İnsanlara hürriyət, millətlərə istiqlal!

Çingiz Qənizadə: Aprel döyüşləri tarixi Qələbəyə aparan yolun başlanğıcıdır

243 04.04.2023 13:16 Siyasət A A

2020-ci il noyabrın 10-da işğalçı Ermənistan üzərindəki tarixi Qələbəmizin başlanğıc yolu hesab edilən 2016-cı ilin Aprel döyüşlərindən 7 il keçir. Bu döyüşlər, həm də şanlı Zəfərimizi yaxınlaşdırdı, Ordumuzun gücünü dünyaya nümayiş etdirdi. Eyni zamanda, özünü məğlubedilməz kimi tanıdan Ermənistan ordusunun bu xülyasının darmadağın edilməsi istiqamətində çox önəmli tarixi addım oldu. Ermənistan silahlı qüvvələri xarici havadarlarına arxayın olaraq, həmişə Azərbaycana qarşı təxribatlar törədir, günahsız insanları qətlə yetirir, terror aktları həyata keçirir. Bu dəfə də sərhədboyu ərazilərdə təxribatlar törədərək, Azərbaycana qarşı ərazi iddialarını daha da genişləndirəcəklərini düşünürdülər, amma bu dəfə xəbis niyyətləri ürəklərində qaldı. Azərbaycan Ordusu tərəfindən elə bir qulaqburması aldılar ki...

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Komitə sədri deyib ki, Azərbaycan cəmi 4 gün davam edən döyüşlərdə işğalçı ölkənin ordusuna elə zərbə vurdu ki, düşmən silah-sursatını atıb qaçdı və canını güclə qurtardı. Dörd gün ərzində şanlı Ordumuz Füzuli, Cəbrayıl və keçmiş Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2 min hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Yenilməz Ordumuz Aprel zəfəri ilə Ermənistanın özü haqqında yaratdığı mifi darmadağın etdi: “Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sürətli əks-hücuma keçən qəhrəman Ordumuz qısa müddətdə düşmənə sarsıdıcı zərbələr vurdu. Strateji əhəmiyyətli bir neçə yüksəklik və yaşayış məntəqəsi, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən Lələtəpə yüksəkliyi azad edildi. Bununla yanaşı, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Goranboy rayonunun Gülüstan, Tərtər rayonunun Qazaxlar və Suqovuşan kəndləri istiqamətində yollar düşməndən azad olundu”.

Hüquq müdafiəçisi diqqətə çatdırıb ki, Aprel döyüşləri Ordumuzun gücünü, əsgər və zabitlərimizin vətənpərvərliyini, bir qarış torpağımızın düşmənə verilməməsi yolunda sinələrini sipər etmələri, hər cür fədakarlığa hazır olduqlarını dünyaya nümayiş etdirdi. Bu parlaq qələbə nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin təhlükəsizliyinin gücləndirilməsi, dövlətimizin başçısının iradəsi və tapşırıqları ilə qısa zamanda kəndin ərazisinin minalardan təmizlənməsi, orada aparılan bərpa-quruculuq işləri, 2017-ci ilin yayında cəbrayıllıların doğma yurda qayıdışı tarixi hadisələr idi.

Ç.Qənizadə Prezident, Ali Baş Komandan İlham Əliyevin bu tarixi qələbəni yüksək qiymətləndirdiyi bir sıra məqamları da diqqətə çatdırıb. Prezident Lələtəpədə hərbçilərlə görüşdə deyib: “Ordumuzun döyüş qabiliyyəti ilə bərabər, vətənpərvərlik ruhu da yüksəkdir. Biz öz torpağımızdayıq, bura Azərbaycandır. Lələtəpə də Azərbaycandır, Şuşa da Azərbaycandır, Xankəndi də Azərbaycandır. Biz öz torpağımızdayıq. Heç bir ölkənin torpağında gözümüz yoxdur. Ancaq biz öz torpağımızda ikinci erməni dövlətinin yaranmasına heç vaxt imkan verməyəcəyik. Aprel döyüşləri bunu bir daha sübut etdi”.

Hüquq müdafiəçisi bildirib ki, Aprel döyüşləri, həm də dövlətimizin, xalqımızın, Ordumuzun gücünü göstərən qələbə oldu. Dörd günlük döyüşlərdən sonra Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində və bir sıra strateji əhəmiyyətli yüksəkliklərdə 25 ildən sonra Azərbaycan bayrağı dalğalandı. Bu döyüşlər bir daha sübut etdi ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcək. Biz 2020-ci ildə 44 günlük Vətən müharibəsində bunun şahidi olduq. Təkcə biz yox, dünya ictimaiyyəti də şahid oldu ki, Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaranmasına heç vaxt imkan verməz.

“Aprel qələbəsi Azərbaycan Ordusunun gücü qarşısında aciz qalan Ermənistana ciddi mesaj idi. İşğalçı ölkə bu döyüşlərdəki acınacaqlı məğlubiyyətdən nəticə çıxarmalı, nəhayət, işğalçılıq siyasətinə son qoymalı idi. Təəssüf ki, məkrli düşmən bu mesajdan özü üçün ibrət dərsi götürmədi. Aprel döyüşlərindəki məğlubiyyətdən özünə gəlməmiş növbəti təxribata əl atdı. Bu dəfə qarşısında “dəmir yumruğ”u gördü. 2020-ci ilin 44 günlük Vətən müharibəsində işğalçı Ermənistan ordusunun başını əzən bu “dəmir yumruq” düşmənin illər boyu yaratdığı mifi darmadağın etdi. Ermənistan yenilməz Azərbaycan Ordusu qarşısında diz çökdü”, – deyə Ç.Qənizadə bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR