İnsanlara hürriyət, millətlərə istiqlal!

“Daha bir general” mövzusunda

2214 08.09.2022 09:30 Yazarlar A A

Gömrükdə daha bir generalın işdən çıxarılması, haqqında cinayət işinin başlanması xəbəri yayıldı. Açığı, mən bu yoldaşın adını çoxdan yadımda saxlamışdım və “Kənan Məmmədov” sözlərini görəndə ürəyimdə dedim, ey dadi-bidad, çərxi-fələk tərsinə dövran edə bilərmiş. Çünki Kənan müəllim hələ Qazax rayonu tərəfdə gömrüyün müdiri olanda daim “xoş” sorağı gələrdi. Hətta dünən qəzetimiz yazmışdı ki, bir dəfə qazaxlılar boğaza yığılıb Kənan müəllimi tutub döyüblərmiş, açığı, bundan xəbərim olmamışdır.

Uzun sözün qısası, şöhrətli bir tamojnaçımızın başı üzərində qara buludlar dolaşır, ya da artıq islanmış cücəyə dönübdür. Yeri gəlmişkən, dünən hava bürosu da xoş xəbər yaydı, deyir yağışdan, küləkdən sonra Bakının və Abşeron yarımadasının havası təmizlənmişdir, əhali küçəyə çıxıb ciyərlərinə sinə dolusu pulsuz hava çəkə bilər. Buna görə hökumətimizə dərindən minnətdarıq, ümid eləyək belə təmizləmə əməliyyatları bütün strukturlarda mütəmadi aparılsın.

Bayaq “gömrük” yerinə “tamojna” yazmağımı mənə irad tutan olsa, qeyd etməliyəm ki, yanılırsınız. Tamojna tərtəmiz türk sözüdür, qədim tamqa, damğa sözündən yaranıb. Türk tayfaları atları, mal-qaranı sərhəd zonasından başqa əraziyə keçirəndə onu damğalayırmışlar, ruslar da bu sözü götürüb indi işlədir. Bəs bizdəki “gömrük” haradan yaranıb? Bu da türk sözüdür, “gömürük”, “basdırırıq” deməkdir. Həqiqətən bizim gömrükdən başı salamat keçən iş adamları çox az olmuşdur. Hətta bəzi gömrük məntəqələrinin yanında özəl qəbiristanlıq açılıb, sərhədi keçəndə malı ilişən və ürəyi partlayan adamları orada dəfn edirlər.

Qayıdaq Kənan müəllim mövzusuna. Maraqlıdır ki, gömrüyün keçmiş sədri Səfər müəllim Kənan müəllimin “Qırmızı körpü”də gərgin və gəlirli fəaliyyətinə yüksək qiymət verərək (ya da yüksək qiymət alaraq - istədiyiniz formada oxuyun) onu öncə Bakı Şəhər Baş Gömrük İdarəsinə, daha sonra isə Gömrük nəzarətinin təşkili və ticarətin asanlaşdırılması baş idarəsinə rəis qoymuş imiş. İmkan verilsə yəqin tamojnanın rəisi də olardı. Heyf. Gör nə qədər generallarımız yarı yolda qalır. Hərçənd ziyanı yoxdur, bizdə general istehsalı tam qaydasındadır, maşallah, hələ nə qədər generalımız Kənan müəllimin şərəfli, şanlı, pullu-paralı, var-dövlətli yolunu davam etdirir.

Bayaq idarənin adını yazanda diqqətli oxucularımızdan güman edirəm gülməkdən ölənlər olmamışdır. Vallah, mən yuxarı orqanların yumor hissinə heyranam. Əks halda, gömrükdə “Ticarətin asanlaşdırılması idarəsi” açmaq nə məna verir? Təsəvvür elə, xaricdən, ya xaricə mal vurursan, lakin türkün sözü, sınır qapısında yatan tamojnaçılara, onların əlaltı brokerlərinə vaxtında hörmət göstərmirsən, mal qalır anbarda, ya maşında, günlər-aylar keçir, əməllicə zibilə düşürsən və bu məqamda idarənin qabağından keçəndə görürsən qapıya yazılıbdır: “filan-beşməkan və Ticarətin asanlaşdırılması idarəsi”. Bunu görəndə adamı mütləq dəli gülmək tutmalıdır. Gülməyin gömrük rüsumu hələlik yoxdur, nə qədər istəyirsən gül da bə. Ölənəcən, qarnın cırılanacan gül.

Elə yazını da bir saqqallı lətifə ilə bitirmək fikrindəyəm: “Dünya gömrük işçiləri arasında sorğu keçirilir, sual verilir ki, "BMV" almaq üçün onlara nə qədər vaxt lazımdır. Alman deyir iki ilə maaşımdan toplasam ala bilərəm. İngilis deyir üç ilə alaram. Növbə çatır azərbaycanlı gömrükçüyə, deyir mənə on il vaxt lazımdır. Jurnalistlər soruşur ki, niyə belə uzun müddət, bəyəm sizdə maaşlar o dərəcədə aşağıdır? Azərbaycanlı deyir: “Yox, ancaq "BMV" yekə şirkətdir axı".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR