İnsanlara hürriyət, millətlərə istiqlal!

Dəmir Yumruq xəbərdarlıq edir, zarafat etmir!

1031 18.05.2023 22:11 Yazarlar A A

31 il öncə, bu gün (18.05.1992) Laçın Ermənistan silahlı qüvvələrinin işğalına uğramışdı.

Əlbəttə, Ermənistanən yaxın-uzaq havadarlarından aldığı hərtərəfli hərbi-siyasi, təşkilati-texniki, psixoloji və s. dəstək hesabına.
O günlər getsin gəlməsin! Rəsmi Moskvanın hoqqaları, rəsmi Tehranın məkri, rəsmi Parisin haqq-ədalət tərəzisinin pas atması, rəsmi İrəvanın gəda kəmfürsətliyi Laçının laçınlığını, Azərbaycanın ərazi bütövlüyünü əlindən aldı.

Gedib və bir daha gəlməyəcək o günlər! Bu əminliyi bizə şəhidlərimizin mübarizə irsi, ordumuzun şanı, dövlətimizin gücü, nüfuzu, dövlət-xalq birliyinin sarsılmazlığı, Ali Baş Komandanımızın prinsipiallığı, siyasi iradəsi verir! Ratifikasiya olunmuş “Şuşa Bəyannaməsi” ilə taclanmış Azərbaycan-Türkiyə qardaşlığı əminliyimizə güclü zəmanətdir.

Bəlu, işğal 28 ildən çox çəkdi. O illər necə və neçə ömrün, ömrümüzün necə və neçə gözəl illərinin üstündən xətt çəkdi. Hər işğal ildönümündə, doğum və ya şəhadət ünvanı Laçın olan hər şəhidin doğum və anım günündə, özümüzün hər kədərli və şad günündə (deməki, hər gün!) Laçın deyib, Laçın eşitdik. Ağlayanda sınqındıq, güləndə bir gözü yaşlıydıq, oynayanda qanadı qırıq, danışanda küskündük… Laçınsız, Kəlbəcərsiz Vətən Vətən olmur, olursa da bütöv olmurdu…

Laçın keçmiş “DQMV”-dən qıraqda işğala uğrayan ilk şəhərimiz, rayonumuz oldu. Laçın azad olunan ən son şəhərimiz, rayonumuz oldu. Laçına işğalçılar görün nə dərəcədə önəm verirdi ki, onun tam azadlığı, necə deyərlər, ancaq 4 mərhələdən keçdikdən sonra gerçəkləşdi. Çünki separatçıların “nəfəsliy”i - “dəhliz” Laçından keçirdi. 2020-ci ildə Laçının bir neçə kəndi döyüşlərlə azad edildi, məlum “10 noyabr Bəyanatı”ndan sonra məğlub Ermənistan öz üzərinə öhdəlik götürdü və işğalçının hərbi birlikləri 2020-ci il dekabrın 1-də Laçını tərk etdi. Lakin bu da son olmadı, onlarla erməni ailəsi müxtəlif bəhanə və sülhməramsızların himayəsi ilə Laçında məskunluğunu davam etdirdi. Bu, bizi əlbəttə, qane edə bilməzdi. - Nəhayət 26 avqust 2022-ci ildə Laçın şəhər mərkəzində, Zabux və Susda qeyri-qanuni məskunlaşdırılmış ermənilər şəhərimizi, qəsəbə və kəndimizi tərk etməyə məcbur qaldı. - Mülki, dinc məqsədlərçün “Laçın yolu” dediyimiz alternativ yol çəkilmişdi və sırtıq tayfasının bəhanəsi yoxuydu.

Mehriban qonşuluq, birgəyaşayış, yanlışlıqlardan dönmək, beynəlxalq hüquqa sayğı, barış - bax, bu kateqoriya və türdə hadisələrə dözümü (yaxud heç belə anlayışları qavrayış imkanı) olmayanlar yeni yolu da mina, silah-sursat gətirməkçün qullandı. Bir dedik - eşitmədilər, iki dedik - xeyri olmadı, nəhayət, üçüncü xəbərdarlıqdan sonra Dəmir Yumruq uhulət və suhulətlə Həkəri üzərindəki körpüdə göründü!
Ən nəhayət, bu il aprelin 23-də dövlət sərhəddinin Laçın rayonu ərazisinə girən hissəsində bizim sərhəd-buraxılış postumuz quruldu, cəsur sərhədçilərimiz orada şərəfli və məsuliyyətli tarixi xidmətə başladı.

Beləliklə, bu ilki keçmiş işğal gününü təqvimdən pozmağımızın 3-cü ildönümünü daha qürurlu, daha qətiyyətli keçiririk! Dəmir Yumruq xəbərdarlıq edir, başa salır; əgər bu iki mərhələdən sonra bütün ağırlığı ilə qanmaz başlara düşürsə, günah bizdə deyil! Dəmir Yumruq xəbərdarlıq edir amma zarafat etmir!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

1593856898884_XXdGUj9u.jpeg (32 KB)

Əkbər QOŞALI

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR