İnsanlara hürriyət, millətlərə istiqlal!

Çağırışdan necə yayınırlar

1669 12.07.2023 11:48 Yazarlar A A

 

“Oğurluğa dayın evinə get, tutanda döyməsinlər”

(Azərbaycan ata sözü)

Xalqımızın vətənpərvərliyə münasibəti aydındır. Bu haqda dəfələrlə yazmışıq. Elə son olaraq Vətənpərvərlər Hərəkatının sədri Elşən müəllimin qazilərə qarşı dələduzluqda suçlanması diqqətimizi çəkmişdi.

Ancaq bizdə vətənsevərliyin ən mühüm istiqamətlərindən biri əsgərlik çəkməkdir. Hər bir azərbaycanlının anadan olandan orduya yazılmaq həsrəti ilə ürəyi döyünür. Analar oğlu olmasını məhz buna görə arzu edir, davamlı şəkildə UZİ aparatlarının xidmətindən yararlanır. Həmçinin Buzovnadakı butulka pirinin, Biləcəridən Seyid Zaminin, Füzulinin Merdinli kəndindən ağır seyid Mir Yalçın İslamzadənin yazdığı duaların da oğlan uşağı doğulması istiqamətində böyük faydası var.

O cümlədən camış qatığı yeyən arvadların oğlan doğmaq ehtimalı 75 faiz artır, biləsiniz. Bu haqda İranın Qum şəhərində tədqiqatlar aparılmışdır.

Sözümü nəyə gətirirəm? Hələ gətirməyim, bir-iki fakt qaldı. Bizdə əsgərlikdə olmayan adama qız vermirlər. Xidmət isə mütləq cəbhə xəttində olmalıdır. Yoxsa sən Mingəçevirdə, Biləcəridə, nə bilim, Şıx çimərliyində əsgərlik elə, bunlar kov sayılmır. Qarabağ savaşında da çoxlu sayda icra hakimi, nazir uşağı, deputatların nəvələri iştirak etdi, ölən öldü, qalan sağlar bizimdir.

Ancaq bütün bunlara baxmayaraq, iyul ayının 5-də Baş Prokurorluğun antikorrupsiya idarəsi Xaçmaz Hərbi Komissarlığında yoxlama apardı, rayon şöbəsinin rəisi Rahim Ağayevi tutdular (yəqin Rahim Qazıyevin qahımıdır). Sitat: “Rahim Ağayevin həmin vəzifədə işləyərkən çağırışçının sağlamlıq vəziyyəti ilə əlaqədar həqiqi hərbi xidmətə yararsız hesab edilməsinə köməklik göstərilməsi müqabilində vətəndaşdan tələb etdiyi 8 min manatın 5 min manatını rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib”. Baş Prokurorluğun Mətbuat xidmətinə bu erməni budaq cümləsinə görə heç də minnətdar deyiləm, sözgəlişi.

Mənə elə gəlir Rahim müəllim tələb etdiyi 8 min manatın hamısını ala bilsəydi tutmazdılar. Cəmi 5 min almışdır. Bu isə hazırda bizim qanunvericilikdə külli miqdarda rüşvət alma sayılır. 8 min al, biz də səninlə fəxr eləyək. Yoxsa bu nə deməkdir? Utanmırsan?

Lakin prokurorluq həmin günlərdə və daha sonra komissarlığın Laçın, Cəlilabad, Xəzər rayon şöbələrində də yoxlamalar aparmış, yenə çoxlu adam tutulmuşdur.

İndi bizdə - respublika ictimaiyyətində haqlı sual yaranır: komissar rüşvəti nə cür ala bilmişdir? Axı indiki vəziyyətdə bu, mümkün olmamalıdır? İzah edim.

Bax, universitetə qəbul üçün test imtahanı verilir. Prosesdə insan iştirakı çox azdır, hər şey kodlaşdırılır, nəticədə rüşvət az qala aradan qalxıbdır. Biz bildiyimizə görə, orduya çağırışda da təxminən oxşar proses olmalıdır. Sənədləri kompüterə verirlər, kim harada, hansı qoşun növündə qulluq edəcək, hamısını kompüter seçir. Yuxarıda yazdığım kimi, tarixən də bizdə bu cür olub, əks halda, savaş bölgəsinə deputatların uşaqları necə düşər, şəhid və qazi olardılar? Texnika “mən ölüm, sən öl”, “al bu beş manatı cibinə qoyu” qanmır ki. Bəs indiki komissarlar korrupsiyanı necə edir?

Bəzi versiya var ki, bunu həkimlərin əli ilə edirlər. Saxta sağlamlıq arayışı yazılır və sairə. İnandırıcı deyil. Bizim həkimlər saxtakarlıq etməz. Qatil olarlar, lakin rüşvət almazlar! Bu dərəcədə safdırlar.

Bəs sən vurmadın, mən yıxılmadım - on günə beş rayon komissarı necə fırıldaq çıxır? Bunun səbəbləri nədir?

Fikrimcə, əsas rolu təşkilatın adı oynayır. Baxın, mən bayaqdan “hərbi komissarlıq” yazıram, lakin bu doğru, qanuni yazılış deyi. O, əski addır. Hazırda bizim əsgərliyə çağırış idarəmizin adı böylədir: Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti.

Hətta qısa şəkildə yazsan, yenə respublikamızın ərazisinə yığışmır, bir ucu Zəngəzur dəhlizinə girir: SHXÇDX.

Əziz yoldaşlar, bu nədir? Niyə idarəyə ana dilimizə uyğun, qısa, dəqiq ad tapılmır? Nəsimi adına Dilçilik İnstitutunda oturan parazitlər hara baxır? Elementar bir sual: bir dövlət idarəsinin adında “xidmətə” və “xidməti” sözlərini yanaşı qoymaq ana dilimizin çağırışlarından yayınmaq deyilmi?

Uşağın adını Mamed qoyuruq, sonra deyirik Putini Qarabağdan nə cür çıxaraq.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR