsləri tərəfindən Azərbaycan Respublikası dövlət büdcəsinin və Naxçıvan Muxtar Respublikası büdcəsinin vəsaitləri, o cümlədən məqsədli büdcə fondlarının vəsaitləri, büdcə ssudaları, subsidiyalar, dövlət zəmanəti ilə alınmış kreditlər, dövlət qrantları, yardımları, büdcədənkənar dövlət fondlarının vəsaitləri istisna olunmaqla, digər maliyyə vəsaiti hesabına alınan mallar, işlər və ya xidmətlər; müdafiə və ya dövlət təhlükəsizlik ehtiyacları üçün alınan mallar, işlər və ya xidmətlər; satınalan təşkilatın cari ilin satınalma planında nəzərdə tutulmayan və bir büdcə ili ərzində cəmi dəyəri 10 000 (on min) manatadək olan satınalmalar (ali, 1-ci və 2-ci kateqoriya dövlət orqanları, habelə cari ilin 1 yanvar tarixinə dövlət büdcəsindən maliyyələşdirilməyən satınalan təşkilatlara münasibətdə isə 20 000 (iyirmi min) manatadək) aiddir.

Bundan əlavə, yeni qanunda qeyd edilir ki, beynəlxalq təşkilatların verdiyi vəsaitlər hesabına satınalmalar bu təşkilatlarla bağlanılan müqavilədə ayrı qayda nəzərdə tutulduğu halda həmin müqavilədə razılaşdırılmış qaydada həyata keçirilməlidir.

Satınalma mərhələlərinə münasibətdə yenilik budur ki, köhnə qanunda satınalma 3 mərhələdən ibarət sadə prosedur kimi müəyyən edilirdisə, yeni sənəddə satınalma üzrə ümumilikdə 13 mərhələ müəyyən edilib (əvvəlki qanunda mövcud olan mərhələlər fərqləndirilib).

Eyni zamanda yeni qanunda şikayət verilə bilməyən halların dairəsi daha konkret göstərilib, həmçinin çərçivə sazişinə əsasən satınalan təşkilat tərəfindən sifarişin verilməməsi halında təchizatçının şikayət vermək hüququ şikayət predmeti kimi nəzərə alınmayıb.

Yeni qanunda 5 fərqli satınalma metodu müəyyən edilib: açıq tender, ikimərhələli tender, qapalı tender, kotirovka sorğusu və bir mənbədən satınalma metodu. Əvvəlki qanundan fərqli olaraq yeni qanunda dövlət satınalmalarında məhdud iştiraklı tender və təkliflər sorğusu metodlarından istifadə edilməsi nəzərdə tutulmayıb.

Yeni qanuna əsasən, kotirovka sorğusu ehtimal olunan qiymət 100 000 manatdan az olduqda tətbiq edilir. Bununla belə, ehtimal olunan qiymətdən asılı olaraq, kotirovka sorğusu metodu aşağıdakı təchizatçılar arasında keçirilir və yalnız onların təklifləri qiymətləndirilir:

- ehtimal olunan qiymət 30 000 manatadək olduqda - mikro və kiçik sahibkarlıq subyekti olan təchizatçılar;

 - ehtimal olunan qiymət 30 000 manatdan 100 000 manatadək olduqda - mikro, kiçik və orta sahibkarlıq subyekti olan təchizatçılar.

Yeni qanunla satınalma komissiyası tərəfindən təklifin təminatı ehtimal olunan qiymətin 1-3 faizi həcmində müəyyənləşdirilir. Əvvəlki qanunda isə bu həcm yalnız 1 faiz təşkil edirdi.  Həmçinin köhnə qanunda yalnız açıq tenderin keçirilməsi zamanı qiyməti 100 000 ABŞ dollarının manat ekvivalentindən az olan satınalma müqaviləsi ilə bağlı icra təminatı tələb olunmurdu. Yeni qanunda isə tətbiq edilən satınalma metodundan asılı olmayaraq ümumi məbləği 30 000 manatdan az olan satınalma müqaviləsi üzrə icra təminatı tələb olunmur.

İcra təminatının məbləği satınalma müqaviləsinin ümumi məbləği əvvəlki qanunda bir qayda olaraq 2-5 faiz olaraq müəyyən edilmişdi. Yeni qanunda həcm 10 faiz olaraq müəyyən olunur. Mikro və kiçik sahibkarlıq subyektlərinə münasibətdə isə bu məbləğ 5 faiz olaraq müəyyən edilir.

Artıq qüvvədə olan qanuna əsasən etibarsız təchizatçı və ya qara siyahı tətbiq olunacaq, “pis” təchizatçılar oyundan kənarlaşdırılacaq.

Ekspertlər bildirir ki, yeni qanunun dövlət satınalmaları sahəsində korrupsiyanın qarşısını nə qədər ala biləcəyini ən yaxşı halda 2025-ci ildə qiymətləndirmək mümkün olacaq. Bir sıra mütəxəssislərə görə, ən təkmil qanun olsa da, oturuşmuş korrupsiya mexanizmlərini kökündən qazıyacaq yanaşma dəyişikliyi olmadan dövlət satınalmaları sahəsindəki problemləri aradan qaldırmaq mümkün olmayacaq...

Dünya SAKİT,
“Yeni Müsavat”



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR