İnsanlara hürriyət, millətlərə istiqlal!

Dönərdən zəhərlənmələr: yeyək, yeməyək?

766 11.05.2024 12:04 Ölkə A A

Ekspert: “Nə qədər yoxlama işi şəffaf və cəld aparılmayacaq, bu zəhərlənmələr də olacaq”

Xəbər verdiyimiz kimi, mayın7-də Zaqatalada dönərdən kütləvi zəhərlənmə olub. Belə ki, zəhərlənmə şübhəsi ilə 40 nəfər (15-i uşaq olmaqla) Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə daxil olub.

Zəhərlənənlərin yaxınları bildirir ki, həmin şəxslərin dönər yedikdən sonra səhhətlərində narahatlıq yaranıb. Qeyd edək ki, zəhərlənən şəxslər Zaqatala şəhərinin müxtəlif dönərxanalarında hazırlanmış dönərlərdən istifadə ediblər. Yayılan məlumatda bildirilir ki, zəhərlənənlərin hamısı toyuq ətindən hazırlanmış dönər qəbul edib.

Qida Təhlükəsizliyi Agentliyinin 100-ə yaxın əməkdaşı işdən çıxarılıb" |  marja.az

Hadisə ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları dərhal əraziyə ezam edilib. Zərərçəkənlərin ifadələri əsasında qida məhsulunun istehsal olunduğu iaşə müəssisəsinə (“Şef Dönər”) baxış keçirilib. Müayinələrin aparılması üçün məhsullardan və qida ilə təmasda olan səthlərdən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. İlkin araşdırma zamanı çiy dönərin müəssisənin daxilində hazırlandığı müəyyən edilib. Faktla bağlı qanunvericiliyə uyğun olaraq dönərxananın fəaliyyəti məhdudlaşdırılıb. Obyektlə bağlı digər nəzarət tədbirləri aparılmaqdadır. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, zəhərlənməyə səbəb dönərlərin hazırlanması (o cümlədən çiy dönərlərin hazırlanması) və istehlakçılara təqdim edilməsi zamanı ciddi sanitar-gigiyenik pozuntulara yol verilməsi və ikincili çirklənməyə səbəb olmasıdır.

Əlavə olaraq bildiririk ki, Agentlik tərəfindən qeyd edilən ünvanda aparılan monitorinqlər zamanı toyuq dönərində E.Coli aşkar edildiyi üçün 2023-cü il 14 dekabr tarixində “Şef Dönər” ictimai iaşə müəssisəsində plandankənar yoxlama keçirilib, aşkarlanmış uyğunsuzluqların aradan qaldırılması istiqamətində icrası məcburi göstərişlər verilib, müəssisənin sahibinə cərimə tətbiq edilib.

Agentlikdən bildirilib ki, 2024-cü ilin ötən dövründə 58 dönərxanada yoxlama aparılıb. Yoxlamalar zamanı 18 dönərxanada sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Uyğunsuzluq aşkarlanan obyektlərin fəaliyyəti ilə bağlı müvafiq məhdudlaşdırıcı qərarlar qəbul edilib.

“2006-cı ildə Azərbaycanda quş qripi olan zaman Səhiyyə Nazirliyi tərəfindən toyuq dönəri qadağan olunmuşdu. Lakin toyuq dönərinə tələbat çox olduğundan, qadağaya baxmayaraq, dönərçilər yenə də toyuq dönəri hazırlayırdılar. Nəticədə bu tələbatı nəzərə alaraq, dövlət 2 müəssisəyə toyuq dönəri hazırlamağa icazə verdi”.

Eyyub Hüseynov: "Azad İstehlakçılar Birliyi"nə şikayət gəlir ki, malın  müddəti bitməyib, amma mal xarab olub" - Xəbərlər

 Bu sözləri Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məsələ ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirib. Qurum sədri qeyd edib ki, həmin müəssisələr çox bahalı avadanlıqlar almasına, dönərləri, o cümlədən toyuq dönərlərini -40 dərəcədə şok dondurmadan keçirib, xüsusiləşmiş avtomobillərdə qablaşdırılmış şəkildə dönərləri dönərxanalara çatdırmaq işini görməsinə baxmayaraq,  dönərxanaların heç bir faizi oradan dönər almırlar:

“Məlum olduğu kimi quş əti çox tez çirklənən ətdir. Yəni, dondurulub açılıb, yenidən dondurulduqda artıq çirklənmiş ət hesab olunur və tez zəhərlənmə verilə bilər.

Amma burada zəhərlənmə həm də mayonezlərdən və digər qatqı maddələrindən də yarana bilir. Mayonezlərin istifadə müddəti açıldıqdan cəmi dörd saat sonra bitir. Biz müşahidə edirik ki, mayonezlər dönərxanalara açıq şəkildə gətirilir. Onların harada və necə hazırlandığı bilinmir. Bu maddələr isti şəraitdə saxlanılır və zəhərlənmələr əsasən dünəndən bu günə qalan dönərlərdə baş verir. Dönər elə bir qidadır ki, onu səhərdən axşamadək hansı şəraitdə saxlayırsan, saxla, yenə də xarab olacaq. Ona görə də elə bir nəzarət sistemi qurulmalıdır ki, vaxtı keçmiş dönərlər saxlanmasın, yaxud ümumiyyətlə, ondan istifadə oluna bilməsin.

Beləliklə, tələbat olduğundan dönərxanlar yenə də toyuq dönəri satırlar. Amma dönərxanalara hansısa keyfiyyət haqqında sertifikat verilməsi anlayışı yoxdur. Sadəcə olaraq Qida Təhlükəsizliyi Agentliyi xammalın mənbəyində monitorinq aparır, onları reysterə daxil edir, bununla da iş bitir. Təhlükəli dönər satan barədə Qida Təhlükəsizliyi Agentliyinə məlumat verilərsə, onların bunu cəld yoxlamaq icazələri yoxdur. Çünki gərək uzun prosedur aparılsın, ilk öncə Ədliyyə Nazirliyinə müraciət olunsun, nazirlik çıxarış versin qarşı tərəfə bildirsin ki, yoxlanış olacaq.

Beləliklə, mütləq Qida Təhlükəsizliyi Agentliyinin cəld yoxlama, müdaxilə etmə imkanları olmalıdır. Amma bu, çatışmır. Nə qədər yoxlama işi şəffaf və cəld aparılmayacaq, bu zəhərlənmələr də olacaq.

Daha bir məsələ, çox təəssüf ki, ölkəmizdə zəhərlənmələr ilə bağlı qeydiyyat məsələsi pis vəziyyətdədir. Belə ki, ümumdünya zəhərlənmə göstəriciləri ilə bağlı statistikada Azərbaycandakı zəhərlənmələrin, eləcə də zəhərlənmələrdən ölənlərin sayı bir neçə dəfə az göstərilir. Bütün bunlara baxmayaraq, orta insan ömrü baxımından Azərbaycan 190 ölkə içərisində 119-cu yerdədir. Yəni, 118 ölkədən geridə qalır. Afrikanın, Asiyanın bir sıra geridə qalmış ölkələrindən, o cümlədən, Banqladeşdən, Filippindən, Şri-Lankadan insan ömrünün uzunluğu baxımından geridə qalırıq. Bu, o deməkdir ki, qəbul etdiyimiz qidalar heç də təhlükəsiz deyil.

 Hazırda Azad İstehlakçılar Birliyi olaraq bu məsələ üzərində işləyirik və çalışırıq ki, elə bir sistem təyin edək ki, qida zəhərlənmələri, qida zəhərlənmələrindən ölümlə bağlı statistika düzgün verilsin".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR