İnsanlara hürriyət, millətlərə istiqlal!

Jurnalistlər üçün “Zülfüqar Hüseynzadə mükafatı” müsabiqəsi keçirilir...

295 23.07.2024 16:04 Media A A
Moderator.az xəbər portalı ölkə yazar və jurnalistləri arasında saytın qurucusu və mərhum baş redaktoru, tanınmış  mərhum jurnalist Zülfüqar Hüseynzadənin xatirəsinə həsr olunmuş “Zülfüqar Hüseynzadə mükafatı” adlı müsabiqə elan edir.
 
İlk müsabiqənin mövzusu Z.Hüseynzadənin yaradıcılığı və jurnalist fəaliyyəti dövründə qələmini süngüyə çevirərək, yağı düşməndən azad edilməsi üçün ürəyinin yağını əritdiyi və nəhayət, azad edildikdən sonra qucağında ruhunun əbədiyyətə qovuşduğu doğma yurduna - Kəlbəcər rayonuna həsr edilib.
 
Müsabiqəyə qoşulmaq istəyənlər aşağıda qeyd edilən mövzulardan birini seçə bilərlər: 
 
- Kəlbəcər rayonunun misilsiz təbiəti, yeraltı və yürsüstü sərvətləri, 
- ⁠Kəlbəcərin ekstremal şəraiti və tarixi abidələrin zənginliyi baxımından böyük turizm potensialı,
- ⁠Kəlbəcər işğaldan azad edildikdən sonra yenidən dirçəldilməsi üçün görülən işlər, həyata keçirilən böyük layihələr və perspektivlər.
 
Qeyd: Bu mövzular ümumi istiqamətləndirici mahiyyət daşıyır. Müsabiqə yazılarında onların hər birinə ayrılıqda və ya ümumi şəkildə istinad oluna bilər.
 
Müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcək:
-Mövzunu dolğun əhatə etmə səviyyəsinə;
-Təsvirlər zamanı leksikon və ifadə vasitələrinin zənginliyinə;
-Mövzuya analitik yanaşmaya, fakt və problemlərin düzgün təhlilinə;
-Faktlardan istifadə xüsusiyyətlərinə və araşdırmanın keyfiyyətinə;
-Oxucu üçün informasiyalılıq dərəcəsinə;
-Müasir və qabaqcıl dünya təcrübəsi ilə məzmunlu müqayisənin aparılmasına.
 
Müsabiqənin şərtləri
 
Müsabiqəyə 23 iyul 2024-cu il tarixindən 18 avqust  2024-cü il tarixinədək qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında yayımlanan yazılar buraxılacaq.
 
Yazılar 8 min işarədən çox olmamalıdır.
 
Müsabiqə üçün təqdim ediləcək material müəllifin çalışdığı KİV-də yayımlanmaya da bilər.
 
Müsabiqəyə yazılar musabiqe@moderator.az elektron ünvanına göndərilməlidir.
 
Yazılar  elektron media resursunda yayımlanıbsa, bunu təsdiqləyən "link" də əlavə edilməlidir. Çap nəşrində- qəzet və ya jurnalda yayımlandığı halda isə həm də “Pdf” formatında göndərilməlidir.
 
Yazılar email vasitəsilə təqdim edilərkən aşağıdakılar nəzərə alınmalıdır:
o Təqdimat göndərişində müsabiqə yazısı (“Word” faylında, imzasız); 
o müsabiqə yazısının dərc olunduğu qəzetin, jurnalın nüsxəsi (PDF, JPG, yaxud “Word” faylında); 
o yazı elektron media resursunda yayımlanıbsa, bunu təsdiqləyən link və sair vasitələr; 
o yazı materialının müəllifinin şəxsiyyət vəsiqəsi, iş vəsiqəsi və ya müəllifin KİV-də çalışdığını təsdiqləyən sənəd (PDF, JPG, yaxud “Word” faylında); 
o yazı müəllifinin əlaqə vasitələri (PDF, JPG, yaxud “Word” faylında) yer almalıdır.
 
Mükafatlandırma
 
Müsabiqəyə təqdim edilmiş materiallara 18-23 avqust tarixlərində münsiflər heyəti tərəfindən baxılacaq və 24 avqust 2024-cü il tarixində - Zülfüqar Hüseynzadənin doğum günündə  qaliblər (1-ci, 2-ci və 3-cü yer) elan ediləcək və mükafat və hədiyyələr təqdim olunacaq.
 
1-ci yer üçün: 1000 AZN
 
2-ci yer üçün: 600 AZN
 
3-cü yer üçün: 400 AZN
 
Qeyd edək ki, müsabiqənin hər il iyul-avqust ayında keçirilməsi və növbəti illərdə mükafat fondunun artırılması nəzərdə tutulur.
 
Əlaqə: Mobil/Whatsapp: +994997440247
 
Hörmətlə: Münsiflər heyəti

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR