İnsanlara hürriyət, millətlərə istiqlal!

Çinin əmlak bazarında çöküş davam edir: 1 trilyonluq plan işə düşür

582 16.11.2023 13:27 Dünya A A

Oktyabrda Çinin iri şəhərlərində yeni mənzillərin qiymətləri 0,4 faiz ucuzlaşıb.

Musavat.com xəbər verir ki, Honq-Konqun “South China Morning Post” qəzetinin məlumatına görə, bu, Çində mənzil qiymətlərinin 0,5 faiz ucuzlaşdığı 2015-ci ilin fevralından bəri ən kəskin enmədir.

Çinin 70 böyük şəhərində yeni mənzillərin qiymətləri dördüncü aydır ki, ucuzlaşıb. Sentyabrda bu göstərici 0,3 faiz azalıb. Qəzetin məlumatına görə, oktyabr ayında monitorinq aparılan 70 şəhərdən 56-da yeni evlərin qiymətləri ucuzlaşıb. Sentyabrda 54 yaşayış məntəqəsində azalma qeydə alınmışdı.

Bundan əvvəl Çin Xalq Respublikasının Dövlət Statistika İdarəsi yanvar-oktyabr ayları arasında Çində daşınmaz əmlaka investisiyaların ötən ilin eyni dövrü ilə müqayisədə 9,3 faiz azaldığını açıqlamışdı. “South China Morning Post”un məlumatına görə, oktyabr ayında Çinin 100 ən böyük inşaat şirkətinin mənzil satışları illik müqayisədə 27,5 faiz azalaraq 406,7 milyard yuana (təxminən 56 milyard dollar) düşüb. Nəşr həmçinin qeyd edir ki, Pekinin tədbirləri, xüsusən də ipoteka faizlərinin aşağı salınması və ilk ev alarkən ilkin ödənişin azaldılması bazarı canlandıra bilməyib ki, bu da daşınmaz əmlak sektorunda vəziyyətin daha da pisləşməsindən xəbər verir.

Bloomberg Agentliyi isə yazır ki, Çin daşınmaz əmlak bazarında onilliklərin ən böyük tənəzzülünü aradan qaldırmaq planına ən azı 1 trilyon yuan (137 milyard dollar) xərcləməyə hazırlaşır: “Çin daşınmaz əmlak bazarına dəstək tədbirləri olaraq ucuz mənzillərin tikintisi və “şəhər kəndlərinin” yenidən inkişafı üçün milli proqramlara ən azı 1 trilyon yuan (137 milyard dollar) aşağı qiymətli maliyyələşdirmə (1,65 faiz - 1,75 faiz, baza dərəcəsi 3,45) təmin etməyi planlaşdırır”.

Bu, baş nazirin müavini He Lifengın təşəbbüsünün bir hissəsidir. Bu plan sayəsində Çin səlahiyyətliləri daşınmaz əmlak bazarında son onilliklərin ən böyük tənəzzülünü aradan qaldırmağı planlaşdırır. Ölkənin Xalq Bankı bu pulları mərhələli şəkildə banklar vasitəsilə təmin edəcək. Nəticədə mənzil almaq üçün ev təsərrüfatlarına vəsait daxil olacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR