İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat da maaşla dolana bilmirsə... - fərqli rəylər

710 27.02.2024 11:28 Ölkə A A

“Ölkədə yüksək maaş alanlardan biri mənəm, lakin aldığım məbləğ heç ay sonuna çatmır”.  Bunu deputat Aqil Abbas Globalinfo.az-a deyib. “Maaş az olduğu üçün əksəriyyət kasıb yaşayır. Məsələn, satıcılar minimum maaş alırlar. Bu, doğru deyil. Bir tərəfdən də cərimələrin məbləğinin artırılması təklif olundu. Bu cəmiyyət nə maaş alır ki, ondan da cərimə ödəsinlər?! Hər şeyə görə cərimə olmaz axı. 300 manat maaş alan adam nə təhər dolansın, cəriməni necə ödəsin, nə yesin? Bunları nəzərə almaq lazımdır”, - deputat qeyd edib.

Aqil Abbas - 70

Aqil Abbas: “Aldığım məbləğ heç ay sonuna çatmır, bəs bu kasıb nə etsin?!”

Aqil Abbas bildirib ki, bu gün heç 500 manat minimum əmək haqqı da dolanışıq üçün kifayət etmir: “Çox istərəm ki, insanlarımız yaxşı dolansınlar. Düzdür, müharibədən yeni çıxmışıq, Qarabağın quruculuq işləri davam etdirilir, elə təkcə Ağdam üçün azı 80-90 milyard dollar pul lazımdır. İqtisadiyyatımız gücləndirilsə, sosial məsələlər də həllini tapacaq. Amma bu məbləğ az da olsa, istərəm ki, heç olmasa minimum əmək haqqı 500 manat olsun. Ərzaq da bahadır, almaq olmur. Bir sözlə, 345 manat azdır, heç nəyə bəs etmir. Ölkədə yüksək maaş alanlardan biri mənəm, lakin aldığım məbləğ heç ay sonuna çatmır. Bəs bu kasıb nə etsin?!”

“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanuna görə, Milli Məclisin sədri 2475 manat, sədrin I müavini 2227 manat, Milli Məclis sədrinin müavini 2103, Milli Məclisin komitə sədri 1980, komitə sədrinin müavini 1 856 manat, sıravi deputat isə 1732 manat maaş alır. Milli Məclisin sədri onun birinci müavini və müavinləri, Milli Məclisin komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı da alırlar. Bu məbləğ də nəzərə alınarsa, parlamentin sədri 3 min 712 manat 50 qəpik, sədrin I müavini 3 min 340 manat 50 qəpik, Milli Məclis sədrinin müavini 3 min 154 manat 50 qəpik, Milli Məclisin komitə sədri 2 min 970 manat, komitə sədrinin müavini 2 min 784 manat, sıravi deputat isə 2 min 598 manat maaş alır.

Məlumat üçün deyək ki,  yanvarın 1-dən Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanun imzalayıb. Qanuna əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib. “Azərbaycan Respublikasında 2024-cü il üçün ehtiyac meyarının həddi haqqında” Qanunla isə ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2024-cü il üçün ehtiyac meyarının həddi 270 manat məbləğində təsdiq edilib. Ölkədə minimum əmək haqqı 345 manatdır. 

Bu, yeni mərhələnin başlanması deməkdir" – Vüqar Bayramov

Vüqar Bayramov: “2024-cü ildə sosial təminat tədbirlərinin gücləndirilməsi, bu istiqamətdə vəsaitlərin artırılması prioritetdir”

İqtisadçı millət vəkili Vüqar Bayramov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, sosial ayrılmaların, o cümlədən əməkhaqlarının artırılması Azərbaycan üçün hər zaman prioritetdir: “Azərbaycanda həyata keçirilən siyasətin də əsas hədəflərindən biri vətəndaşlarımızın sosial təminatının daha da yaxşılaşdırılmasıdır. Cənab Prezidentin andiçmə mərasimində çıxışı zamanı qeyd etdiyi kimi, Azərbaycanda minimum əmək haqqı son 20 ildə 9 manatdan 345 manata qədər yüksəlib. Son beş ildə minimum əmək haqqı 2.7 dəfə artım olub. Amma dövlət başçısının özünün də qeyd etdiyi kimi, bu rəqəm yetərli olmasa da, amma tendensiya müsbətdir. Əslində Prezidentin də açıqlaması bir daha təsdiq edir ki, minimum əmək haqqının artırılması və digər sosial ödənişlərin daha da gücləndirilməsi, sosial proqramların   genişləndirilməsi sosial siyasət prioritetidir. Bütövlükdə sosial təminat sisteminin daha da yaxşılaşdırılması ilə bağlı növbəti dövrlərdə də Azərbaycanda fəaliyyətlər davam etdiriləcək. Xüsusən nəzərə alsaq ki, 2024-cü ilin dövlət büdcəsinin xərclərinin 43 faizi, cari xərclərin 70 faizi sosialyönümlüdür. Bu isə ondan xəbər verir ki, 2024-cü ildə sosial təminat tədbirlərinin gücləndirilməsi, bu istiqamətdə vəsaitlərin artırılması prioritetdir. O baxımdan 2024 və növbəti illərdə vətəndaşlarımızın sosial təminatının daha da yaxşılaşdırılması ilə bağlı tədbirlər davam etdiriləcək”. 

Deputat Razi Nurullayev isə bizimlə söhbətdə bildirib ki, əməkhaqları ən azı 2-3 dəfə artırılmalıdır: “Mən prezident seçkisi zamanı çıxışımda da bildirmişdim, hazırda yaşlı insanlar əmək pensiyasını ən azı 2-3 dəfə artıq görmək istəyir. Əməkhaqlarının ən aşağı həddi 700-800 manata çatdırılmalıdır”.

Qeyd edək ki, bu il yanvarın 1-də Azərbaycanda muzdla çalışan işçilərin sayı 1741,8 min nəfər olub. Onlardan 899,1 min nəfəri dövlət, 842,7 min nəfəri isə özəl sahədə çalışıb. Orta aylıq əmək haqqı 933,8 manat olub. Dövlət Statistika Komitəsindən (DSK) bildirilir ki, bu, əvvəlki ilə nisbətən 11,2 faiz artmış rəqəmdir. DSK-dan o da bildirir ki, mədənçıxarma, maliyyə və sığorta, elmi- texniki fəaliyyət, informasiya və rabitə sahələrində çalışanların əmək haqqı bu rəqəmdən artıq olub.

İş yerlərinə gəlincə, muzdla işləyənlərin 19,1 faizi təhsil, 18,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 13 faizi sənaye, 8,4 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,5 faizi tikinti, 6,4 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,7 faizi peşə, elmi və texniki fəaliyyət, 3,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,1 faizi maliyyə və sığorta fəaliyyəti, 14,5 faizi isə iqtisadiyyatın digər sahələrində çalışır.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR