İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat meyvəni necə ucuzlaşdırdı

2023 25.06.2022 11:00 Yazarlar A A

“Gilas bağın olsa, bilərsən sığırçın necə quşdur”

(Azərbaycan ata sözü)

Bildiyimiz kimi, son maaş artımı ilə hər bir deputatın aylıq rəsmi qazancı 6 min 200 manat olacaqdır (aylıq maaş 2485 + onun 1 misli qədər əlavə + 1243 manat pul təminatı). Deputatlara maşın, ezamiyyət, yemək-içmək və sairə üçün verilən büdcə vəsaitləri də bitib-tükənmir, de-fakto və de-yure bizim parlamentarilərin yalnız necə deyərlər, “sol getmək”, adaxlıbazlıq xərcləri öz hesablarınadır, onu da dəqiq bilmirəm, şübhəm var.

Məsələn, hər il deputatlara məzuniyyət, istirahət üçün ayrılan pul vəsaiti bilirsiniz nə qədərdir? 10 min manat. Təsəvvür edin, şəxsi istirahət mərkəzləri, plyaj, kurort, hotel, bulaq, meşə, nə bilim, ayı mağarası, ceyran otlağı saxlayan deputatlar vardır ki, onlara dövlətimiz ildə bir dəfə 10 min manat da əlavə istirahət pulu verir. O deputatların seçiciləri isə 3-cü mikrorayon dairəsində körpünün altında durub qarnını qaşıyır, qapısında işləməyə adam axtarır.

Ancaq insafən deputatların bəziləri xalq üçün çalışır, can qoyur, qan (oxu: gilas) tökürlər. Götürək elə Fəzail Ağamalını. Fəzail müəllim bugünlərdə gilas almaqda çətinliklər yaşadığını, meyvələrin çox baha olduğunu söylədi, Milli Məclisdə necə ağladısa, bir neçə qanun layihəsi yaş oldu, rəhbərlik məcbur qaldı administrasiyadan təzə kağızlar “zakaz” eləsin. Hətta salonu qurutmaq üçün FHN texnikaları cəlb edildi, Türkiyəyə göndərilən amfibiya yanğınsöndürəni geri qaytarıldı. Hazırda şəhərin bir neçə istiqamətində su böhranı yaşanır.

Yeri gəlmişkən, burdan üzümü “Azərsu” rəhbərliyinə tutub demək istəyirəm ki, arzu edirəm, sizi öləndə o biri dünyada Yezid şəxsən qarşılasın, cəhənnəmin dibində yananda üstünüzə səpməyə bir damcı su tapılmasın, ilahi, amin. Yayın hələ iki günü girib xalqımıza, bəs siz niyə Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsində su təchizatını zibil gününə qoymusunuz? Bunun axırı necə olacaq? İndi söz əlaqədar cəhənnəm zəbanələrinindir.

Xülasə, qayıdaq Fəzail müəllimin şikayətinə. Müəllim nə təhər ah çəkibsə, aman eləyibsə, dünən mən evin yanında gilası 3 manata almışam! Dəhşətdir! Təsəvvür elə. Srağagünə qədər 8-9-10-50-100-2000 manat olan gilas hazırda cəmi 3 manata satılır. Fəzail müəllimin hesabına! Gilas satanlar bu kişidən əməllicə qorxurlar, çünki Quska türmədən baxır, təcrübə var.

Özü də elə-belə, yetim-yesir üçün olan, əzik-üzük, it ağzından çıxma gilasdan danışmıram. Öküz ürəyi gilas deyirəm sizə! Üçcə manata. Mən özüm gilası bu qiymətə görəndə kövrəlib ağladım, uşaqlığım yadıma düşdü. O vaxt quş-muş gilası basıb yeməsin deyə bağımızdakı ağaca konserv qutuları asmışdıq, ipin ucu da ta evəcən gəlirdi. Yazıq sərçə-sığırçınlar bir gilas apara bilmirdi, ağaca qonan kimi konsert, danqadurunq başlanırdı. Bəlkə o quşların ahı bizi tutdu, gilas od qiymətinə qalxdı, gilasın ağacını isə ermənilər kəsib apardı. 

Mən çötkəyə vurdum, Fəzail müəllim aylıq gəliri 6200 manatla hazırda 2 tondan çox gilas ala bilər. Ye ki, yeyəsən. Otur balkonda, gilası ye, çəyirdəyini tüpür seçicilərin təpəsinə, bəlkə adam olsunlar, deputatın maaşını saymasınlar. Ancaq gilası çox yemək qarın ağrısı yaradar, o üzdən, təklif edirəm Fəzail müəllim gilasın 1 tonunu mürəbbə üçün ayırsın. İqtisadiyyatımızın qeyri-neft, mürəbbə sektoru inkişaf edər. Şəkər tozu almağa da vəsait gedəcək, təbii, ancaq onu məzuniyyət pulundan çıxmaq olar. Gilas mürəbbəsi vacib parlamentar məhsul və qanuni qənnadı məmulatıdır. Hər deputatın qəbul otağında şikayətçiləri qarşılamağa minimum üç kiloluq bankada gilas mürəbbəsi olmalıdır. Bu haqda “Gilas mürəbbəsi haqda Azərbaycan Respublikasının qanunu”nda açıq yazılıb, tapın oxuyun, elə müftə məlumat yoxdur ki, bizim də pulumuz bu yazıdan çıxır. 

Yeri gəlmişkən, minimum pensiya 240 manatdır, deməli gilasın kilosu 3 manat qalsa, pensiyaçılarımızın da hər biri 80 kilo gilas ala bilər. Allah bərəkət versin.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR