İnsanlara hürriyət, millətlərə istiqlal!

Cəriməni hakimlər ödəsin

1544 31.05.2023 09:54 Yazarlar A A

“Dövlət ağıllının nökəridir, axmağın ağası”

(ata sözü)

Belə rəvayət edirlər ki, keçmişdə bəzi ölkələrdə körpü tikəndən sonra ilk sınaq zamanı ustanı körpünün altında qoyurmuşlar. Əgər araba, adamlar keçəndə körpü uçsa, qoy həm də usta ölsün məntiqi ilə. Bu da ustalarda işlərinə məsuliyyət yaradırmış.

Molla Nəsrəddində də oxşar lətifə var, tam yadımda qalmayıb, özəti belədir: padşah yemək konkursu keçirdir, Molla nəsə ağzına gələn bir resepti yazıb göndərir. Padşah qəzəblənir, həmin yeməyi Mollanın özünə yedirir. Molla baxır çox ürəkbulandıran, yemək mümkün olmayan bir şeydir, deyir mən bunun nəzəriyyəsini bilirdim, əməliyyəsini yox.

Sözü nəyə gətirirəm? “Tərtər işi”ndə günahsız yerə işgəncələrə məruz qalan, həbsdə yatan bir neçə hərbçimiz bəraət alıb, məhkəmə onlara dəyən zərərin maddi baxımdan ödənilməsi qərarını verib. Örnək üçün, 5 il 6 ay qazamatda saxlanılmış bərdəli “MAXE” (müqaviləli əsgər) Müşfiq Əhmədliyə 123 min 486 manat kompensasiya ödənilməlidir. Bunun çox olduğunu düşünsəniz səhv edərsiniz. Çünki həmin pul belə hesablanıb: 66 min manat həbsdə olduğu hər ay üçün 1000 manatdan götürməklə, üstəgəl, maddi ziyan üçün 57 min 486 manat. Sadəcə, düşünün ki, 1 adamın bizim türmələrdə 1 ay qalması onun ailəsinə, sağlamlığına, gələcəyinə neçəyə başa gəlir. Hələ heç mənəvi ziyanı-zadı hesablamıram, hesab edək bizdə bu ziyan aşağı olar, çünki camaatımız əksinə, türmədə yatıb-çıxana hörmət eləyir. 

Başqa 2 əsgər də var, ümumilikdə bunlara 361 min manat ödənməlidir. Lakin dövlət heç 1 manat da ödəmək istəmir. Maliyyə Nazirliyi məhkəməyə cavab göndərib ki, bu şəxslərə biz ziyan vurmamışıq, ona görə pulu ödəmirik.

Əcəb işdir. Sanki söhbət Maliyyə Nazirliyinin öz şəxsi pulundan gedir. Adamlara ziyanı vuran, qanunsuz mühakimə edən və türmədə saxlayan dövlətdir. Nazirlik və ona idarə  etmə üçün verilən pullar da dövlətindir. Lakin kompensasiya ödəmək lazım gələndə, deyirlər “bizlik deyil, biz tutmamışıq, gedin tutanlardan alın”.

Prinsipcə, burada dolayısı ilə həqiqət payı var. Hüquqi yox, hərfi mənada. Hüquqi baxımdan nazirlik pulları mütləq ödəməlidir, yuxarıda yazdığım kimi, hələ cərimə az yazılıb. Bəs həqiqət payı nədədir?

Ondadır ki, bu adamları 5-6 il qabaq qanunsuz hökmlərə məruz qoyan hakimlər, prokurorlar, müstəntiqlər öz keflərindədir. Niyə bizim qanunvericilikdə belə prosedur olmasın: bəraət verilən adama vurulmuş ziyanı ona qanunsuz hökm kəsənlər ödəməlidir. Başa düşürəm, bu, hakimlər üzərində bir növ təzyiq vasitəsi olar, tənzimləmək çətindir, ancaq niyə də olmasın? Bəlkə məsuliyyəti bu yolla hiss edərlər. Yoxsa hər il Avropa Məhkəməsi də azərbaycanlı hakimlərin qanunsuz qərarları üzrə onlarla cərimə kəsir, bu pulları dövlətimiz ödəməyə məcbur olur, həmin hakimlər isə ortada yeyib qıraqda gəzirlər. Xeyir ola? Dövlət büdcəmiz içinə siçan daraşmış taxıl anbarıdır, hərə bir yandan talamalıdır? Ən azı kompensasiyanın yarısını, hansısa hissəsini hakimlərə şəlləməliyik. Maşallah, hərəsinin topdağıtmaz villaları, bahalı maşınları, milyonları var. Canları çıxmaz.

Zığ şossesində təzəlikcə faciəli yol qəzası oldu. Gecənin qaranlıq vaxtı yolu keçən 3 nəfəri maşın vurdu, öldülər. Orada küçə işıqlanması yoxmuş, sürücü piyadaları görə bilməyib. Şahidlərin, ərazidə yaşayanların sözlərinə inansaq, bu ilk belə qəza deyilmiş. İndi mən soruşuram: nəyə görə belə hallarda cəzanı, cəriməni yalnız sürücü çəkməlidir? Bəs yol idarəsinin, yerli icra orqanının, bələdiyyənin, lap elə yol polisinin günahı yoxdurmu? Dövlət orqanları yolun təhlükəsizliyini, o cümlədən işıqlanmasını təmin etməlidir. Ağac kəsənləri cərimə edirik, lap yaxşı. Adamların ömrünü kəsənləri niyə cərimə etmirlər?

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR