Finlandiyalı sosial media məzmun istehsalçısı və təmizlik mütəxəssisi Auri Kananen ehtiyac sahibi insanların evlərini heç bir ödəniş almadan təmizləməklə başladığı layihəni milyonlarla avro gəlir gətirən biznesə çevirib.
Musavat.com xəbər verir ki, "Aurikatariina" adı ilə tanınan Kananen dünyanın müxtəlif ölkələrində ağır çirklənmiş, baxımsız vəziyyətə düşmüş evləri pulsuz təmizləyir və bu prosesi videoya çəkərək sosial şəbəkələrdə paylaşır. Onun videoları milyonlarla baxış toplayır və geniş auditoriyanın diqqətini cəlb edir.
Məlumata görə, Kananenin YouTube, TikTok və Instagram platformalarındakı ümumi izləyici sayı 25 milyonu keçib. Bu populyarlıq sayəsində o, təmizlik məhsulları istehsalçıları ilə iri sponsorluq müqavilələri bağlayıb və reklam gəlirləri əldə etməyə başlayıb.
2025-ci maliyyə ilində Kananenin yaratdığı media şirkətinin dövriyyəsi 1 milyon avronu ötüb. Gəlirlər reklam müqavilələri, brend əməkdaşlıqları və müxtəlif məhsul satışlarından formalaşıb.
Onun fəaliyyətinin diqqət çəkən tərəflərindən biri də yalnız təmizliyə fokuslanmamasıdır. Videolarda istifçilik, ağır depressiya və fiziki məhdudiyyətlər səbəbindən yaşayış sahələrini idarə etməkdə çətinlik çəkən insanların hekayələrinə də yer verilir. Bu yanaşma layihənin sosial təsirini daha da artırıb.
Əldə olunan gəlirin bir hissəsi çəkiliş xərclərinə və beynəlxalq səfərlərə yönəldilsə də, müəyyən hissəsi ehtiyac sahibi ailələrə mebel və məişət əşyaları alınmasına sərf olunur.
Beləliklə, insanlara yardım məqsədilə başlayan sadə bir təşəbbüs sosial medianın gücü ilə beynəlxalq miqyasda uğurlu biznes modelinə çevrilib.
Musavat.com






