İnsanlara hürriyət, millətlərə istiqlal!

Dollar bu il “pulların şahı” titulunu itirə bilər

1436 06.01.2023 08:25 İqtisadiyyat A A

Ekspertlər Azərbaycan manatının taleyindən danışdılar və...

2022-ci ildə dünya iqtisadiyyatında qeydə alınan yüksək inflyasiya, ABŞ Federal Ehtiyatlar Sisteminin sərt məzənnə qərarları, qlobal bazarlarda baş verən kəskin volatillik əksər güclü valyutaların dəyərsizləşməsi ilə nəticələnib. Belə ki, 2022-ci ildə avro dollar qarşısında 18 faiz, yen 30 faiz, funt-sterlinq isə 26 faiz dəyər itirib. İlk dəfə olaraq dollar əsas valyutaların hər birinə qarşı 10 faizdən çox möhkəmlənib.

Ötən il həmçinin Ukraynada başlayan müharibə fonunda kəskin sanksiyalarla üzləşən Rusiya dünyada ABŞ-la münasibətləri kəskin olan dövlətlərin antidollar koalisiyasını yaratmaq istiqamətində fəaliyyətləri ilə yadda qaldı. Rusiya təbii qazın Avropaya satışını rublla hesablaşmaya keçirdi. Çin, İran, Türkiyə, həmçinin bir sıra postsovet ölkələri ilə hesablaşmalarında milli valyutaya keçidin təməli qoyuldu.

Bir çox analitiklər hesab edirlər ki, 2023-cü ildə ABŞ-da resessiya qeydə alınarsa, bu, dolların ciddi zəifləməsinə gətirib çıxara bilər. "Standard&Poors" (S&P) beynəlxalq reytinq agentliyinin hesabatına əsasən güclü ABŞ dolları inkişaf etməkdə olan ölkələr üçün onsuz da qeyri-müəyyən olan proqnozu çətinləşdirsə də, onun son dövrlərdə zəifləməsi ağır zərbələrə məruz qalan borc alan dövlətlərə təzyiqləri bir qədər azalda bilər: “Hazırda 2023-cü ildə ödəmə müddəti başa çatan inkişaf etməkdə olan ölkələrin korporativ borclarının 80 faizi dollarla ifadə edilir və belə dövlətlərin təxminən, 24 faizi "BB+" və ya daha aşağı reytinqə malikdir. Dolların məzənnəsi möhkəm qalmaqda davam edərsə, bu, kapital axınının və yenidən maliyyələşdirmə riskinin kəskin artmasına səbəb ola bilər".

“S&P” ekspertlərinin fikrincə, Avropada dolların möhkəmlənməsi inflyasiya təzyiqlərini artıra bilər. Yəni  daha çox ABŞ dolları ilə alınan bahalı enerji fonunda Avropa ölkələrinin valyutalarının ucuzlaşması inflyasiyanın artırmasına səbəb olur. Üstəlik, bu, Avropa Mərkəzi Bankının qiymətləri sabitləşdirməsini çətinləşdirir: “Bizim hesablamalarımıza görə, avronun dollara nisbətdə ucuzlaşması avrozonada inflyasiyaya təxminən yarım faiz bəndi əlavə edib və ev təsərrüfatlarının istehlakını bu səviyyədə azaldıb. Ümumilikdə, ABŞ-da faiz dərəcələrinin yüksəlməsi perspektivi dolları dəstəkləyə və digər mərkəzi bankları daha aqressiv faiz artımlarına müqavimət göstərməyə vadar edə bilər. Eyni zamanda dolların kəskin ucuzlaşması nəticəsində problemlərin yaranması mümkündür. Dolların digər əsas valyutalara nisbətən son zamanlar zəifləməsi bazarda volatilliyi artırmasa da, bu mənada sürətli və ya qeyri-müntəzəm dönüş maliyyə bazarlarında dalğalanmalara səbəb ola və şirkətlər, investorlar üçün problemlər yarada bilər”.

“S&P” analitikləri hesab edirlər ki, mərkəzi bankların inflyasiyanı azaltmaq səyləri faiz dərəcələrinin daha da yüksək olmasına ehtiyac duyulduğunu göstərir: “Hesab edirik ki, ABŞ Federal Ehtiyat Sisteminin uçot dərəcəsi 2023-cü ilin ikinci rübündə 5-5,25  faiz, Avropa Mərkəzi Bankının uçot dərəcəsi isə birinci rübdə 2,25  faizlik göstərici ilə ən yüksək zirvəyə çatacaq”(Report).

Lakin beynəlxalq analitiklərə görə, hətta ABŞ-da kəskin resessiya baş versə belə, bu, dolların iflasına gətirib çıxarmayacaq. İndiyədək baş verən resessiyaların  heç birində dolların məzənnəsi 1 faizdən artıq azalmayıb. Ekspertlərə görə, dollar dünya maliyyə sisteminin fəaliyyətini təmin edən əsas “xammal” olaraq qalacaq. Hətta iki ayrı ölkənin bir-biri ilə milli valyutaları ilə apardıqları ticarət belə dollar ekvivalenti əsasında hesablamalarla aparılır.

Hazırda bir çox ölkələrlə ticarətini milli valyutalara, əsasən də rubla keçirməyə çalışan Rusiyanın ixrac etdiyi bütün məhsulların dəyəri dünya bazarında - dollarla hesablanır, sonra milli valyutalara konvertasiya olunaraq ödənilir. Hətta Rusiyanın öz daxilində buğdanın, arpanın, neftin və sairin ixracına tətbiq olunan əlavə rüsumlar həmin məhsulun dünya bazarında dollarla ifadə olunan qiymətinə əsasən hesablanır. 

Bütün bunlar göstərir ki, dolları dünyanın əsas valyutası mövqeyindən kənarlaşdırmaq, faktiki olaraq mümkünsüzdür. Və bu valyutanın məzənnəsindəki dəyişikliklər hələ uzun müddət qlobal iqtisadiyyatda, digər güclü valyutaların məzənnəsində “əhvalı” müəyyən edəcək.

Bu baxımdan, ABŞ valyutasının zəifləməsi fonunda  cari ildə dollarla bərabər iqtisadi inkişaf etmiş ölkələrin valyutalarının da gücünü  itirməsi proqnozlaşdırılır.  Avrozonada iqtisadi çətinliklər, Ukraynadakı müharibə və FED-in sərt pul siyasəti  səbəbindən avronun 6 faiz vdən çox ucuzlaşacağı gözlənilir.

Funtun il ərzində 11 faiz ucuzlaşacağı gözlənir ki, bu da 2016-cı ildən bəri ən pis göstərici ola bilər.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı inflyasiyanın qarşısını almaq məqsədilə 2017-ci ildən milli valyutanın ABŞ dollarına qarşı məzənnəsini 1,7 manat səviyyəsində saxlayır. Hökumət mövcud məzənnəni azı 2026-cı ilə qorumaq niyyətindədir.

Vüqar Bayramov: “Azərbaycanın istehlak bazarında tarazlıq qorunub  saxlanılır”

Vüqar Bayramov

İqtisadçı-alim, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov xatırladır ki, Mərkəzi Bank milli valyutanın məzənnəsinə təhdidlərin olmadığını bəyan edib: “Bununla yanaşı, il ərzində qlobal proseslərə, xüsusən də regional dəyişikliklərə reaksiya veriləcəyi də istisna edilmir. Rusiya-Ukrayna müharibəsi fonunda 2022-ci il neft bazarı üçün düşərli olsa da, 2023-cü ilə birjalar heç də yüksək qiymətlə başlamayıb. "Brent" markalı neftin bir barelinin qiyməti 80 dollardan ucuz təklif olunur. Köhnə ilin son günü ilə müqayisədə neftin qiyməti son 5 gündə 8.0 faizdən çox dəyər itirib. Bu isə neft ixracatçı ölkələrin valyuta gəlirləri baxımdan arzuolunan deyil. 2023-cü ildə qlobal iqtisadiyyatın durumu, Çində COVİD-19 pandemiyasının yayılması coğrafiyası və tezliyi, eləcə də Rusiya-Ukrayna müharibəsinin gedişatı strateji bazarlara təsir edəcək. Böyük Yeddiliyin Rusiya neftinə qiymət tavanı müəyyənləşdirməsi isə “qara qızılın” qiymətində artımları xeyili dərəcədə məhdudlaşdırır".

Millət vəkili qeyd edir ki, manatın məzənnəsinə təsir göstərən əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir: “Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan, Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur. Nəzərə alsaq ki, xarici ölkələrdəki tərəfdaşlarımızda milli valyutaların məzənnələri də əslində iqtisadi faktorlardan biridir.

Azərbaycanda hələ ki məzənnə rejiminə keçilməyib. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də bu il manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq".

İqtisadçı-ekspert Rövşən Ağayev də hesab edir ki, hökumət manatın məzənnəsini qorumağa çalışacaq, lakin bu prosesə təsir göstərən xarici amilləri də nəzərə almaq lazımdır: “2023-cü ilin başlanğıcında iqtisadiyyatla bağlı rəsmi bəyanat və çıxışlarda 2 məqam diqqətdən yayınmadı.

Rövşən Ağayev: “Hökumət "qamçı-kökə" siyasətində kökəni birdəfəlik unudub”  » Reyting.az

Rövşən Ağayev 

Mərkəzi Bankın bu il üzrə pul siyasəti bəyanatında həmişəkindən fərqli olaraq rəqəmlər üzərindən makroiqtisadi proqnoz və gözləntilər açıqlamağa üstünlük verilmədi. Sənədin mətni maksimum konservativ və ehtiyatlı hazırlanıb. Bu, 2023-cü ildə  qlobal iqtisadiyyatda volatilliyin yüksək olacağı ilə izah edilir.  Məsələn, inflyasiyanın tədricən hədəf diapazonuna (4±2%) doğru hərəkət edəcəyi qeyd edilir, amma 2 rəqəmli inflyasiyadan can qurtarmağın mümkün olub-olmayacağına dair hər hansı işarə yoxdur. Əlbəttə, 2022-ci illə müqayisədə hətta 0,1 faiz azalma belə hədəf diapazonuna daha yaxın olmaqdır, amma kəskin inflyasiya təzyiqinin azalması baxımından hər hansı rolu olmayacaq bir enişdir. Elə bəyanatda əksini tapan “inflyasiya təzyiqlərinin azalması gözlənildiyindən daha uzun çəkə bilər” qeydi qlobal iqtisadi proseslərdəki qeyri-müəyyənliyin Mərkəzi Bankın proqnozlaşdırma işinin çətinləşdiyini göstərir. Başqa bir qeyd (“inflyasiya proseslərinə məzənnənin ötürücülük potensialı 2023-cü ildə də nəzərə alınacaq”) məzənnə sabitliyinin bu il də maksimum qorunacağını göstərir. Ötən ildən fərqli olaraq bu ilki sənəddə tədiyyə balansının profisiti və iqtisadi artım göstəriciləri üzrə də rəqəmli proqnozlar əksini tapmayıb".

Ekspert bildirir ki, hökumətə artıq özünün daha güclü olduğu və daha böyük uğur qazandığını düşündüyü Qarabağ mövzusunda danışmaq daha rahatdır: “Amma yaxın illərin ölkə üçün ən ciddi problemi iqtisadiyyat olacaq və postpandemiya dövründə kəskinləşən problemlər bunun əsas göstəricisidir. Hələlik qlobal amillər səbəbindən yüksək enerji qiymətlərinin yaratdığı "morfi effekti" problemlərin kəskinliyini hiss etməyə imkan vermir.

Yüksək inflyasiya vətəndaşların yoxsullaşmasını sürətləndirdi. Şübhəsiz ki, obyektiv və etibarlı statistika olmadığı üçün biz yenə ənənəvi yoxsulluq göstəricilərini görəcəyik. Halbuki hətta rəsmi statistika illik qida inflyasiyasının 20 faizi ötdüyünü göstərir ki, bu, istər əhalinin ümumi gəlirlərinin, istərsə də orta əmək haqqının artım tempini az qala üstələyir. Və real gəlirlərin azaldığı şəraitdə yoxsulluğun genişlənməsi qaçılmazdır".

R.Ağayev hesab edir ki, Azərbaycan hökuməti diqqətini yüksək neft-qaz gəlirlərinin  sayəsində əldə olunan valyuta ehtiyatlarının artımı, büdcə profisiti kimi göstəricilərdən iqtisadiyyatın real problemlərinə yönəltməlidir.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR