İnsanlara hürriyət, millətlərə istiqlal!

CSIS: Rusiya ordusunun itkiləri 1,4 milyona çatdı

994 02.07.2026 01:59 Dünya A A

Rusiyanın Ukraynaya qarşı müharibəsində itkilərinin miqyası ilə bağlı diqqətçəkən hesabat açıqlanıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi (CSIS) məlumat yayıb.

Hesabata görə, 2022-ci ilin fevralından 2026-cı ilin iyununa qədər Rusiya ordusunun ümumi itkiləri 1,4 milyon nəfərə çatıb. Buraya ölənlər, ağır yaralananlar və itkin düşənlər daxildir. Onlardan azı 450 min nəfərin həlak olduğu bildirilir.

CSIS analitiklərinin hesablamalarına görə, 2026-cı ilin ilk yarısında Rusiya ordusu ayda 30-34 min hərbçi itirib. Bu isə aylıq təxminən 27 min nəfər səviyyəsində qiymətləndirilən yeni müqaviləli hərbçilərin cəlb olunması tempini üstələyib.

Hesabatda qeyd olunur ki, Ukrayna ordusunun pilotsuz uçuş aparatlarından, o cümlədən süni intellekt elementləri ilə təchiz edilmiş dronlardan geniş istifadə etməsi nəticəsində itkilərin nisbəti də dəyişib. Əgər müharibənin böyük hissəsində bu göstərici 2-3:1 idisə, 2026-cı ilin ilk yarısında 8:1-ə yüksəlib.

Araşdırma müəllifləri bildirirlər ki, Ukraynada həlak olan Rusiya hərbçilərinin sayı ABŞ-ın İkinci Dünya müharibəsindən sonrakı bütün müharibələrdə verdiyi ümumi itkilərdən dörd dəfədən çox, SSRİ və Rusiyanın 1945-ci ildən sonra iştirak etdiyi bütün müharibələrdəki itkilərindən isə doqquz dəfədən artıqdır.

"İkinci Dünya müharibəsindən bəri heç bir böyük dövlət heç bir müharibədə buna yaxın itki verməyib. Bu, Rusiyanı tarixdə qaranlıq və görünməmiş bir rekordun sahibi edir", – deyə hesabatda vurğulanır.

CSIS qeyd edir ki, böyük itkilərə baxmayaraq, Rusiya ordusu hələ də Ukrayna müdafiəsini yarmağa nail ola bilməyib. Hazırda hücumun tempi xeyli zəifləyib. Analitiklərin məlumatına görə, Rusiya qüvvələri Konstantinovka istiqamətində sutkada orta hesabla 50 metr, Pokrovsk yaxınlığında 70 metr, Slavyansk istiqamətində isə 90 metr irəliləyə bilir. Hesabat müəllifləri bunu son yüz ilin ən zəif hücum templərindən biri adlandırırlar.

Bundan başqa, 2026-cı ilin yazında Rusiya ordusu 2024-cü ilin avqustundan bəri ilk dəfə ələ keçirdiyindən daha çox ərazi itirib. Aprel və may aylarında xalis ərazi itkisi təxminən 400 kvadratkilometr olub. Hazırda Rusiyanın nəzarətində Ukrayna ərazisinin təxminən 118 min kvadratkilometri (ölkə ərazisinin təxminən 20 faizi) qalır. Bunun 75 min kvadratkilometri 2022-ci ilin fevralından sonra işğal edilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR