İnsanlara hürriyət, millətlərə istiqlal!

Cənnətdə iki hektar

1685 07.10.2023 08:56 Yazarlar A A

Təklif edirəm gələnilki bilik günündə şagirdlərə “150 min məktəbli dönəri” göndərək. Bu, ölkəmizdə elm və təhsilin inkişafına yüksək təsir edərdi.

Tibb işçiləri günündə xəstəxanalarımızdakı pasiyentlərə isə cənnətin qəbzini göndərmək lazımdır. Bu da dəxi 150 min dənə olsa bəsdir. Rəhmətlik Hikmət Hacızadənin bir kitabı var idi, hardansa gəldi yadıma düşdü: “Demokratiya haqda 150 min işarə”. Yəqin həmin kitabı təzədən çap edib müxalifətçilərimizə hədiyyə etməliyik. 150 min tirajla. Hərçənd, o qədər müxalifəti hardan tapacağıq, bunun özü sual altındadır.

Cənnətin qəbzi yazdım, yaxşı ağlıma gəldi: bugünlərdə “Şaurma nömrə 1" restoranlar şəbəkəsinin payçılarından Aqil Babayevin məhkəməsi yekunlaşmaq üzrədir, artıq hörmətli prokuror ona 13 il həbs cəzası istəmişdir. Aqil müəllim fantastik qabiliyyət yiyəsidir, özünü 13-cü imam elan edərək bir sürü ağıllını (40 nəfərə qədər - bunlara bir Əlibaba lazım imiş) barmağına dolamışdır, azı 2 milyon yarım pullarını ələ keçirmişdir. Tarixi hadisədir, kitablara düşəsi işlər var. Məsələn, zərərçəkənlərdən birinə arvadını boşamağı və ”Santa Fe" avtomobilini Aqil müəllimə bağışlamağı təlqin etmişdir. Əvəzində isə cənnətdə 2 hektar torpaq sahəsi vermişdir. Yəni, azacıq düşünün: bu saat bizim yollarda maşın sürənlər içində cənnətdə hektarla torpaq aldığına inananlar vardır. Bu şəraitdə yolu keçmək böyük riskdir. Biz hələ yaşayırıqsa, bəlkə Armstronq və Oldrinin ruhuna qurban kəsməliyik. Aydan bizim başımıza göy daşı itələyib salmasınlar deyə.

Bəli, hörmətli oxucular şübhəsiz mövzunun buraya gəlməsində bir hikmət olmasını anlamışdır. Bakıda astronavtika konqresi dünən işini başa çatdırdı. Gözəl tədbir idi, heyf, bitməsə daha yaxşı olardı. Şəhərimizə qonaq gəlmiş astronavtların Tibb Universitetində gələcək həkimlərlə maraqlı görüşü keçirildi. Astronavtlar gənclərə göydə iş tapmağa söz vermişdir, çünki orda maaş, bonus daha yaxşı olur. Bəzilərini də raketə qoyub Almaniyaya atacaqlar.

Görüşlər çox sıx qrafikdə idi. Məsələn, Biləcəridəki 297 saylı məktəbdə astronavtlar hasardan aşıb dərsdən qaçan şagirdləri böyük maraqla müşahidə etdilər. Orda təsərrüfat hissə müdiri Güloğlan müəllim hasarın üst hissəsinə maşın yağı sürtmüşdür ki, uşaqlar qaça bilməsin. Bəzi hissələrə tikanlı məftillər, butulka qırıqları, mismar, akasiya budaqları və sairə düzülmüşdür, lakin uşaqlar yenə qaçır. Amerikalı astronavt müxbirimizə heyranlıqla açıqlama verdi: “Biz açıq kosmosa çıxarkən heç bu qədər bacarıq, cəsarət nümayiş etdirə bilmirik”.

Əgər konqres bitməsə qonaqları rayonlarımızda aparılan dinc quruculuq işləriylə tanış etmək mümkün idi. Bu baxımdan, yaxşı olmazdımı ki, biz konqresi 10 il Bakıda təşkil edək? Söz əlaqədar təşkilatlarındır. Məncə bunu bacararıq. Hər cür imkanlarımız var. İqtisadiyyatımız güclüdür. Küçəni 10 ildir bağlayırıq, 10 il də göyü bağlayaq.

Elə 13-cü imamın konqres iştirakçılarıyla görüşünü, debatını düzəltmək pis olardımı? Qətiyyən. Bəlkə kainatın hansısa sirlərindən agah olardılar, cənnətdə hərəsi bir neçə hektar torpaq alıb, ev tikərdi.

Siz hələ bu topraq məsələsinə diqqət elədinizmi? Niyə görəsən biz cənnətdə də hansısa sahəni adımıza keçirməyə maraqlıyıq? Cənnətdə yer alıb ev tikəcəyik, hasarına gülbax daşından üzlük vuracağıq, sonra bir ay o daşları qaşıyıb tozu göyə bülənd edəcəyik... Cənnətdə ayrı maraqlarımız yoxdurmu?

Görəsən biz niyə ölmürük - sualım hələlik budur. Sual pis məqsədlə verilmir, tez ölsək torpağın çoxu bizə qalar. Birdən orda sahə qurtarsa?..

P.S. Bu yazını 150 min nəfərə göndərənə cənnətin mənzərəli yerindən 6 sot vəd edirəm.  

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR