İnsanlara hürriyət, millətlərə istiqlal!

Çexiya parlamentində anti-Azərbaycan əhvalı

1177 31.05.2024 11:57 Siyasət A A

Spikerin ardınca vitse-spiker də erməni sevgisini gizlətməyib; Milli Məclis etiraz məktubu göndərib, deputatın isə izahı var...

Fransadan sonra Çex Respublikasından da Azərbaycana qarşı ittihamlar var. Ölkənin aşağı palatasının - Çex Respublikası Parlamentinin Deputatlar Palatasının vitse-spikeri Yan Bartoşek “fərqlənməyə” çalışıb. Ermənistanın Çexiyadakı səfiri Aşot Hovakimyanla görüşdən sonra Bartoşek “X” mikrobloqunda Ermənistanı unutmamaq lazım olduğunu yazıb. 

Azərbaycanın ərazi bütövlüyünü təhrif edən çex deputat deyib ki, guya Qarabağ Azərbaycanın “işğalı altındadır”, guya “insan hüquqları” pozulub, oradan “yüz minlərlə” “qaçqın gəlib”. Bartoşek yazıb ki, yerli mətbuatda bu haqda az danışılsa belə, ermənilərin humanitar yardıma ehtiyacı var. Bu ilin yanvarında Çexiya parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova da Ermənistan səfərində iki ölkə arasında münasibətlərə xələl gətirə biləcək mövqe sərgiləmişdi.   

Halbuki bir ay əvvəl Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Çex Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Yan Lipavski ilə görüşü olub. Azərbaycanla Çexiya arasında mövcud yüksək səviyyəli siyasi dialoqun, dövlət və hökumət, eləcə də parlamentlər səviyyəsində nümayəndələrin qarşılıqlı səfər və təmaslarının həm ikitərəfli, həm də çoxtərəfli platformalar çərçivəsində əlaqələrimizin inkişafına təkan verdiyi vurğulanıb. Bununla yanaşı, ikitərəfli iqtisadi komissiyanın işinin daha da intensivləşməsinin əhəmiyyəti qeyd olunub. Regionumuzda münaqişədən sonrakı vəziyyət, eləcə də mina təhdidi, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə qarşı tərəfə ətraflı məlumat verilib. Habelə, ötən il iki ölkənin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Ağdamda olmuşdular. 

Çexiya-Azərbaycan Parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun rəhbəri Yan Kubik Azərbaycana, o cümlədən, işğaldan azad olunmuş Ağdam rayonuna səfərləri, keçirdiyi görüşlərlə bağlı təəssüratlarını bölüşmüşdü. O, ölkələrimiz haqqında həqiqətlərin, məlumatların ictimaiyyətə doğru çatdırılması, parlamentlərimiz arasında əlaqələrin genişləndirilməsi baxımından bu cür səfərlərin önəmini qeyd etmişdi. 

Bəs nə üçün çex parlamentində spiker və sonra vitse-spiker səviyyəsində böhtanlar yağdırırlar? Rəsmi əlaqələrə zərər vurulmasında hədəf nədir? Ümumiyyətlə, Çexiyaya nə düşüb ki, Qarabağ, oradan öz xoşu ilə gedən ermənilər haqda fikir bildirirlər? 

Onu da deyək ki, hələ 2017-ci ildə parlamentin aşağı palatası “erməni soyqırımı”nı pisləyən qətnamə qəbul edib. Həmçinin 2021-ci ildə bir neçə ermənipərəst deputat Azərbaycan tərəfinə müharibə zamanı əsir düşən bütün hərbi və mülki şəxslərin qeyri-şərtsiz Ermənistana qaytarılmasına dair çağırış edib. 

Elnur Allahverdiyev kimdir? - Deputat haqqında bilmədiklərimiz - ƏTRAFLI |  KONKRET

 Elnur Allahverdiyev

Yeri gəlmişkən, Milli Məclisin Çexiya ilə Parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun rəhbəri Elnur Allahverdiyev qrupun üzvləri adından Çex Respublikası Parlamentinin Deputatlar Palatasının Çexiya-Azərbaycan Parlamentlərarası əlaqələr üzrə Dostluq Qrupunun üzvlərinə etiraz məktubu ünvanlayıb. Məktubda Çexiya parlamentinin Deputatlar Palatasının sədr müavini Yan Bartoşekin Ermənistanın səfiri Aşot Hovakimyanla görüşdə səsləndirdiyi fikirlər Milli Məclisinin Azərbaycan-Çexiya Parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun üzvlərinin dərin təəssüfünə səbəb olduğu bildirilib. Qeyd olunub ki, Yan Bartosekin səsləndirdiyi birtərəfli şərhlər həqiqəti əks etdirməməklə yanaşı, həm də  Azərbaycan və Çexiya parlamentləri arasında son illər ərzində yaranmış və özünü doğrultmuş dostluq və əməkdaşlıq ruhuna ziddir: “Həmçinin belə görünür ki, cənab Bartosek keçmiş münaqişənin tarixinin əsil səbəbləri, habelə ötən 3 il ərzində regionda yaranmış yeni reallıqlardan və Ermənistan və Azərbaycan arasında sülh gündəliyi barədə məlumatsızdır. Dost ölkə parlamentinin Deputatlar Palatasının sədr müavini cənab Bartosek tərəfindən söylənən fikirlər ölkələrimiz arasında mövcud olan sağlam əməkdaşlığa və dostluq münasibətlərinə xələl gətirir”. Bildirilib ki, Azərbaycan-Çexiya Parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun üzvləri cənab Bartoşekin bəyanatını pisləyir və onun buraxdığı siyasi səhvi düzəldəcəyinə ümid edir.

Razi Nurullayev şirnikləndirici iş və biznes elanlarından DANIŞDI

Razi Nurullayev

Sözügedən işçi qrupunun üzvü olan deputat Razi Nurullayevin “Yeni Müsavat”a sözlərinə görə, Çexiya hökumətinin rəsmi mövqeyi bundan ibarət deyil. Onun fikrincə, ayrı-ayrı şəxslərin erməni lobbisinin təsiri altına düşməsi mümkündür: “Onlara hədiyyə alınması, hansısa dəstək verilməsi qarşılığında bu cür fikirlər səsləndirə bilərlər. Konkret olaraq, həmin şəxs haqda sübutum olmasa da, sual yaranır ki, vitse-spikerin belə danışmasında nə marağı ola bilər? Niyə bir çex deputat erməniyə sevgi göstərib, bizə nifrət etsin? Deməli, ya vəzifə, ya maddi vəd, yaxud biznes, seçkidə səs almaq maraqları ola bilər. Mənə belə gəlir ki, ayrı-ayrı şəxslərin bu cür fikir bildirməsi məhz belə maraqlardan irəli gəlir. Yoxsa nə üçün Çexiyanın deputatı bilmədiyi bir mövzuda tərəf saxlasın?” 

R.Nurullayev hesab edir ki, burada başqa vacib amil də var: “Mən Avstriyadan yeni qayıtmışam. Oradakı toplantıda da gördüm ki, Avropa cəmiyyətinin bir hissəsi yox, elə hamısı kim haqlı oldu-olmadı, erməniləri müdafiə edir. Üzündən belə sezmək olurdu ki, ermənilərin tərəfindədir. Hətta Azərbaycan haqda müsbət fikir bildirmək istəyirsən, haqlı suallar verirsən, yenə də ermənilərin tərəfini saxlayırlar. Bunu da xristian təəssübkeşliyi ilə əlaqələndirərdim. Ona görə bunu təkcə çex parlamentinin üzvlərinə aid etməzdim”.

Azər Həsrət: “Mənə dostluq atan çılpaq qızların dostlarının siyahısında  deputatları da görürəm” Pravda.az

Azər Həsrət 

Siyasi şərhçi Azər Həsrət isə hesab edir ki, çex deputatlar məsələdə naşıdır, ümumiyyətlə, bölgəmizlə bağlı məlumatsızdır, yalan məlumatların qurbanıdır. Onun fikrincə, Azərbaycanın Çexiyadakı səfirliyi bu məsələ ilə birbaşa məşğul olmalıdır: "Əlbəttə, bunu hamı haqqında demirəm, amma ümumiləşdirəndə görürük ki, əksər ölkələrdə bizim səfirliklərimiz “fil qulağında” yatır. Adamların bəzən mətbuatla əlaqəsi olmur. Yəni ona görə də ermənilər bundan sui-istifadə edirlər və o boşluğu doldururlar. Bu da həmin hallardan biridir. Axtarsaq görəcəyik ki, əslində o açıqlamanı verən adamın bizim bölgəmizdən xəbəri yoxdur".

Emil SALAMOĞLU,
“Yeni Müsavat” 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR