İnsanlara hürriyət, millətlərə istiqlal!

Cümə günü, ayın 13-də...

2153 13.05.2022 08:10 Yazarlar A A

Birincisi, biz bu gün gərək küçədə-bayırda ehtiyatlı dolaşaq. Nəyə görə? Çünki ayın 13-ü, üstəlik cümə günüdür. Akademiklərimizin elmi araşdırmalarına görə də ayın 13-ü cümə gününə düşəndə fəlakətlərin baş verməsi ehtimalı yüz qat, min qat artır.

İkincisi, Şuşada folklor festivalı keçirilir, o münasibətlə bir xalq yaradıcılığı nümunəmizi burada dərc edirəm, böyüklər üçün daha gecdir, ancaq evdə-eşikdə burnufırtıqlıdan, aşırmaşalvarlıdan kim varsa, verin oxusunlar, əzbərləsinlər, gələcək həyatları xoş keçsin: “Baş barmaq, Başala barmaq. Uzun hacı, Qılturacı, Xırdaca bacı. Bu vurdu, Bu tutdu, Bu bişirdi, Bu yedi, Vay, bəbəyə qalmadı”.

Təbii ki, bu cür folklor nümunələri keçmiş zamanlarda, bəylərin, xanların, AXC-Müsavatın dövründə yaranmışdır, indi hər kəsin, o cümlədən bəbələrin haqqı dövlətimiz tərəfindən tanınır. Uşaq başına düşən şirniquş sayına görə ölkəmiz Avropada birincidir. Hətta bəzən şirniquşlar artıq qalır, böyüklər də sümürür. Sözüm bunda deyil.

Üçüncüsü, Azərbaycanda iqtisadiyyatda monopoliyanın, inhisarın olması haqda dızıldaşmalar çox düşür. Guya belə mənfi hallarla üzləşirik. Mən o adamlara demək istəyirəm ki, zəhmət çəksinlər İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin dünənki açıqlamasını oxusunlar. Hətta nəinki oxusunlar, gözlərinə soxsunlar!

Üçüncü bəndin 1-ci hissəsi də zəruridir. Nəyə görə? Çünki mən bundan sonra İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin adını tam yaza bilmirəm, yoxsa köşəm inhisara alınar, içində başqa sözə yer qalmaz. O baxımdan icazənizlə idarəni kəsək, olsun İNAİBNDX. Hərçənd “Antiinhisar” yazanda xoş olurdu, elə bilirdim İstanbuldayam. “Hisar” hissəsinə görə.

Bəli, dünənləri İNAİBNDX cəsarət və əzmkarlıq göstərərək inhisarçı fəaliyyətinə görə dövlət neft şirkətini cərimə edibdir. 27 milyon 412 min 962 manat 15 qəpik. Bu cür dəqiqliklə. Deyir bu pulu neft şirkətindən alıb dövlət büdcəsinə keçirməliyik. Hansısa yanacaqdoldurma stansiyalarının şikayəti əsasında. Deyir bəzi YDM-lərə benzin vaxtında çatdırılmayıb, bəzilərinə isə çatdırılıb. Nəticədə bəziləri ziyana düşüb. Təfərrüatları uzun idi, hamısı yadımda qalmamışdır, hesab edirəm hörmətli oxucularımız üçün də maraqlı deyildir. Bizə maraqlı olan əsas cümlə budur: neft şirkəti monopolist addım atıbdır, dövlətin antimonopol (“hisar” yazmayım, bayaq anladınız) idarəsi də tutub bunun qulağını dişləyibdir.

Sən də elə bilirsən bizdə neft-qaz, YDM-PDM-filan - hamısı monopoliya altındadır. Fikirləşirdik büdcə neft gəlirləri əsasında formalaşır. Əgər elədirsə, neft şirkətimiz büdcəyə niyə cərimə ödəyir? Hamısı bir cib olsaydı, bu cibdən çıxarıb o birinə qoysaydılar, bu kimi tədbirlər necə baş verərdi? Buradan hansı nəticə çıxır? Ay sağ ol: ölkəmizdə qətiyyən inhisar yoxdur. Şeyxin qudasının 57 dəfə getdiyi həcc ziyarətinə and içərəm ki, yoxdur.

Əlbəttə, ola bilər bu, yeni dövlətçilik siyasətimizin addımlarındandır, bəlkə keçmişdə monopoliyalar varmış, daha olmayacaqdır. Keçmişdə belə pis işlər çox olurdu, məsələn, 3-4 il qabaq Paşinyan gəlib Şuşada çaxır içib ağnayırdı. Görüm indi içə bilirmi?

Sadəcə, mən bu İNSXDBXHN idarəsində çalışan quiqnqnm-lardan xahiş edirəm monopolistlərlə bir az ehtiyatla mübarizə aparsınlar. Nə üçün? Çünki birdən neft şirkəti əsəbləşdi, o da götürdü büdcəyə verdiyi neft gəlirlərinin qulağından kəsdi? Hərçənd pullar ora birbaşa girmir, əvvəlcə neft fonduna girir, sonra çıxır büdcəyə girir, lakin bunun elə dəxli yoxdur. Əsas maraqlı olan prosesdir, necə deyərlər.

Hələlik proses çox yaxşı gedir. Ləzzət alırıq. 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR