İnsanlara hürriyət, millətlərə istiqlal!

Daşnakların ABŞ-dan Azərbaycana hücum planları: “907-ci düzəliş”, hərbi yardım...

1948 19.04.2023 10:21 Siyasət A A

Erməni revanşist-millətçilərinin lideri Amerikada Azərbaycana hərbi yardımın dayandırılması, hərbi rəhbərliyə sanksiyaları müzakirə edib; bu səfər göstərir ki, ermənilərin iştahası, həmişəki kimi, böyükdür - şərh

Ermənistanın Daşnaksütyun Partiyasının Ali Orqanının rəsmi nümayəndəsi İşxan Saqatelyan ABŞ-a səfər edib. “Yeni Müsavat” bildirir ki, bu barədə məlumatı Amerika Erməniləri Milli Konqresi (ANCA) yayıb. Məlumata görə, Saqatelyan Vaşinqtonda ANCA-nın mərkəzi ofisində görüşlər keçirib.

Görüşdə həmçinin “907-ci düzəliş”in saxlanması, eləcə də ABŞ-n Azərbaycana hərbi yardımının dayandırılması, onun hərbi rəhbərliyinə sanksiyaların tətbiqi məsələləri müzakirə edilib. Qeyd edək ki, ANCA erməni diasporunun ABŞ-dakı ən güclü təşkilatıdır və lobbinin fəaliyyətinin koordinasiyası ilə məşğuldur. Ümumiyyətlə, müxalifətin Paşinyana qarşı əsas alternativ kimi təqdim etməyə çalışdığı Saqatelyan son zamanlar Qərbə səfərlərini artırıb. Belə ki, bundan öncə Avropanı ziyarət edən Saqatelyan burada yerli diasporadan dəstək almağa cəhd edib.

Yada salaq ki, ötən ay regionda səfərdə olan ABŞ dövlət katibinin Qafqaz üzrə danışıqlar baş müşaviri Luis Bono Ermənistanın Laçın yolunda yaranmış vəziyyətlə əlaqədar Azərbaycana qarşı sanksiyalar ideyasını rədd edib. Bono deyib ki, indi sanksiyaların vaxtı deyil: “Mən hər iki tərəflə işləmək, onları sülhə aparmağa gəlmişəm. Sanksiyalar əks məhsuldar olacaq. Hazırda bu, heç nəzərdən keçirilmir”. Ermənilər etiraf edir ki, ABŞ-ın dəstəyi ilə Azərbaycan enerji təchizatında mühüm tərəfdaş kimi Avropada öz mövqelərini daha da möhkəmləndirir. Digər müstəvilərdə də uğurlu əməkdaşlıq Ermənistanın Azərbaycana qarşı sanksiya və digər təzyiq rıçaqlarından istifadəsini əngəlləyir. Vaşinqton sanksiya çağırışını rədd etsə də, İrəvan Bakıya qarşı təbliğatından əl çəkmir.

Qarabağda müharibə gedərkən erməni icması və lobbisinin birgə fəaliyyəti hesabına “Azadlığa dəstək aktı”nın mətnində 1992-ci ildə "907-ci düzəliş"in (maddənin) qəbul edilməsinə təşəbbüs göstərildi. Bu düzəlişlə ABŞ hökumətinin prezidentin razılığı olmadan Azərbaycana yardım etməsi qadağan edilib. "907-ci düzəliş"in qəbul edilmə şərtlərinə baxdıqda onun davam etdirilməsi üçün həmin şərtlərin ortadan qalxdığını demək mümkündür. Birincisi, postkonflikt dövründə Azərbaycan-Ermənistan arasında yekun sülh müqaviləsi haqda müzakirələr davam edir. Yəni regionda müharibə riski azalıb. İkincisi, Ermənistanın regional layihələrdə iştirakı üçün konkret təkliflər verilib. Belə desək, "907-ci düzəliş"də deyildiyi kimi, Ermənistanın blokadadan çıxması üçün təkliflər var. Üçüncüsü, Azərbaycan Qarabağ ermənilərinin Azərbaycanın geri qalan hissəsi ilə inteqrasiyası üçün layihələr həyata keçirir.

ABŞ Konqresinin Nümayəndələr Palatasına Laçın dəhlizinin Azərbaycan tərəfindən “blokada”ya alınması ilə bağlı hələ fevralda qətnamə layihəsi təqdim edilib. Qətnamədə “Azərbaycanın məsuliyyətə cəlb edilməsinin zəruriliyi” də vurğulanıb. ABŞ-ın Azərbaycana bütün hərbi yardımını dərhal dayandırmaq və Azadlığa Dəstək Aktının 907-ci maddəsini tətbiq etmək də var. ABŞ Konqresindəki qətnamə layihəsinə nə vaxt baxılacağı bəlli deyil. Amma bu səfər də göstərir ki, ermənilərin iştahası, həmişəki kimi, böyükdür.

Yeri gəlmişkən, Ermənistan parlamentinin deputatı olan İşxan Saqatelyan facebook səhifəsində yazıb ki, hakimiyyətin antimilli siyasəti nəticəsində diaspor ölkədən uzaqlaşdırılır. “Birləşmiş Ştatlara 10 günlük işgüzar səfərimin nəticələrinə yekun vuraraq, bir çox partiya, ictimai və populyar görüşlər keçirərək, qeyd etməyi zəruri sayıram ki, müharibədən sonra ölkədəki mövcud vəziyyətə görə diaspor məyusluq və qeyri-müəyyənlik vəziyyətindədir. Erməni diasporunun potensialı və imkanlarından nəinki tam istifadə olunmur, əksinə, mövcud hakimiyyətin antimilli siyasəti nəticəsində onlar ölkədən uzaqlaşdırılıb”.

Arzuxan Əlizadə: “Azərbaycan bu situasiyadan məharətlə istifadə etməlidir”

 Arzuxan Əlizadə

Bu mövzuda “Yeni Müsavat”a danışan Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadənin fikrincə, erməni cəmiyyətində Azərbaycana düşmən münasibətin stereotiplərini dağıtmaq mümkün deyil. Partiya sədri hesab edir ki, onlarda məğlubiyyət sindromu formalaşıb. “Ermənilər torpaqları işğal altında saxladığı illərdə ABŞ və Rusiyanın həmişə dəstəyini qazanıblar, beynəlxalq təsisatlardan da ciddi təzyiq görməyiblər. Onlara elə gəlirdi ki, həmişə belə də davam edəcək. Həqiqətən də gözləmirdilər ki, Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edəcək. Ona görə 44 günlük müharibədən iki ildən çox vaxt keçməsinə baxmayaraq, ermənilər hələ də məğlubiyyətin şokundan çıxa bilmirlər. İndi isə Qərbdən dəstək onları həvəsləndirib və köhnə dövrlərə qayıtmaq istəyinə düşüblər”.

AMİP sədrinin sözlərinə görə, “907-ci düzəliş”in həmmüəlliflərindən biri də ABŞ prezidenti Cozef Baydendir: “Onun liderliyi dövründə bu məsələni yenidən gündəmə gətirməyə çalışırlar. Digər tərəfdən, Saqatelyan kimi müxalifətçilər Amerikada bu məsələləri müzakirə etməklə Ermənistanda daxili auditoriyada siyasi dividentlər əldə etməyə cəhd göstərirlər. Eyni zamanda məğlubiyyət sindromundan çıxmaq üçün belə addımlar atırlar. Ancaq Azərbaycanın ədalətli mübarizəsinə qarşı bu cür reveranslar etməklə heç bir nailiyyət qazana bilməyəcəklər. Sözsüz ki, ABŞ-da bu müzakirələr Azərbaycan əleyhinə təzyiq kampaniyasını təşkil etmək məqsədi daşıyır, lakin heç bir nəticəsi olmayacaq”.

Fuad Əliyev: Bizim Qarabağa səfərimiz sizə niyə belə toxunur?

 Fuad Əliyev

Siyasi ekspert Fuad Əliyevin fikrincə, ABŞ-ın Azərbaycanın hərbi rəhbərliyinə sanksiyalar tətbiqi ermənilərin “ac toyuq, yuxuda darı görər” məsələsidir. Onun sözlərinə görə, bu günlərdə Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı Ramiz Tahirov Vaşinqtonda səfərdə olub və amerikalı generalla görüşüb: “Bu faktın özü sübut edir ki, Amerika ilə Azərbaycan arasında hərbi sahədə əməkdaşlıq hansı səviyyədədir. Ən əsası isə Azərbaycan NATO-nun sülhməramlı missiyası çərçivəsində iştirak edir. Bundan əvvəl Baş Qərargah rəisi Kərim Vəliyevin Amerikaya səfəri olub. Ona görə ermənilərin boşboğaz fikirləri, mifik arzuları reallaşa bilməz. Üstəgəl, Saqatelyanla Amerika rəsmiləri görüşməyib, erməni konqresi ilə müzakirələr aparıb. Razıyam ki, Bayden dövründə ”907-ci düzəliş"in birdəfəlik ləğvini gözləməyə də dəyməz, amma sanksiyaların tətbiqi nonsensdir". Ekspert xatırladır ki, ermənilər Laçın-Xankəndi yolundakı vəziyyətlə bağlı da Azərbaycana sanksiya çağırışı edirdilər: “Amma Avropa İttifaqının ali nümayəndəsi Cozef Borel aydın şəkildə ifadə etdi ki, bundan söhbət gedə bilməz. Yəni Amerikada, Avropada dəstək alıb bizi sanksiya altına salmaq iştahları var, amma buna nail ola bilməzlər. Ümumiyyətlə, erməni cəmiyyəti ağıllanmır. Onlar müharibədən sonra növbədənkənar seçkidə Paşinyana səs verməklə belə təsəvvür yaratdılar ki, sülh tərəfdarıdırlar, Azərbaycanla normal qonşuluq istəyirlər. Amma üstündən iki il keçir və biz görürük ki, bu cəmiyyətin sıravi üzvləri, müxalifəti, iqtidarı bədxassəli fikirlərlə zəhərlənib, revanşizm istəklərini ifadə edirlər. Odur ki, gah Amerikada görüşlərdə, gah Avropada belə təşəbbüslər qaldırırlar, gah əsgərimizi döyürlər, gah bayrağımızı yandırırlar. Bir sözlə, bu xalq kin qusmaqla məşğuldur və bölgədə dayanıqlı sülh arzulamırlar”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR